İlham Əliyev Serbiya baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Baş nazirin müavini, mədən və energetika naziri Zorana Mixayloviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Zorana Mixayloviç Serbiya Prezidenti Aleksandr Vuçinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Zorana Mixayloviç azad edilmiş torpaqlarımızda dağıntılar barədə məlumatlı olduğunu bildirərək, bununla əlaqədar ölkəmiz və xalqımız naminə görülən işlər, o cümlədən azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma layihələri ilə bağlı dövlətimizin başçısını təbrik edib.

Qonaq Azərbaycan şirkətlərinin Serbiyada uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Dövlətimizin başçısı işğal dövründə ermənilərin torpaqlarımızda törətdiyi böyük dağıntılardan danışıb.

Söhbət zamanı 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin regional və beynəlxalq əməkdaşlığın möhkəmkənməsi işinə töhfə verdiyi bildirilib, Zorana Mixayloviçin sərgidə iştirakının önəmi qeyd edilib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.

Zorana Mixayloviç Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button