İlham Əliyevin silah trafiki və sərhədlərə dair xəbərdarlığı

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Ermənistanla münasibətlərin normallaşması prosesinə dair iki elementi ifadə etməsi daha çox diqqət çəkir. 

İlham Əliyev çıxışında keçmiş zamandakı hadisələrdən birinə vurğu etsə də, bu, həm də perspektivə ünvanlanan diktəedici siqnaldır. 

Azərbaycan 2020-ci ilin iyul ayında Tovuzda şiddətli döyüşlərin bitməsindən sonra Ermənistanı silahlandıran ölkələrin ermənilər üçün yükdaşıma trafiklərini, ümumilikdə həmin istiqamətləri ciddi şəkildə izləməyə başladı. Bu, Ermənistanın genişmiqyaslı təxribatlara başlayacağına dair informasiyaların toplanmasında mühüm çəki qazanmışdı. Azərbaycan isə arxayınlaşmayaraq həmin hərbi provakasiyalara qarşı müharibəyə hazırlaşdı. 

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ermənistana silah daşınması prosesini izləmək üçün texniki-kəşfiyyat imkanlarını daha yüksək səviyyəyə qaldırdı və Ermənistana girən hər bir yük təyyarəsinin  içindəkilər diqqətlə analiz edildi. Bəli, silahlar Rusiyadan daşınırdı, Rusiya üçün ən münbit tranzit məkan isə Gürcüstan idi, lakin Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan rəsmi Tbilisiyə müraciət etdikdən sonra Gürcüstan Ermənistan üçün nəfəsliyi qapatdı. 

Rusiya isə iz itirirdi, özünün adının hallanmaması üçün yükdaşımaları İran, Qazaxıstan və Türkmənistan üzərindən həyata keçirirdi. Bu əməlin mahiyyətini Azərbaycan dövləti güclü texnoloji imkanları hesabına ifşa lövhəsinə yazaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Prezident İlham Əliyev konfransda həmin hadisələrdən danışaraq postmünaqişə dövründə də Azərbaycanın Ermənistan üzərində əzici kəşfiyyat nəzarətini əhəmiyyətli dərəcədə artırdığının mesajını verir. Postmünaqişə gerçəkliyi Azərbaycana müstəsna üstünlüklər təqdim edir, vizual müşahidələr, strateji mövqelərdəki möhkəmlənmələr, böyük texnoloji imkanlar bütövlükdə Ermənistanı nəzarət altına götürür və bunu İrəvan da görür. Ona görə də, Ermənistanı silahlarla qidalandırmaq cəhdlərinin bundan sonra qarşısı daha rahat alınacaq, hərçənd ki, bəzi istisnaların da mövcud olacağı qaçılmazdır. Əgər silahlanma olarsa… 

Mətnimizdəki birinci element üzrə yekunu belə verə bilərik: Ermənistanın silahlandırılması regionu təhlükə altına atır, Azərbaycan isə mümkün təhdidləri aradan qaldırmaq üçün ordusunun potensialına müraciət edəcək. Hansısa dövlət normallaşma prosesinin önünə silah trafiki ilə keçməyə cəhd etsə, bu barədə dərhal Azərbaycan tərəfi hərbi-siyasi komandanlığa operativ məruzələr edəcək və adekvat tədbirlər görüləcək. 
İkinci element Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsidir. Burada Azərbaycan 1918-ci ildən, hətta ondan da əvvəlki xəritələrdən tutmuş SSRİ dağılana qədərki dövrü əhatə edən ərazi xəritələrini əsas tutur. 

İlham Əliyevin bu bəyanatı danışıqlar masasında Azərbaycanın nələri diktə etdiyini əyani göstərir. Bu o deməkdir ki, Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana verilməsi hərb-siyasi, diplomatik-siyasi masalarda aktuallıq qazanıb. Bu, Birinci Qarabağ müharibəsinin yaratdığı mənzərənin tamamilə dəyişdirilməsinə hesablanan addımdır, 1918-ci il xəritələri isə Ermənistan üçün daha sarsıdıcı xarakter daşıyır. Bu, Azərbaycan tərəfinin rəsmi şəkildə Ermənistan üzərində hələ 1918-ci ilin illüstrasiyasının bərpasına dair hansısa şərtlər qoyduğunun göstəricisidir. 

Azərbaycan-Ermənistan normallaşma prosesinə dair rəsmi Bakının təqdim etdiyi beş maddədən ibarət baza prinsiplərinin bəndlərinin inşasında həmin amildən də istifadə ediləcək.

Aqşin Kərimov

Hamısını Göstər

Related Articles

Back to top button