İran özünüqoruma instinkti ilə hərəkət edərək proseslərin öz ərazisinə keçməsinin qarşısını almaq istəyir

Politoloq Oqtay Qasımov İran-İsrail gərginliyi ətrafında baş verənlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– İsrail “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahı, demək olar ki, bu strukturun rəhbərliyini məhv elədi. İsrailin bu addımı hansı gəlişmələrə yol açacaq, bu proses “Hizbullah”ı tamamilə bitirəcək gedişatdırmı?

– Ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra Baş nazir Benyamin Netanyahu bəyan elədi ki, HƏMAS-ı hərbi cəhətdən məhv etməyi qarşılarına məqsəd qoyublar. Demək olar ki, məsələni böyük ölçüdə həll edilib. HƏMAS-ın hərbi qanadının dörddə üçü sıradan çıxarılıb. Amma bu o demək deyil ki, HƏMAS tam şəkildə bitirilib. Eyni şeyləri “Hizbullah” üçün də demək olar.

Bəli, hər iki təşkilatın rəhbərləri artıq aradan götürülüb – İsmayıl Haniyə Tehranda, Həsən Nəsrullah da Beyrutda sıradan çıxarılıb. Bu, hər iki təşkilatın gücünə ciddi təsir edəcək. Çünki hər iki lider uzun müddətdir təşkilatlara rəhbərlik edirdi, xarizmatik keyfiyyətlərə malik idilər, beynəlxalq səviyyədə tanınırdılar. İndi onların yerlərinə keçəcək şəxslərin bu durumu tam şəkildə bərpa etmələri mümkün deyil.

Artıq bunu “Əl-Qaidə”nin timsalında görmüşük. Təxminən 11 il öncə Üsamə bin Laden ABŞ tərəfindən zərərsizləşdirildikdən sonra onun yerinə keçən Ayman əl-Zəvahiri təşkilatın gücünü bərpa edə bilmədi.

Son iki ayda baş verənlər onu göstərir ki, İsrail qarşısına qoyduğu məqsədləri ardıcıl şəkildə həyata keçirir. İsrail İranın onu mühasirəyə almaq taktikasına qarşı əks tədbirlər görməklə, bu təhdidləri aradan qaldırmağı hədəfləyib. Bu istiqamətdə ciddi addımlar atılır. Hədəflər təkcə “Hizbullah” və HƏMAS yox, Yəməndəki husi qruplaşması – “Ənsarallah”dır. Artıq husilərin qərargahları və logistik mərkəzləri bombardmanla sıradan çıxarılıb.

Hazırda hadisələr İsrailin müəyyən etdiyi istiqamətlərdə cərəyan edir. Amma bu o demək deyil ki, liderlərinin aradan götürülməsi ilə o təşkilalar bitdi. Əlbəttə, baş verənlər onların güclərinə ciddi təsirlər edəcək, zəiflədəcək, amma hələlik tam şəkildə sıradan çıxarmaq mümkün olmayacaq.

Həmin təşkilatların arxasında duran dövlətlər var, xüsusilə də İran. Əslində, Tehran son dövrlərdə ciddi çağırışlarla üz-üzədir. İran indi özünüqoruma instinkti ilə hərəkət etməklə proseslərin onun ərazisinə keçməsinin qarşısını almaq istəyir. Bu səbəbdən də, İran HƏMAS və “Hizbullah” liderlərinin öldürülməsinə nəzəri reaksiyalar versə də, hələlik İsrailə qarşı konkret cavab tədbirləri həyata keçirməsi imkansız görünür, ehtimal çox aşağıdır. Çünki belə bir hal baş verərsə, bu, İran üçün ciddi nəticələrə səbəb ola bilər.

İsrail baş naziri bir neçə gün öncə BMT tribunasında açıq mətnlə İrana xəbərdarlıq etdi. Hesab edirəm ki, İran bundan müəyyən nəticələr çıxarmağa məcburdur, əks halda, İsrail və ona dəstək verən beynəlxalq koalisiya ilə üz-üzə qala bilər.

