İkram Kərimov: “Hakimlərin böyük əksəriyyəti savadlı və ədalətlidir” – MÜSAHİBƏ

Əməkdar hüquqşünas İkram Kərimovun e-huquq.az-a müsahibəsi…

– İkram müəllim, siz uzun illər məhkəmə hakimiyyəti orqanlarında fəaliyyət göstərmisiniz. Həyatınızın ən məhsuldar dövrü kimi hansı dövrü hesab edirsiniz?

– Hüquqşünas kimi həyatımın ən məhsuldar dövrü istintaq işlərini apardığım illəri hesab edirəm. 1966-78-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində işləmişəm. 1978-87-ci illərdə isə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi olmuşam. O dövrdə istintaqını apardığım işlər əsasən yüksək vəzifəli şəxslər barəsində dövlət əhəmiyyəti kəsb edən hadisələr, eyni zamanda ağır nəticələrə səbəb olan üstübağlı ölüm işlərinin istintaqı ilə əlaqədar olub. Bu işlərin dairəsi bəzən respublikadan kənara çıxıb, Rusiya, Gürcüstan, Ermənistanı əhatə edib. İstintaqını apardığım işlər uğurlu nəticələrlə tarixdə qalıb. Həmin işlərin əksəriyyəti SSRİ Baş prokurorunun nəzarətində olub. Üstübağlı iki cinayət işi üzrə apardığım istintaqa görə ittifaq miqyasında tanınmışam. 1970-ci ildə istintaqını apardığım ağır bir cinayət hadisəsinin üstünün açılmasına görə SSRİ Prokurorluğu tərəfindən mənə növbədənkənar ədliyyə müşaviri rütbəsi verildi. SSRİ Prokurorluğunun 50 illliyi münasibətilə barəmdə qəzetdə məqalə dərc olundu. Bu, gənclər arasında böyük bir rezonansa səbəb olmuşdu. Çünki ona qədər bir qayda olaraq belə məlumatların mətbuatda dərc olunmasına icazə verilmirdi. İşim çox ağır idi, lakin göstərilən diqqət məni həvəsləndirirdi. Bəzən aylarla evdən uzaq düşürdüm, ailəmi görə bilmirdim. Çətin hava şəraitində işləməli olurdum. Müəyyən yaşa dolduqdan sonra hiss edirdim ki, bu işə dözmək çətindir. Bakı şəhər prokurorunun birinci müavini işlədiyim dövrdə də işim çox ağır idi. Axşamdan səhər görəcəyimiz işlərlə bağlı özüm üçün qeydlər aparırdım. Amma səhər gəlib görürdüm ki, elə hadisələr olub ki, heç axşam plandadığım işlərə baxmağa vaxtım qalmırdı. Bax belə çətin, lakin yaddaqalan və məhsuldar fəaliyyətim olub. Qeyd etdiyim dövr və sonrakı fəaliyyətim barəmdə bütün maraqlı məqamlar “Zirvədən-Zirvəyə” adlı 3 cildlik kitabımda öz əksini tapıb. Dünyanın bir çox ölkələrindən mənə zənglər gəlir, kitablarımla maraqlanırlar, əldə etmək istəyirlər. Bu gün məni çoxları tanıyır. Yolda, küçədə yaxınlaşırlar, söhbət edirlər, şəkil çəkdirmək istəyirlər.

– Bəs hakim kimi çalışdığınız dövrü necə xatırlayırsınız? Yadda qalan hansı maraqlı məhkəmə işləriniz olub?

