İlham Əliyevin Paşinyanla danışacağı bir şey yoxdur – Müharibənin bir addımlığında

1992-ci ilin yayında Azərbaycanın qoşun hissələri o zamankı briqada komandiri, indiki Baş qərargah rəisi Nəcməddin Sadıqovun komandanlığı altında qiyamçı Dağlıq Qarabağ muxtariyyətinin inzibati mərkəzi Xankəndinin bir neçə kilometrliyinə yaxınlaşdı. Erməni ordusunun tamamilə darmadağın edilməsi artıq gün məsələsi idi. Azərbaycan ordusunun, könüllü batalyonlarının Ağdərənin Vəng kəndinə qədər qələbə yürüşü birinci Qarabağ müharibəsinin taleyini həll etmək üzrə idi. Azərbaycan tanklarını separatçıların mərkəzindən cəmi 50 dəqiqəlik məsafə ayırırdı. Lakin iyulun 7-də Azərbaycan prezident Elçibəyin əmri ilə birtərəfli qaydada döyüş əməliyyatlarını dayandırdı. Həmin vaxtlar Xankəndi ətrafında şiddətli döyüşlərin getdiyi kimi, Romada da ATƏT-in vasitəçiliyi ilə erməni və azərbaycanlı diplomatlar arasında qızğın danışıqlar gedirdi.

Böyük və qüdrətli ölkənin dağılmasından sonrakı ilk illərdə Avrasiya məkanında təhlükəsizlik üzrə təşkilat məhz Müşavirə formatında fəaliyyət göstərirdi, o vaxtkı ATƏM iki superderjava arasında Brejnev-Nikson paktı əsasında yaranmış tarazlığın nəticəsi idi. Və sonsuz Ermənistan-Azərbaycan substansiv ( bu sözü necə olubsa 30 il sonra düşünüb tapıblar!) danışıqlarının üfüqündə hələ amorf Minsk Qrupunun həmsədrliyi görünmürdü. Avropalılar və üstəlik Yeltsin liberal Rusiyasının ictimaiyyəti Azərbaycanla Ermənistan arasında hazırlanmaqda olan Minsk konfransı çərçivəsində böyük sülh razılaşmasının əldə olunacağı haqda şirin xəyallara qapılmışdı. Və budur, həmin konfrans 30 ildir ki, baş tutmur!

1992 ci il. Azərbaycan əsgərləri Xankəndinə doğru irəliləyir…

Lakin Azərbaycan Qarabağ nizamlanmasının ilk günlərindən özünün beynəlxalq öhdəliklərinə sadiq qalaraq Minsk konfransının sədrinin, o vaxtlar hamının yaxşı tanıdığı vasitəçi Mario Rafaellinin (İtaliya xarici işlər naziri idi) tələbi ilə hücum əməliyyatını dayandırdı. Romada təbii ki, qarşıduran tərəflər heç nədə anlaşa bilmədilər. İndiki erməni baş nazirinin mənəvi atası Levon Ter-Petrosyan cəbhəçilərin hakimiyyətindən Qarabağı münaqişənin üçüncü tərəfi kimi tanımağı və birbaşa separatçılarla danışıqlara başlamağı tələb etmişdi.

Diqqət yetirin, 30 il ərzində dövlət başçılarının siyasi gündəmi və ritorikası dəyişməz qalıb. Beləliklə, 28 il əvvəl Azərbaycan təcavüzkarın sırımaq istədiyi formatdan imtina etdi. Danışıqlar pozuldu. Ermənistan isə növbəti dəfə atəşkəsdən istifadə edərək öz qüvvələrini yenidən cəmlədi, yeni hərbi texnika aldı və əks hücuma keçdi. Ədalət naminə etiraf edək ki, Azərbaycan ordusu da Xankəndinə doğru sovet ordusundan miras qalmış tanklarla hücum edirdi. Və ermənilərin həmin əks-hücumu ilə Azərbaycanın hərbi-siyasi məğlubiyyətləri başladı və bədnam Bişkek protokolunun imzalanması ilə nəticələndi.

