İlham Əliyev: “Düşmənə dəfələrlə demişdik, hələ ki, gec deyil, düz yola gəlin, silahı yerə qoyun”
Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr olunub. Ordumuzu gücləndirmək, onu ən müasirə silahlarla təchiz etmək lazım idi. Bu isə asan deyildi.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan edib.
İlham Əliyev bildirib ki, Azərbaycan ordusunun gücləndirilməsi istiqamətində çalışıb:
“ İlk növbədə çalışırdım ki, ordumuzu necə gücləndirək, ən müasir silahlarla necə təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir. Biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik.
Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması.
Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi. Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan, texnikalardan istifadə edib, düşmənin texnikasını məhv edirik. Lakin torpaqlarımızı Azərbaycan əsgəri azad edir! Azərbaycan əsgəri bir əlində bayraq, bir əlində silahla, sinəsini irəli verərək düşməni məhv edir. Eşq olsun bizim əsgərlərimiz. Biz belə ordu yaratdıq. Düşmənə dəfələrlə demişdik, hələ ki, gec deyil, düz yola gəlin, silahı yerə qoyun. Dəfələrlə demişdim ki, əgər bu münaqişə sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla həll olunacaq”.