– Mən 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində işləmişəm. Bu 25 il ərzində çox yaddaqalan işlər olub. Hamısı barədə danışmağa vaxtımız çatmaz. Lakin maraqlı olan bir neçəsini xatırlamaq istərdim. Demək, 90-cı illərin ortalarında qadınların baş örtüyü ilə pasport üçün şəkil çəkdirməsinə icazə verilmirdi. Bir qrup şəxs bununla bağlı məhkəmədə iddia qaldırmışdı. İşə Nəsimi Rayon Məhkəməsində baxılmışdı və iddia təmin olunmuşdu. Təbii ki, icra orqanları bu qərarla razılaşmamışdı və iş şəhər məhkəməsinə gəlib çıxmışdı. Deməli, rus dilində yazılmış qanunda qeyd olunurdu ki, pasport üçün fotoşəkil çəkdirən zaman “başı açıq” olmaq tələb olunur. Bizim dilə tərcümədə bu tələbi “papaqsız” kimi qeyd etmişdilər. Biz də o sözdən yapışdıq ki, çalma papaq deyil. Ona görə də baş örtüyü ilə şəkil çəkdirmək olar. Beləcə rayon məhkəməsinin qərarını qüvvədə saxladıq. Lakin sonradan Ali Məhkəmə bizim çıxardığımız qərarı ləğv etdi və icra orqanının iddiası təmin olundu. Əslində bu iş göstərdi ki, qanun özü də ədalətli olmalıdır və dövrün tələblərinə uyğun təkmilləşdirilməlidir. Çünki qanunda “papaqsız” sözünü dəyişib “başı açıq” kimi yazsaydılar, onda belə anlaşılmazlıq da yaranmazdı və məsələ daha asan həll olunardı.

Yadda qalan başqa bir maraqlı iş isə soyuducu zavodunun vəzifəli şəxsinin qətlə yetirilməsi ilə bağlı idi. İşə baxan hakim gəlib dedi ki, bu işin istintaqı düzgün aparılmayıb, biz buna baxa bilmərik, işi geri qaytaraq. Mən iş materialları ilə tanış oldum və dəhşətə gəldim. Məlum oldu ki, istintaqçılar bu əməli başqa bir adamın boynuna qoyublar. Həmin adam isə istintaq vaxtı döyülərək öldürülüb. Bu işi çox təcrübəli bir hakimə həvalə etdim, hansı ki, o əvvəllər müstəntiq kimi çalışmışdı. İşə baxıldı və nəticədə həmin işin istintaqını aparan şəxslərin barəsində cinayət işi qaldırılaraq məhkum olundular. Belə bir təcrübə ilk dəfə idi yaşanırdı. Təqsirləndirilən şəxs, hansı ki, istintaq zamanı öldürülüb, onun barəsində işə bəraətverici əsaslarla xitam verildi. Hadisəni törədənlər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Bilirsiz, bu işə baxan hakim əvvəllər müstəntiq olmasa idi, bəlkə də cinayətin üstü açılmazdı. Amma hakimin əvvəlki təcrübələri bu işdə bizə çox kömək etdi. Ona görə mən həmişə deyirəm ki, cinayət işlərinə baxan hakimlər əvvəllər müstəntiq, prokuror kimi fəaliyyət göstərmiş adamlar olduqda daha yaxşı olur. Çünki o istintaqı bilir, iş necə araşdırılıb, harada səhv olub tez tutur.

