İranda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir
Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyaları hələ də davam edir. Bu aksiyalarda səsləndirilən şüarlar daha da kəskinləşir. Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Mazandaran, Xuzistan və bir sıra əyalətlərdə yenidən etiraz aksiyaları keçirilib. İran Azərbaycan adlanan vilayətlərinin şəhərlərində gənc fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılıb. Əgər əvvəllər aksiya iştirakçıları sadəcə olaraq “Diktatora ölüm!” şüarı səsləndirirdilərsə, bu gün artıq “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” kimi radikal xarakter daşıyan şüarlar səsləndirirlər.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, aksiyalar başladığı gündən hakimiyyət xalqın səsinə qulaq asaraq problemləri aradan qaldırmaq əvəzinə, tamamilə əks mövqe nümayiş etdirərək insanlara divan tutmağa başladı.
Xatırladaq ki, ötən il Tehranda əxlaq polisinin zorakılığına məruz qalan gənc qızın ölümü İran ictimaiyyətinin səbir kasasını daşdırdı. Xalqın günahkarları cəzalandırmaq və antidemokratik qanunları aradan qaldırmaq tələbinin qarşısına hakimiyyətin, necə deyərlər, top-tüfənglə çıxması əhalini daha radikal addımlar atmağa sövq etdi. Daha sonra yanlış addımlarını düzəldib insanları sakitləşdirmək əvəzinə, hökumət tərəfindən kütləvi həbslər və edamlar başladı. Etiraz aksiyalarının 200-dən çox iştirakçısı artıq edam olunub, 500-dən artıq şəxs azadlıqdan məhrum edilib. Miyana şəhərində 7 iş yerinin lisenziyası məcburi hicab qaydalarına riayət olunmadığı üçün ləğv edilib.
Bütün bunlar onu deməyə əsas verir ki, molla rejimi hər hansı islahat apararaq ölkədə azad, demokratik mühit yaratmaq fikrində deyil. Rəsmi Tehranın bu siyasəti xalqın müqaviməti ilə qarşılaşır və vəziyyət getdikcə daha da gərginləşir. Təbriz şəhərində Təbiət Günündə hicabsız gənc qızın xalq arasında Azərbaycan rəqsini ifa etməsi, hicablı qadının isə onu təbrik etməsi, Xuzistan əyalətində Qaşqay türklərinin 13-cü Bədr mərasimini rəqs və şənliklə qeyd etməsi, mərasimdə hicablı və hicabsız qadınların, kişilərin birlikdə iştirak etmələri artıq xalqın molla rejiminin qadağalarından cana doyduğunu göstərir. Bununla yanaşı, Kürdüstan Müəllimlər Birliyi elan edib ki, müəllim fəal Süleyman Abdinin həbsi davam edərsə, Birliyin üzvləri Saqqız şəhərində təhsil müəssisəsinin binası qarşısında etiraz aksiyası keçirəcəklər. Süleyman Abdinin təqsiri sadəcə olaraq aksiyada iştirak edib gənc qızın polis tərəfindən öldürülməsinə etiraz etməkdən ibarətdir.
İran xalqına molla rejiminə qarşı mübarizədə xaricdə yaşayan həmvətənləri də dəstək göstərirlər. ABŞ–nin Virciniya ştatında bir parkda iranlılar aksiyalarda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək Novruzun 13-cü günü mərasimini qeyd ediblər. Almaniyanın Düsseldorf şəhərində iranlılar builki Novruz mərasimini İrandakı etirazlara dəstək olaraq keçiriblər. Onlar bəyan ediblər: “Biz iranlıyıq və harada olsaq da, öz mədəniyyətimiz və dilimiz var. Bununla da ölkəmizin mədəniyyətini və dilini geri alırıq”. Londonun Trafalqar meydanında iranlıların nümayişi keçirilib. “Qadın, Həyat, Azadlıq!”, “Kişi, Vətən, Abadlıq”, “İran hazırdır, Əmr ver, Şahzadə” şüarları səsləndirilib.
İran hökumətinin xalqa qarşı kəskin mövqeyi, problemləri həll etmək əvəzinə, yaxın qonşularını təhdid edib ictimaiyyətin diqqətini yayındırmağa cəhd etməsi və sadəcə olaraq haqqını tələb edənləri edam hökmünə məruz qoyması ziyalı təbəqənin ölkəni tərk etməsinə səbəb olub. Artıq İranda hamı başa düşür ki, ölkənin heç bir perspektivi yoxdur. Təsadüfi deyil ki, İranı tərk edənlərin sayı gündən-günə artmaqdadır. Hələ aksiyalardan əvvəl İranı ildə 60 mindən çox adam tərk edərək Kanada və ABŞ-yə köçürdü. Miqrasiya ilə məşğul olan bəzi şirkətlərin məlumatına görə, pandemiyanın səngiməsi ilə İranı tərk edənlərin sayı kəskin artıb. Belə ki, 2020-ci, 2021-ci və 2022-ci illərin hər birində İranı təqribən 120 min nəfər tərk edib. Həkimlər, mühəndislər, iş adamları, elmlə məşğul olanlar – bir sözlə, cəmiyyətin aparıcı qüvvəsi hesab olunan şəxslər ölkəni tərk edərək azad yaşamaq üçün başqa ölkələrə üz tuturlar.
Hazırda ABŞ-də 6 milyondan çox iranlı emiqrant yaşayır ki, onların əksəriyyəti ixtisaslı kadrlardır. Almaniya və İsveç kimi ölkələr də İrandan gələn ixtisaslı həkimləri işlə təmin edir. Kanadada 4 milyona yaxın iranlı yaşayır. Onlar əsasən bank sahəsində çalışanlar və iş adamlarıdır.
Göründüyü kimi, hakimiyyətin həyata keçirdiyi saxta ideoloji kurs, insanların özünü reallaşdırmaq şanslarının olmaması, radikal qanunlar və digər məhdudiyyətlər İrandan kütləvi köçün əsas səbəblərindəndir. Bu problemin əsasını təşkil edən amil ondan ibarətdir ki, yaranmış vəziyyəti nəzərə alan imkanlı şəxslər ölkədən gedirlər. Qalanları isə imkansız və əhalinin aztəminatlı təbəqəsidir. Bu təbəqənin isə itirməyə heç nəyi qalmayıb və elə buna görə də məhkəmələrin edam və uzunmüddətli həbs qərarları insanları etiraz aksiyalarına çıxmaqdan çəkindirmir.
Belə vəziyyətin İranda nə qədər davam edəcəyini zaman göstərəcək. Hələlik isə xalq İranın böyük şəhərlərində etirazları, hakimiyyət isə edamları və təzyiqləri davam etdirir. Bu da ölkədə vəziyyəti gündən-günə daha da gərginləşdirir.