– İsrailin növbəti hədəfi İranın dini-siyasi-hərbi rəhbərliyi və ya bu rejimin seçilmiş təmsilçiləri ola bilərmi? Qərb mediasında bununla bağlı da müəyyən iddialar dolaşır.

– Hesab eləmirəm ki, bu, yaxın dövrdə baş verəcək. Əlbəttə, İran yenə də hansısa formada Yaxın Şərqdə baş verən proseslərə müdaxilə, yaxud İsrailə qarşı hərəkət eləməyə çalışacaqsa, bu, onun üçün ağır nəticələrə gətirə bilər. Bu durumda İsrailin İranın hərbi-siyasi rəhbərliyinə qarşı hansısa əməliyyatlar keçirməsi mümkündür.

Əslində, son bir ildə atdığı addımlar göstərdi ki, İsrail ona qarşı yönəlmiş təhdidlərə qarşı sərt tədbirlər görmək iqtidarındadır və bu addımlardan heç vaxt geri çəkilməyəcək. Tehranın hərbi rəhbərliyinə daxil olan şəxsin (SEPAH generalı Abbas Nilforuşan) Nəsrullahlar birlikdə vurulması da göstərir ki, İrandan kənarda olan və İsrailə təhdid təşkil edən istənilən obyekt İsrail üçün hədəf sayılacaq. İsrail bunu apreldə Suriya, ardınca da Livanda həyata keçirdi. Ehtiyac olacaqsa, Yəməndə də bu tədbirlərə baş vurulacaq.

Qənaətimə görə, İran daxilində o zaman belə tədbirlər görülə bilər ki, artıq Tehran açıq şəkildə münaqişəyə qoşulsun. İsrail də özünümüdafiə hüququndan istifadə edib, bu addımları ata bilər. Baş verənlər göstərir ki, İsrailin bunun üçün gücü və imkanları var.

– Olayın İran Prezidenti Məsud Pezeşkianın ABŞ səfərindən sonra baş verməsi də maraqlı ehtimalları gündəmə gətirib. İddialardan biri odur ki, koordinatlar İrandan ötürülüb. Yəni mümkün ABŞ-İran anlaşmasından danışılır. Pezeşkianın özü də bu kontekstə yaxın maraqlı bir açıqlama verdi, onun sözlərinə görə, ABŞ və Avropa dövlətləri İranın HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd etmişdi. Nə baş verir?

– Həmişə bağlı qapılar arxasında İranla Qərb arasında sövdələşmələr olub, danışıqlar aparılıb. Bu, istisna deyil. Hələ dörd il öncə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Qasım Süleymaninin öldürülməsindən sonra demişdi ki, İranla müəyyən təmaslar olub və ona tövsiyyə edilib ki, cavab tədbirləri görsün, amma Amerika tərəfində zərər verəcək səviyyədə olmasın. Haniyənin öldürülməsindən sonra Qərbdən verilən açıqlamalar və İranı təmkinli olmağa çağıran mesajlar da, həmin danışıqlar və ya sövdələşmələrin nəticəsidir.

Nəsrullahın koordinatlarının İrandan ötürülməsi iddiasına gəlincə, bu ehtimal o qədər də yüksək deyil. Çünki İsrail kəşfiyyatı dünyanın ən ciddi kəşfiyyatlarından biridir, onların əlləri dünyanın istənilən nöqtəsinə çata bilir. Mən MOSSAD-ın imkanları şişirtmək niyyətində deyiləm, amma gücünü də qəbul etmək lazımdır.