Sizə nümunə çəkəcəyim başqa bir iş isə hakimin müstəqilliyinin, təsir altına düşməməsinin nə qədər vacib olduğunu göstərən hadisə olacaq. Belə ki, Televiziya Komitəsi 100-dən çox əməkdaşı işdən çıxarmışdı. Onlar məhkəməyə müraciət etmişdilər və iddia təmin olunmuşdu. Komitə sədri məhkəmə qərarını icra etməmişdi. İş gəlib şəhər məhkəməsinə çıxmışdı. O işlə bağlı mənə deyilmişdi ki, həmin şəxslərin heç biri işə bərpa olunmamalıdır. Mən sadəcə demişdim ki, çalışarıq qanunun aliliyini gözləyək. Hakimlər isə mənə bildirmişdilər ki, rayon məhkəməsində bu işə düzgün baxılıb. Soruşdular ki, bu işlə bağlı sizə nəsə deyilibmi? Dedim ki, yox, heç nə deyilməyib. Siz işə baxın və ədalətli qərar qəbul edin. Çünki istəmirdim onlar təsir altına düşsün. İşə baxıldı, rayon məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Televiziya Komitəsinin sədri yenə də qərarı icra etməkdən imtina etdi. Biz məhkəmə qərarını icra etmədiyinə görə onun barəsində cinayət işi qaldırdıq və məsuliyyətə cəlb etdik. Onun yerinə gələn yeni sədr qərarı icra etdi. Demək istədiyim odur ki, əgər mən işlə bağlı mənə tapşırıq verildiyini desəydim, onlar təsir altına düşərdi və ədalətli qərar qəbul edə bilməzdilər. Ona görə də hakim gərək dözümlü olsun, təsirlərə tab gətirsin. Məhkəmə sədri özü də düzgün adam olmalıdır, hakimlərə təsir etməməlidir. Mən sədr olduğum dönəmdə hakimlərə təsir etməyə çalışmamışam. Hansısa işlə bağlı məndən məsləhət alanda da demişəm ki, işi obyektiv, hərtərəfli araşdırın və ədalətli qərar qəbul edin.

– Sizin hakim kimi çalışdığınız dövrdə ölkəmizdə ölüm hökmü hələ ləğv olunmamışdı. Maraqlıdır, fəaliyyətiniz ərzində neçə belə hökmə imza atmısınız?

– Onlarla ölüm hökmü çıxarılmış işlərdə mənim imzam var. Bunlar təkcə hakim olduğum dövrdə baxılan işlər deyil. Həm müstəntiq, həm dövlət ittihamçısı, həm prokuror, həm də hakim kimi xeyli şəxsin ölüm cəzası almasına dair cinayət işlərinə imza atmışam. Əslində mən ölüm cəzasının əleyhinəyəm. İndi bəziləri deyir ki, qanunvericiliyə dəyişiklik edilsin, ölüm cəzası yenə tətbiq olunsun. Amma mən bununla razı deyiləm. Bunun da müxtəlif səbəbləri var. Birincisi, ona görə ki, məhkəmə səhvləri ola bilər. Bu, qaçılmazdır. İkincisi, hesab edirəm ki, ölüm hökmü verən adam da cinayəti törətmiş şəxslə özünü bərabərləşdirmiş olur. Çünki sən bu hökmü verməklə kiminsə ölümünə səbəb olursan. Üçüncüsü, ölüm cəzasının tətbiqi sui-istifadələrə səbəb ola bilər. Bəzi ölkələr var ki, bu cəzadan sui-istifadə edirlər. Məsələn siyasi rəqiblərinə ölüm cəzası verməklə onları aradan götürürlər. Ölüm cəzasına qarşı olmağımın başqa bir səbəbi isə odur ki, bu cəzaya məhkum edilmiş insanların əksəriyyəti çox sirlər bilmiş ola bilərlər. Biz bu sirləri onlardan almalıyıq. İnanın, o qədər olub ki, ölüm hökmü cəzası verilmiş şəxslər vasitəsilə müəyyən işlərin üstü açılıb. Məndə elə işlər olub ki, ölüm cəzası almış şəxs barədə hökmün icrasını 2 il dayandırmışam. Çünki başqa işin üstünün açılması üçün həmin adam bizə lazım olub. Biz onun ifadəsi nəticəsində ağır bir cinayət işinin üstünü açmışıq.

– Bildiyimiz qədər, siz yeni seçilmiş hakimlərin tədrisində müntəzəm olaraq iştirak edirsiniz. Gənc nəsil hakimlərdən razısınızmı? Onlara hansı tövsiyələriniz var?

