İrəvanda təklənmə xofu – işğalçı Bakı-Ankara müttəfiqliyinə qorxu və həsədlə baxır
Paşinyan Ermənistana yeni “ağa” axtarışında; erməni ekspert: “Əliyev və Ərdoğan strateji müttəfiqliyin necə olduğunu dünyaya göstərdilər”; türkiyəli ekspert: “Bölgədə müharibə riski və gözləntisi böyükdür…”
Ermənistan Azərbaycan-Türkiyə birgə möhtəşəm hərbi təlimlərinin yaratdığı xofdan çıxa bilmir. Ona görə ki, bu xofun qayəsində ortaq təlimlərdən daha çox, iki qardaş ölkənin səmimi şəkildə dost-müttəfiq olması, bir-birinə sadiq qalması gerçəyi durur. Düşməni ən çox rəncidə edən isə budur ki, yeni Qarabağ savaşında Ankara təmənnasız şəkildə, qeyd-şərtsiz Bakının yanında olacaq.
Halbuki eyni sözləri Moskva-İrəvan müttəfiqliyi barədə söyləmək çətindir. Çünki Rusiya bu müttəfiqliyə hansısa din (xristian) qardaşlığı, yaxud dil amili prizmasından deyil, sərf özünün regional mənafeyi kontekstində baxır. Yəni lazım gələrsə, bu mənafe naminə Ermənistan günün birində siyasi bazarlığa da çıxarıla bilər. Ermənilər həm də bundan qorxurlar. Odur ki, altdan-altdan özlərinə Qərbdə yeni “ağa” axtarırlar. “Sorosçu” Nikol Paşinyanın Rusiyaya münasibətdə davam etdirdiyi ikili oyun, sözsüz ki, elə bununla – “ehtiyat variant” axtarışı ilə bağlıdır.
Türkiyənin Azərbaycana münasibəti isə əksinə, Ankaranın hansısa özəl maraqları ilə bağlı deyil, təmənnasızdır və dərin tarixi, milli-dini köklərə bağlıdır və qardaş ölkədə kimin hakimiyyət başında durmasına əsla bağlı deyil. Bunu İrəvanda da, Moskvada da yaxşı bilirlər. O səbəbə Türkiyə yüksək çinli rəsmilərin və generalitetin Tovuz döyüşlərinə məlum sərt reaksiyasının qətiyyən keçici olmadığının, Türkiyə dövlətinin dəyişməz, prinsipial mövqeyini ifadə etdiyinin fərqindədirlər.
Şübhə yox ki, bu mövqe və Azərbaycana verilən dəstək Qarabağ münaqişəsi öz ədalətli çözümünü tapanadək getdikcə güclənəcək.
*****
“Tovuz istiqamətində vəziyyətin kəskinləşməsi fonunda ermənilər bir vacib detalı başa düşməli idilər ki, Ermənistanla Rusiya arasında heç bir siyasi əlaqə yoxdur”.
“Yeni Müsavat”ın məlumatlına görə, bu sözləri erməni politoloq Yervand Bozoyan Qarabağ ixtilafı ətrafında situasiyanı yerli mediaya şərh edərkən bildirib.
“O günlərdə bütün dünya gördü ki, müxtəlif ölkələr, o cümlədən Ərdoğanın təmsil etdiyi Türkiyə Azərbaycanı necə dəstəklədi. Azərbaycan Prezidenti İlham Əliyev daim Türkiyə lideri ilə əlaqə saxlayırdı. Nikol Paşinyan isə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də başqa birisi ilə əlaqə qura və danışa bildi. Yalnız xarici işlər nazirləri bir-iki dəfə ünsiyyət qurdular”, – deyə erməni politoloq məyusluqla vurğulayıb.
Onun sözlərinə görə, İlham Əliyev və Ərdoğan strateji müttəfiqlərin necə hərəkət etməli olduqlarını bütün dünyaya göstərdilər. “Paşinyan isə yalnız taxta yayxınıb və oradan siyasət haqqında danışır. Ancaq bu siyasət deyil, əksinə, onun yoxluğudur. Heç kim onunla işləmək istəmir”, – deyə Bozoyan qeyd edib.
Erməni ekspert Belarusdakı hadisələr və onların Ermənistan üçün ehtimal olunan nəticələri barədə də danışıb. O hesab edir ki, əgər qərbyönlü qüvvələr Belarusdakı vəziyyətdən istifadə edib prosesləri Rusiyanın mərkəzi hökuməti əleyhinə yönəldə bilsə, o halda bu, Ermənistanın dövlət təhlükəsizliyinə təhdid yaradacaq. “Ümumiyyətlə, Belarusdakı mövcud vəziyyət həm KTMT (”Rus NATO-su”), həm də Avrasiya İqtisadi Birliyi üçün təhlükə yarada, bu təşkilatlar fəaliyyətini dayandıra bilər”, – deyə o əlavə edib.