Nəsrullahın ölümündən əvvəl peycerlər və digər rabitə vasitələrinin kiber üsullarla partladılması nəticəsində 4 mindən çox insan yaralanmışdı. Bu, məsələdə İsrail kəşfiyyatı kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirdi. Yəni “Hizbullah”ın rabitə sisteminə daxil olaraq, avadanlıqlarına partlayıcılar yerləşdirə bilib. Belə bir gücü olan dövlətin Nəsrullahın yerini müəyyən etmək üçün ciddi problemi olmamalıdıydı. Özü bunu həyata keçirə bildi.

İstisna etmirəm ki, “Hizbullah” daxilində İsrail kəşfiyyatı ilə əlaqəli olan şəxslər var. Bu baxımdan, koordinatların İrandan ötürülməsi ehtimalını yüksək hesab etmirəm. Düzdür, belə bir fikir var ki, İran özünü qorumaq və proseslərin daxilinə keçməsinin qarşısını almaq naminə proksilərini xərcləməyə məcburdur, amma bunu da yüksək ehtimal saymıram.

Məncə, Pezeşkianın açıqlaması da İran daxilinə hesablanmış mesaj və xəbərdarlıqdır ki, əgər ölkə daxilində hansısa böhran yaşansa, o zaman İran dörd-beş yerə parçalana bilər.

– Yaxın Şərqdəki proksilərinin məhv edilməsi İranın təhlükəsizliyinə necə təsir göstərəcək?

– Düşünmürəm ki, bunun İranın təhlükəsizliyi ilə əlaqəsi var. İran sadəcə dini rejim qurulduqdan sonra, 1980-ci illərdə Livanda baş verən vətəndaş müharibəsi nəticəsində “Hizbullah”ın yaradılmasına iştirak elədi və onu özünün əlaltısına çevirdi. Əslində, İran bundan sonra Yaxın Şərqdə özünə bağlı qüvvələr yetişdirməklə İsrailə savaş açdı. Yəni bölgədə İranın təhlükəsizliyinə təhdid yarada biləcək bir qüvvə yox idi, kimsə onun dağılması və ya münaqişəyə cəlb etmək niyyətində deyildi. İranın özü din pərdəsi altında bütün qonşularına qarşı, xüsusən də Yaxın Şərqdə eksponsionist siyasət aparmaq cəhdlər elədi. Proksilər də buna xidmət edirdi.

Hazırda bu proksilərin bölgədən çıxarılmasında bir sıra dövlətlərin də maraqları var. Xüsusən ərəb dövlətlərinin davranışlarına baxdıqda bunu görə bilərik. Baxın, İsrailə hücum ötən ilin sentyabrında G-7-nin Dehlidə keçirilən sammitindən sonra başladı. Həmin tədbirdə Hindistan-Yaxın Şərq-Avropa nəqliyyat dəhlizinin (IMEC) açılması razılaşdırılmışdı. İran bu dəhlizdən kənarda qalır.

Tehran buna mane olmaq üçün Yaxın Şərqdə gərginliyi artırdı, savaşa səbəb oldu. Bu projedə maraqları olan İordaniya və Səudiyyə Ərəbistanı kimi ərəb dövlətləri də bunu gördülər, buna görə baş verənlərə aktiv şəkildə müdaxilə eləmirlər.

Proksilərə gəlincə, bu, İranın eksponsionist siyasəti və ya bölgədə “Şiə hilalı” yaratmaq planına daxil idi. İranı Aralıq dənizinə bağlayacaq zolağın yaradılmasından söhbət gedirdi. İranın Suriya, Livan və İraqdakı proksi qüvvələrindən yararlanaraq, Aralıq dənizinə çıxmaq istəyirdi. Bununla həm də İsraili təzyiq altında saxlamaq niyyəti güdürdü. Bu da nə İsrail, nə də onun müttəfiqlərini qane edirdi, buna görə də əks tədbirlər görməli idilər.

Məncə, hazırda baş verənləri Yaxın Şərqin yenidən dizayn edilməsi kimi də dəyərləndirmək mümkündür.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button