İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.
Prezident İlham Əliyevin
çıxışı
– Cənab Sədr.
Cənab Baş katib.
Hörmətli dövlət və hökumət başçıları.
Mən cənab Abdulla Şahidi BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilməsi münasibətilə təbrik edir, ona vəzifəsinin icrasında uğurlar diləyirəm. Həmçinin qardaş Türkiyədən olan cənab Volkan Bozkıra BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri qismində liderliyinə görə dərin minnətdarlığımı bildirirəm.
COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir. Hökumətimiz ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir.
Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. Hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır.
COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib.
Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.
Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Biz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik.
Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Zirvə toplantısı zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr tarixlərində xüsusi sessiya baş tutdu. Təşəbbüslərimizi dəstəkləyən BMT-nin Baş katibi cənab Antonio Quterreşə və bütün dövlətlərə minnətdarlığımı bildirirəm.
Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.
Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.
Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.
Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik.
Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyidir. Qoşulmama Hərəkatının 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısında üç il ərzində Hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə edir. Bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il – 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir.
Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz Bakı Beynəlxalq Ticarət Limanını istifadəyə vermişik ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.
Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, biz Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanlarını araşdırırıq.
Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Mən digər beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət edirəm.
Mən azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru bu yaxınlarda Yaşıl Enerji Zonası elan etmişəm. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var.
Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilib. Bu gün biz dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edirik. Eyni zamanda, əhalimizin artması və iqtisadi inkişaf ilə əlaqədar daxili enerji istehlakı da artmaqdadır. Cari ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft sənayesi 18.4 faiz artmışdır.
Xanımlar və cənablar.
Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır. Mən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ili “Nizami Gəncəvi İli” elan etmişəm. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür.
Biz Azərbaycanda multikulturalizmi bir həyat tərzi olaraq qoruyur və dəstəkləyirik. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.
Xanımlar və cənablar.
Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu.
Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır.
BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.
ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi.
2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi. Bizim Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərimiz var idi. Biz Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idik. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin, Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi.
Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu.
Bundan əlavə, Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu.
Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı.
Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışımda mən xəbərdarlıq etmişdim ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”.
Bundan üç gün sonra – sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.
Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi.
Ermənistan, eyni zamanda, xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə edirdi.
44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram.
Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlər, tunel və bunkerlərdən ibarət istehkamların qurulması sübut edir ki, Ermənistan heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində deyildi.
Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid – şəhərlərə qarşı genosid və kultursid – mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın.
Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.
Azad olunmuş ərazilərə səfərlər zamanı xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlər Ermənistan tərəfindən törədilən vəhşiliyin şahidi olmuşlar. Şəhər və kəndlərin, o cümlədən Azərbaycan xalqına məxsus mədəni və dini irsin tamamilə dağıdılması beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.
Azərbaycan tərəfindən hər bir ölkənin BMT-dəki nümayəndəliyinə şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab təqdim edilib. Kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv olunması öz əksini tapıb.
Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid – ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib.
Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir.
Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi.
Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir.
Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər.
Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb.
Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır.
Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar oldular. Əksinə, 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışımda qeyd etdiyim kimi, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib. Ermənistan o dərəcədə zəifləyib ki, heç özü sərhədlərini belə qorumaq iqtidarında deyil.
Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir.
Mütərəqqi dünya artan neo-faşizm ilə mübarizə apardığı bir vaxtda, 2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılışını edib. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik.
Xanımlar və cənablar.
Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.
Lakin əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.
Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin.
Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik.
Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.
Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir.
Sağ olun.