*****
Əslinə qalsa, “Rus NATO-su” formal blokdur. Bəllidir ki, onun nüvəsini Rusiya təşkil edir və nə türkdilli Qazaxıstanla Qırğızıstan, nə də Belarus müharibə variantında Ermənistan tərəfdə Azərbaycana qarşı vuruşası deyil. Eləcə də Tacikistan. Rusiya isə Bakı və İrəvan arasında balansı gözləməyə çalışacaq. Hər necə olmasa, o, vasitəçi dövlətdir və əgər döyüşlər zamanı birmənalı olaraq işğalçıya dəstək versə, vasitəçi rolunu həmişəlik itirəcək. Həmçinin qardaş Türkiyə Azərbaycana açıq dəstək verməli olacaq. O halda Moskva ermənilərə köməyin bütün mümkün nəticələrinə də hazır olmalıdır.
*****
Türkiyəli analitiklər də regionda müharibə riskinin artdığını qeyd eləməklə yanaşı, işğalçı tərəfin növbəti təxribatlarına Bakı və Ankaranın hazırlıqlı olmasını vacib hesab edirlər.
“Ötən həftə Türkiyə və Azərbaycan ordusunun Naxçıvan bölgəsində həyata keçirdiyi birgə təlim nəticəsində Ermənistanda ciddi bir qorxu meydana gəldi”.
Bu sözləri isə Axar.az-a açıqlamasında tanınmış türkiyəli ekspert Həsən Oqtay Dağlıq Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın az öncə Gəncəni vurmaq hədələri və ATƏT-in bu bəyanata heç bir reaksiya verməməsi haqda danışarkən deyib.
Onun qənaətincə, Ermənistan tərəfi qorxunu aradan qaldırmaq üçün Gəncə açıqlamasını verib: “Gəncəyə atılacaq güllə isə Azərbaycanın Ermənistana müharibə elan etməsi üçün zəmin yaradar. Bu, qaçılmaz olaraq bölgədəki gərginliyi də artırar”, – deyə politoloq bildirib.
Ekspert ATƏT-in Arutyunyanın sayıqlamasına reaksiya verməməsi haqda da danışıb: “Hazırda dünyada müharibə riski və gözləntisi var. Ona görə də ATƏT-in Minsk Qrupu həmsədrləri hadisələr barədə fikir bildirməkdə çox ehtiyatlı davranırlar. Keçən ay Ermənistanın Tovuz rayonu istiqamətində hücumu müharibə üçün tutarlı səbəb idi. Çünki mübahisəli bölgədən kənarda, yeni bir ərazidə Ermənistan Azərbaycan torpaqlarına hücum etmişdi. İndi İrəvan öz uğursuzluqlarından diqqəti yayındırmaq üçün qondarma Qarabağ ”rəhbərliyi” tərəfindən böhran yaratmağa cəhd edəcək”.
Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını xatırladan ekspert Arutyunyanın açıqlamasının əsl səbəbindən də danışıb: “Hər halda Türkiyə istənilən halda və istənilən şərtdə Azərbaycanın yanındadır və olacaq. Ermənistana təsir göstərən güclər, məsələn, Fransa Türkiyənin diqqətini Şərqi Aralıq dənizindən yayındırmaq üçün Ermənistan-Azərbaycan müharibəsi başlatmağa cəhd edə bilər. Ona görə də Bakı çox diqqətli olmalı, baş verənləri dərhal BMT-nin nəzdində gündəmə gətirməli və BMT-ni proseslərdə yaxından iştiraka çağırmalıdır. Azərbaycan silahlı qüvvələri isə ayıq olmalıdır, çünki bu və buna bənzər təxribatların yaxın gələcəkdə baş verməsi ehtimalı çox böyükdür”.
*****
Şübhə yox ki, Bakı və Ankara bundan sonra Qarabağ məsələsində, erməni təxribatı məsələsində maksimum uzlaşdırılmış, sinxron siyasətə və taktikaya üstünlük verəcək. Situasiyaya uyğun olaraq işğalçıya birgə və adekvat hərbi cavablar da öz yerində. Son birgə və möhtəşəm təlimlər göstərdi ki, bu cavablar bundan sonra qat-qat sarsıdıcı və assimetrik olacaq. Odur ki, düşmən ölkənin rəhbərliyi ağlını başına nə qədər tez yığsa və təxribatlar haqda deyil, sülh barədə fikirləşsə, bir o qədər öz xalqı üçün yaxşı olar…