 Gənc hakimlərin bəzilərini tanıyıram, onlardan vaxtilə mənim tabeliyimdə müxtəlif vəzifələrdə çalışanlar olub. Deyə bilərəm ki, çox savadlı gənc hakimlərimiz var. Onlarla qürur duymaq lazımdır. Biz yaşlı nəsil onlara diqqət və qayğı ilə yanaşmalı, büdrəmələrinə imkan verməməliyik. Bütün sahələrdə düzgün mövqedə olmayan insanlar olur. Hakimlər arasında da elələri ola bilər ki, bu peşənin tələblərinə tam cavab vermir. Amma böyük əksəriyyəti, xüsusən də yeni yetişən nəsil sağlamdır. Həmişə demişəm ki, hansı peşədə olmasından asılı olmayaraq, öz işini mükəmməl bilməlisən. Hakim çox savadlı, ədalətli insan olmalıdır. Hakim eyni zamanda nüfuzlu şəxs olmalıdır. O yüksək əxlaqi keyfiyyətləri özündə əxz etdirməlidir. Hakimin şəxsi keyfiyyətləri haqqında heç bir mənfi rəy olmamalıdır. Hakim dövlətin adından qərar çıxarır. Dövlət adından qərar qəbul edən şəxs digərlərindən fərqlənməlidir. Çünki hakimin məsuliyyəti əbədidir.

– Siz eyni zamanda Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədrisiniz. Buradakı fəaliyyətinizlə bağlı nə deyə bilərsiz?

– Aktiv vəkillik fəaliyyəti ilə məşğul deyiləm. Lakin hesab edirəm ki, vəkillərlə görüşlərim, onlara verdiyim tövsiyələr faydalıdır. Bu gün vəkillik sahəsində çox ciddi islahatlar aparılır, mühüm irəliləyişlər əldə olunub. Vəkillik insititutu güclənir, vəkillərin sayı artır, yeni-yeni vəkil büroları açılır. Təbii ki, vəkillik institunun inkişafında Anar Bağırovun rolu danılmazdır. Hesab edirəm ki, islahatlar bundan sonra da davam etməlidir. Çünki cəmiyyətin savadlı, peşəkar vəkillərə ehtiyacı var. Hüququ pozulan şəxs ilk növbədə vəkilə müraciət edir. Vəkil hakimdən, prokurordan, müstəntiqdən savadlı olmalıdır ki, ona müraciət edən vətəndaşların hüquqlarını sonadək müdafiə etməyi bacarsın. Vəkillərə hər zaman tövsiyəm odur ki, daim öz üzərlərində çalışsınlar, özlərini inkişaf etdirsinlər. Çünki qanunvericilik təkmilləşdirilir, müasir dövrün tələblərinə uyğunlaşdırılır. Vəkillər bütün bunlardan məlumatlı olmalıdır.

– İkram müəllim övladlarınız, nəvələriniz arasında sizin davamçılarınız varmı?

 Yox, məhz mənim kimi istintaqçı, prokuror və ya hakim olanı yoxdur. İki qızım, bir oğlum və on nəvəm var. Böyük qızım həkimdir, Daxili İşlər Nazirlyində çalışır. Digər qızım filoloqdur, Konstitusiya Məhkəməsində işləyir. O, həmçinin hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alır. Oğlum isə hüquq fakültəsini bitirib, hazırda Baş Prokurorluqda işləyir. Nəvələrimdən də hazırda ali təhsil alanlar var, lakin fərqli sahələr üzrə ixtisas seçiblər. Digərləri isə orta məktəbdə oxuyurlar.

– Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını necə qiymətləndirirsiniz?

– Mən ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını çox müsbət qiymətləndirirəm. İslahatlar bundan sonra da davam etməli və daha da genişlənməlidir. Çünki görüləsi işlər çoxdur. Məhkəmə-hüquq sistemi müasir dövrün tələblərinə uyğunlaşdırılır. Dünyada, ölkədə gedən inkişafdan geri qalmamalıdır. Sözümü müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sözləri ilə tamamlamaq istərdim: “Bu gün hər bir hüquqşünas bilməlidir ki, ondan birinci növbədə yüksək intellektual səviyyə, müstəqil Azərbaycan dövlətinə sədaqət, mənəvi saflıq və paklıq tələb olunur”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button