İran uğursuzluğun səbəbini başqalarında axtarır

İran Prezidenti Məsud Pezeşkian İsraillə 12 günlük müharibədən sonra ilk xarici səfərini Azərbaycana edə bilər. Belə ki, Prezident İlham Əliyev iyunun 26-da M. Pezeşkianla telefon danışığı zamanı onu iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib.
Ekspertlər hesab edirlər ki, Məsud Pezeşkianın Azərbaycana səfəri baş tutarsa, bu, İran–Azərbaycan münasibətlərinin inkişafı baxımından müsbət hadisə olacaq. Digər tərəfdən, bu səfər İran daxilindəki bəzi dairələrin Azərbaycana yönəlmiş əsassız ittihamlarına və hücumlarına da tutarlı cavab ola bilər.
İran Prezidentinin Bakıya səfəri beynəlxalq miqyasda necə əks-səda doğuracaq?
ABŞ və İsrail bu səfərə mənfi reaksiya verə bilərmi, yoxsa səfər onların maraqlarına uyğun hesab oluna bilər?
Azərbaycanın bu cür təşəbbüslərlə İran–Qərb münasibətlərində vasitəçi rolunu gücləndirməsi mümkündürmü?
Gələcəkdə Bakı Tehran ilə Vaşinqton və Təl-Əviv arasında danışıqlar üçün neytral və strateji bir platformaya çevrilə bilərmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, 12 günlük müharibə zamanı İranın bəzi dairələri Azərbaycanı açıq hədəfə alırdı:
“Daha çox tirajlanan iddia İsrailə məxsus təyyarə və dronların guya Azərbaycan ərazisindən qalxaraq İrana zərbələr endirdiyi yönündə idi. Hesab edirəm ki, bu və bu kimi iddiaların tirajlanmasının bir neçə səbəbi var. Bu səbəblərdən başlıcası İranın İsraillə müharibədə aldığı ciddi zərbələrdir.
Həqiqətən, İran İsraillə müharibədə çox ciddi itkilər verdi. Üzləşilən uğursuzluğun miqyası böyükdür. Məhz buna görə rəsmi Tehran ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı şər və böhtan atır.
Oqtay Qasımov
Hal-hazırda İranda qələbə eyforiyası yaşanır. Amma bu da aydındır ki, İran cəmiyyəti gec-tez bu eyforiyadan ayılacaq və suallar verməyə başlayacaq. Baş verən uğursuzluğun real səbəblərini iranlılar bilmək istəyəcəklər. Əsas sual isə, şübhəsiz ki, İranın döyüşlərin ilk günlərində 12 yüksək rütbəli generalının asanlıqla sıradan çıxarılmasının səbəbləri olacaq.
Bundan başqa, İranın hava hücumundan müdafiə sisteminin bu qədər zəif olması, habelə nüvə alimlərinin öldürülməsi də cavabsız suallardandır. Bütün bu və digər sualların gec-tez veriləcəyini bilən rejim indidən özünə günah obyekti yaradır və Azərbaycanı hədəfə gətirir”.
Politoloq əlavə edib ki, Azərbaycan özünün ən zəif vaxtlarında belə ərazisindən üçüncü ölkələrin İrana və ya başqa ölkələrə qarşı istifadəsinə icazə verməyib:
“Bu, 12 günlük müharibədə də belə oldu. İddiaların əksinə, Bakı İrana qarşı heç bir mənfi prosesin içərisində deyil. Əksinə, Azərbaycan müharibənin ilk günündən tərəfləri sülhə çağırıb və gərginliyin bitməsini istəyib.
O ki qaldı Məsud Pezeşkianın iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinə dəvət edilməsinə, əlbəttə, bu səfər baş tutarsa, İrandakı anti-Azərbaycan təbliğatına bir cavab ola bilər. Eyni zamanda, bu, İran Prezidenti Məsud Pezeşkianın və komandasının SEPAH-dan fərqli olaraq Azərbaycanla münasibətlərdə maraqlı olduğunu sübut edər.
Bu səfərə beynəlxalq reaksiyanın da müsbət olacağı ehtimal edilir. Hazırda ABŞ özü də İranla danışıqlarda maraqlıdır. Yaxın Şərqdə problemlərin diplomatik yolla həllində Vaşinqton maraqlıdır. Qərbdən də müsbət siqnalların gəlməsi istisna deyil”. \Globalinfo.az\
Polise.az