İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir? – İnanılmaz səbəblər

“İran heç vaxt Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək”. 

Bunu politoloq Teymur Qasımlı İranın ali dini lideri Əli Xameneinin son tvitinə münasibət bildirərkən açıqlamasında deyib.

Ekspert İranın dəhlizin açılmasını önləmə səbəblərindən danışıb:

“İstər İranın ali dini rəhbəri, istər dövlət başçısı ilk gündən Zəngəzur dəhlizinin açılmasını istəməyiblər. Bunun bir neçə səbəbi var. Birincisi, Naxçıvanın blokadadan çıxarılması Azərbaycanın ondan asılılığını sonlandırır ki, bu da İrana sərf etmir.

İkincisi, Zəngəzur dəhlizi açılarsa, Rusiya Yaxın Şərqə çıxış əldə edəcək. Hazırda isə Rusiya bu məsələdə İrana möhtacdır.

Üçüncüsü, dəhliz layihəsi reallaşacağı təqdirdə Türkiyə, Böyük Britaniya kimi supergüclər Orta Asiyaya gedəcək. İran isə türk dövlətlərinin yaxınlaşmasını istəmir. Bir ara bizə Naxçıvanla alternativ yol açılmasına icazə verdi, Naxçıvanı blokadadan çıxarmaq üçün danışıqlar apardıq. Lakin bunu da öz maraqları üçün edirdilər”. 

Həmsöhbətimiz İranı prosesə daxiletmə yollarının hələ ki mövcud olmadığını da vurğulayıb:

“Çünki İran Zəngəzur dəhlizinə öz maraqları çərçivəsində baxır. Bəlkə, buna qarşılıq olaraq müəyyən tələblər irəli sürə bilər. Amma həmin istəklər bizim üçün qəbuledilməz olacaq. Yəqin ki, İsraillə yaxınlaşmamıza mane olmaq istəyəcəklər, bu isə bizim maraqlarımıza uyğun gəlməyəcək. Üstəlik, onlar Ermənistanla münasibətləri daha da genişləndirmək niyyətindədirlər.

Ona görə də İranın Zəngəzur dəhlizinə daxil edilməsi üçün ancaq bizim güclənməyimiz, Türkiyə-Azərbaycan işbirliyinin daha da inkişaf etməsi lazımdır. İran indi sıxışıb, Rusiyadan asılılığı var,  nüvə ilə bağlı pərdəarxası ABŞ-la danışıqlar aparır, bir ara “3+3” platformasına daxil olmurdu,  Rusiya təzyiqi ilə gəldi. Ona görə də bir müdaxilə ilə İranı razı salmaq olar, amma nəyin qarşılığında buna nail olacağımızı demək çətindir”. 

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə Zəngəzur dəhlizinin sərhədləri dəyişmədiyini, İranın buna etiraz etməsinin absurd olduğunu söyləyib:

“Başda Mehri və Qarakilsə olmaqla, İran və Ermənistan sərhədində yerləşən bugünkü məntəqə, rayon və şəhərlər 1921-ci ilin 30 noyabr-1 dekabr tarixlərində sovet hökumətinin qərarı ilə Azərbaycandan alınaraq Ermənistana verilib. Ondan əvvəl Qərbi Zəngəzur torpağı Azərbaycan ərazisi olub. Əgər İran Qərbi Zəngəzurun Azərbaycana qaytarılmasına etiraz edirsə, maraqlıdır, məgər İran istəmir ki, Mehridə, Qarakilsədə və ya digər şəhərlərdə məscidlərdə azan səsi eşidilsin?

Ümumilikdə isə Zəngəzur dəhlizi İran, Türkiyə və Azərbaycanın dövlət maraqlarına cavab verən Avrasiyanın orta xəttindəki çox böyük layihələrdən biridir. Bu dəhliz sülh və əməkdaşlıq dəhlizidir. Əgər hansısa ölkə dəhlizə qoşulmaq istəmirsə, özü bilər. Amma Azərbaycanın da, Ermənistanın da hüququ var ki, bu və ya digər layihələri öz ərazilərində həyata keçirsinlər. Əgər Ermənistan suveren olaraq hansısa layihəni öz ərazisində keçirə bilmirsə, bu artıq başqa məsələdir. Burada əsas da Ermənistanla İranın maraqları toqquşur”. 

Politoloq Azərbaycanın əvvəl-axır ədaləti təmin edəcəyini bildirib:

“Bu gün ermənilərin sərhəddə təxribat törətmələrinə etiraz etməyənlərin digər məsələlərlə bağlı etiraz etməsi xoş bir hal deyil. Vaxt vardı, Rusiya da Qarabağ münaqişəsinin müharibə ilə həllinin olmadığını deyirdi. Amma Azərbaycan dünyaya bunun əksini sübut etdi. 

İndi qırmızı nöqtələrdən vuranlar başa düşməlidirlər ki, Ermənistanın təxribatı davam etdirməsi gələcəkdə ona gətirib çıxaracaq ki, biz Azərbaycan ərazisindəki hər hansı regiona şübhə ilə yanaşanların qarşısına alternativ qoyaq. Alternativimiz də ondan ibarətdir ki, Qərbi Zəngəzurda və Göyçədə Azərbaycan bayrağının dalğalanıb-dalğalanmamasından söhbət gedəcək”.

Xatırladaq ki, ötən gün Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü baş tutub. Sammitdən dərhal sonra İranın ali dini rəhbəri Əli Xamenei “Twitter” hesabında Ermənistan-İran sərhədinin bağlanması ehtimalından yazıb və buna qəti şəkildə razı olmayacaqlarını bildirib:  

“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Ancaq əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran bunun əleyhinə çıxacaq. Ona görə ki, bu sərhəd neçə min illik əlaqə yoludur”.

Dini liderin bu iddiası isə nəinki ölkəmizdə, hətta Güney Azərbaycanda da birmənalı qarşılanmayıb. Xameneinin 1921-ci ildən dəyişən sərhədləri min illik əlaqə yolu adlandırması Azərbaycan xalqında böyük qəzəb doğurub.

Hamısını Göstər

Related Articles

Back to top button