Yalnız atəşkəsin əldə edilməsindən 22 il keçəndən, uzun-uzadı perspektivsiz və nəticəsiz danışıqlardan sonra Azərbaycan nəhayət münaqişənin hərbi yolla həllinə əl atmağa qərar verdi. Lakin Azərbaycan ordusunu yenə dayandırdılar-bu dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri. Təəsüf ki, indi böyük sülh razılaşması haqda xoş illüziyalar qurmayan bu vasitəçilər…Düşmən tərəflər arasında dəf edilməz uçurum yarandı. Lakin vasitəçilər yeni böyük regional yanğına imkan verməmək üçün hər halda atəşkəs əldə edə bildilər.

2016-cı ilin aprel müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarının müdafiəsini cəmi bir neçə saata darmadağın edə bilmişdi…

Lakin Ermənistanın kompromissiz və israrlı mövqeyi, yuxarı və aşağı Qarabağ arasında bölgünü faktiki rədd etməsi postdiplomatik qarşıdurma dövründə yeni strateji hədəfə-işğal edilmiş ərazilərin beynəlxalq miqyasda tanınmasına hesablanıb. Və indiki Ermənistan hakimiyyəti işğalı legitimləşdirmək cəhdləri ilə bağlı daha bir konseptual vəzifənin həyata keçirilməsinə başlayıb: işğal zonasını Yaxın Şərq, konkret olaraq Suriya və Livan erməniləri ilə məskunlaşdırmaq.

Rəsmi Yerevan yeni model icad eləmir, sadəcə olaraq yəhudilərin işğal edilmiş Fələstin ərazilərində-İordan çayının qərb sahillərində apardığı məskunlaşma mexanizmini istifadə edir. Bəli, 1947-ci il planına görə İordan çayının qərb sahili Fələstin ərəb dövlətinin ərazisi olmalıdır. Lakin altıgünlük müharibə nəticəsində bu əraziləri İsrail işğal elədi. O vaxtdan bəri BMT-nin Fələstin dövləti yaradılması barədə planını dəstəkləyən güclü dövlətlərin etirazlarına və hiddətinə baxmayaraq İsrail bu ərazilərdə qanunsuz yəhudi məskənləri salıb. Əgər 30 il əvvəl kimsə desəydi ki, nə vaxtsa ABŞ Qərb sahilini İsrail dövlətinin ərazisi kimi tanıyacaq, biz onu “Zaman maşını” filminin qəhrəmanı Herbert Uellslə müqayisə edərdik.

Hələb Sakini Levon Ter-Petrosyan Yerevanı ikinci vətəni kimi seçdi…

Ermənistan çox uzağa gedən məkrli siyasi məqsəd güdür. Yuxarı və Aran Qarabağdakı fəal məskunlaşma planının nəzəriyyəçisi yenə də hazırkı erməni baş nazirin mənəvi müəllimi, əslən Suriya ermənisi Levon Ter-Petrosyandır. Çünki Yaxın Şərq ermənilərinin Suriya və Livandan köçürülməsi, bununla yanaşı, münaqişənin beynəlmiləlləşdirilməsi birinci Qarabağ müharibəsi dövründə başlayıb.

Nə vaxtsa, İkinci Dünya müharibəsi başa çatandan sonra Hələbdə yaşayan Ter-Petrosyan öz ana-daşnakın və ata-esdekin qucağında Suriyadan Ermənistana köçüb. Və Yerevanda keşiş Petrosun nəslinin törəməsi ikinci vətən qazanıb.

Ermənistan işğalçı dövlətə xas olan məkrli həyasızlıqla Livan və Suriya ermənilərinin təcavüzkar köçürülmə planının reallaşdığını açıq şəkildə bəyan edir. Köçənlərin, yəni ən yaxın gələcəkdə köçənlərin övladları üçün isə Qarabağ doğma diyara çevriləcək. Azərbaycan hökumətinin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, bu xəyanətkar proqram vasitəçilərin, ilk növbədə, Qərb təsisatlarının, ABŞ və Avropa İttifaqının tam səssizliyi şəraitində həyata keçirilir.

