İcra başçılarının səlahiyyətləri azaldılır?
Ötən dövr ərzində bir çox icra başçısı yarıtmaz fəaliyyəti, rüşvət və korrupsiya bataqlığına düşməsi səbəbilə vəzifəsindən azad edildi. Bənzər hadisələrin qısa zaman kəsiyində yaşanması cəmiyyətdə icra başçılarına qarşı böyük qəzəb doğurdu. Nəticədə isə icra hakimiyyətlərinin tam ləğvi tələbi gündəmə daşındı. Hətta ötən il dövlət başçısının Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalaması isə məsələni daha da tətiklədi.
İcra hakimiyyətləri ilə bağlı daha bir önəmli hadisə dekabrın 10-da yaşandı. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə yerli icra hakimiyyəti başçılarının səlahiyyəti azaldıldı. Artıq yerli icra hakimiyyəti başçısı Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətini itirib.
Maraqlıdır, mövcud fərman icra hakimiyyətlərinin ləğvini tezləşdirə bilərmi?
Mövzu barədə fikirlərini Oxu.Az-la bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov ilk olaraq diqqətə çatdırıb ki, 2018-ci il prezident seçkisindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başladı:
“Hazırda da davam edən bu islahatlar kadr, struktur və idarəçilik modelinə yeni baxışı ehtiva etməklə hakimiyyətin bütün qollarını əhatələməkdədir. Bilirsiniz ki, islahatların tərkib hissəsi kimi, Prezidentin xüsusi nümayəndəliyi institutu formalaşdırılıb və İlham Əliyevin də qeyd etdiyi kimi, bu struktur özünü doğruldub. Əgər nümayəndəlik institutu təcrübədə səmərəli və çevik struktur kimi özünü göstərə bilirsə, demək ki, gələcəkdə digər ərazilərimizdə də bu idarəçilik formasına müraciət oluna bilər.
Konstitusiyanın 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaratmaq Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətinə aid məsələdir”.
Bütövlükdə yerli icra orqanlarının nümayəndəlik institutu ilə əvəzlənməsinə gəldikdə isə millət vəkili qeyd edib ki, bu istiqamətdə ehtimallar üzərində danışmaq doğru olmaz:
“Yerli icra orqanları Konstitusiya ilə təsbit edilmiş institutdur. Bu institutun tam şəkildə idarəçilik sistemindən çıxarılması yalnız konstitusion dəyişikliklərlə mümkündür. Konstitusiyanın 152-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. O ki qaldı hazırda yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinin azaldılması məsələsinə, Konstitusiyanın 124-cü maddəsi ilə yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Yəni yerli icra hakimiyyətinin səlahiyyətinin azaldılmasında fövqəladə bir məqam yoxdur, səlahiyyətlər itmir, sadəcə, yaradılan regional orqanlara verilir.
Biz bu məsələlərə praqmatik yanaşmalı, prosesləri süni formada şişirtməməliyik, anlamalıyıq ki, hüquq münasibətləri inkişaf etdikcə tənzimləmə də bu dəyişikliklərə uyğun şəkildə gedir, o cümlədən də struktur yeniləmələri aparılır və bundan sonra da aparılacaq”.