İlham Əliyevdən Xankəndi ilə bağlı mesajlar – Təhlil

Prezident İlham Əliyev AzTV-yə müsahibəsində Azərbaycan dövlətinin Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi ərazilərdə bütün prosesləri diqqətlə izlədiyini bəyan edib.

Bu, Ermənistana, onun havadarlarına, zamanla Qarabağda hansısa status barədə danışanlara ciddi mesajdır.

Azərbaycan Vətən müharibəsindən sonra ordusunu daha da gücləndirir, ən müasir silah və texnologiyaların ölkəyə tədarükü prosesi davam etdirilir.

İndi İlham Əliyev açıq şəkildə bəyan edir ki, istər Xankəndidəki, istər Xocavənddəki, istər Xocalıdakı – sülhməramlıların nəzarət zonasında olan ərazilərdəki proseslər Bakı tərəfindən izlənilir – həm diplomatik olaraq, həm də praktiki müşahidə altındadır.

Bu, eyni zamanda Rusiyaya da ismarıcdır: Yəni, sizin sülhməramlı kontingentiniz funksiya və mandatından kənara çıxıb, missiyasına zidd addımlar atırsa, Bakı bu məsələdən xəbərdardır və lazımı tədbirlər görüləcək.

İlham Əliyev Azərbaycanın balansında olan müxtəlif texniki vasitələr, peyk vasitəsilə həmin ərazilərdə baş verənləri izlədiyini, oradakı maşınların sayının məlum olduğunu deməsi konkret anlama malikdir: Heç bir şey gizli saxlanıla bilməz, oradakı qüvvələrin, hərbi texnikaların sayı, Laçın dəhlizindən nə qədər avtomobil keçdiyi haqda dəqiq informasiyalar var. Prezidentin mesajının alt qatının mahiyyəti budur ki, təxribatlara ara verilməsə, Azərbaycan Ordusu bütün strateji üstünlüyündən yararlanacaq və hərbi əməliyyatlar dəqiqliklə, operativ aparılacaq.

“Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir”, -deyən İlham Əliyevin bu mesajları hərbi mənada böyük məna yükünə malikdir, Ermənistan üçün növbəti “əcəl zəngidir”.

İlham Əliyevin diqqət çəkdiyi digər bir məqam isə Qarabağda yaşayan ermənilərin sayıdır. Belə ki, sülhməramlıların nəzarətində olan ərazilərdə maksimum 25 min erməni yaşayır. Bakının qəti və prinsipial mövqeyi budur ki, Qarabağdakı ermənilər yalnız Azərbaycan dövlətinin yurisdiksiyası altında yaşaya bilərlər və burada statusdan heç bir söhbət gedə bilməz.

İlham Əliyev həmin mövqeni əlavə arqument kimi gücləndirən digər bəyanat da səsləndirib, bildirib ki, 25 min insan üçün status yaratmaq hansısa məntiqə sığmır.

Bu, ABŞ və Fransa üçün də siqnaldır, çünki Vaşinqtonun son zamanlar Fransa lideri Emmanuel Makronla vahid siyasi platformadan çıxış etdiyini görürük.

Prezident onu demək istəyir ki, Vaşinqton və Parisin mövqeyi münaqişənin qalmasına dair beynəlxalq qənaətlər yaratmağa hesablanıb.

İlham Əliyev ABŞ və Fransa qarşısında kontur arqument qoyub, bu ölkələrdə yaşayan ermənilərin sayını açıqlayıb: Müqayisə üçün, onlara status verilməməsinin hansı hüquqi, siyasi, tarixi əsası varsa, Azərbaycan üçün də eyni mövqe keçərlidir.

İlham Əliyevin digər mesajı Zəngəzur dəhlizinin icrası və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olması ilə əlaqəlidir.

Azərbaycan lideri Avropa İttifaqı Şurasının Prezident Şarl Mişelin Ermənistanla sərhədlərin mübahisəli ərazi kimi təsnif etməsinə fikir bildirərək, bununla razılaşmadığını göstərib.

Ardınca deyib ki, Zəngəzur Azərbaycan ərazisidir və biz öz ərazimizdəyik. İlham Əliyevin diqqətçəkən başqa tezisi budur ki, Rusiya Azərbaycanın Zəngəzur dəhlizinin icrası ilə bağlı mövqeyini mübahisələndirmir.

İlham Əliyev qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə sonuncu görüşündə bir dənə də olsun mübahisəli məsələ qalmayıb.

Bununla yanaşı, Avropa İttifaqı son zamanlar qızışdırıcı mövqe sərgiləsə də, Şarl Mişelin Bakı səfəri və İlham Əliyevlə danışıqları zamanı mübahisə yaradan məsələlərə son qoyulub.

İndi növbə Ermənistandadır, Bakının növbəti jestlərini və özünün dalandan çıxması üçün Bakının iqtisadi təşəbbüslərini dəstəkləmək məcburiyyətindədir.

“Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”, – deyə İlham Əliyev xəbərdarlıq edib.

Prezidentin müsahibəsindən çıxan nəticələr:

1. Azərbaycan hər şeyi izləyir və malalayıcı bəyanatlarla barışmır,

2. Bakı sülh üçün Ermənistana növbəti dəfə əlini uzadır, İrəvan bundan nəticə çıxarmasa, onun üçün ağır nəticələr doğacaq.

Hamısını Göstər

Related Articles

Back to top button