Böyük hesabla, Ermənistanın son təcavüzkar əməlləri – danışıqlar prosesinin qərəzli şəkildə pozulması, yeni sərhəd postunun ələ keçirilməsi cəhdi və Azərbaycan generalının alçaqcasına öldürülməsi, sonra isə dinc Azərbaycan kəndlərinin yaxınlığında separatçıların liderinin Ermənistana birləşmə həvəsi ilə bağlı hərbi bəyanatları, ardınca başda aparıcı erməni nəşrinin  redaktoru – erməni baş nazirinin həyat yoldaşı Anna Akopyan olmaqla, qadınlardan ibarət silahlı dəstənin peyda olması və nəhayət, Qarabağda Livan erməniləri koloniyasının yaradılması planının gerçəkləşdirilməsi fonunda bir nəticə hasil olur: ATƏT formatında sülh prosesi tamamilə pozulub, iflasa uğrayıb.

İlham Əliyevin daha Paşinyanla danışmağa sözü qalmayıb

Prezident İ.Əliyevin baş nazir N.Paşinyanla danışacağı bir şey yoxdur. Çünki Ermənistan bundan əvvəlki iki hökumətin və vasitəçilərin təsdiq etdiyi Madrid prinsiplərini qəti şəkildə rədd edib. Azərbaycan Qarabağı öz sərhədlərində, Ermənistan isə öz ayrılmaz hissəsi kimi görür. Heç kəs digərinə güzəştə getməyəcək. Bəli, bir alternativ var – danışıqların imitasiyası. Amma nəyin naminə? Barışıq naminə sülh? Sinirlər və emosiyalar çox gərilib…

Çünki “Münhen sövdələşməsi” prinsipi ilə dünyanın yenidən bölüşdürülməsi və bütün beynəlxalq hüquq sisteminin tam deformasiyası əsasında qurulmuş yeni dünya nizamı şəraitində Azərbaycana 1992-ci ilin başlanğıc nöqtəsinə qayıtmaq və genişmiqyaslı müharibəni bərpa etmək yeganə yol kimi qalır. Çünki diplomatlar susanda toplar danışmağa başlayırlar. Yaxud Qarabağın Azərbaycanın yuridiksiyası altına qaytarılması iddiasından əl çəkmək. Üçüncü yol yoxdur.

Şübhəsiz ki, Ermənistanı Rusiya ilə müttəfiqlik münasibətləri bağlayır. Bəli, digər regional oyunçu-Türkiyə də bu qarşıdurmada Azərbaycana açıq dəstək verir. Və son vaxtlar ekspertlər proksi-müharibə, Qarabağ uğrunda böyük regional qarşıdurma ehtimalı haqda danışırlar. Bu zaman regional nəhənglərin döyüş əməliyyatlarına birbaşa, yaxud dolayısı ilə cəlb olunması ehtimalını nəzərdə tuturlar. Hansı ki, belə vəziyyət onsuz da kövrək olan regional stabilliyi sarsıda bilərdi. Təsvir edilən bu ən pis ssenari ağlasığmaz nəticələrə və böyük qurbanlara gətirib çıxara bilər. Yaxın Şərq yanğınına bənzər ikinci fəlakət yetişir…

Müharibənin, fəlakətin bir addımlığında…

Beləliklə, danışıqlar dalana dirənib. Müharibə isə fəlakət vəd edir. Bəs necə olsun? Nə etmək olar? Bu dalandan necə çıxmaq olar?

Açıq deyək, indiki dünya düzənində və yeni postliberal “trampoz dövründə” Qərbin və ABŞ-ın Ermənistana təsir rıçaqları qalmayıb. Yunanıstanın Türkiyə ilə müharibənin bir addımlığında olduğu, Liviyada hamının hamıya qarşı döyüşdüyü, balacaboy Kim-in Vaşinqtonu raketlərlə hədələdiyi, iricüssəli Trampın isə ölkəsini ağlarla qaraların qarşıdurmasının bürüdüyü bir vaxtda Almaniyadan qoşunları geri çəkdiyi bu dünyada Ermənistanı heç Putin Rusiyası da dayandıra bilməz.

Danışıqlar yoxdursa müharibə gözləntiləri də artır. Və tarixdə emosiyalar ağıl üzərində tez-tez qalib gəlib. Ağıl fəlakəti rədd edir, hisslər isə Qarabağın itirilməsi ilə barışa bilməz…Hərçənd ağıl onu da deyir ki, indiki pat vəziyyətində biz hamımız, bütün tərəflər müharibənin bir addımlığındayıq. Demək olar ki, fəlakətin astanasında…

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button