İranda rejim dəyişikliyi mümkündür?
İranda ötən ilin sentyabrından başlayan etiraz aksiyaları hələ də davam edir. Ağır repressiya, təqib və edam cəzalarına baxmayaraq, rejim etirazları yatırmaqda acizdir. Bəs, İrandakı proseslər necə inkişaf edəcək?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, etiraz aksiyaları molla rejiminin mövcud olduğu dövrdən ilk dəfə olaraq, ölkənin bütün ərazilərini əhatə edir:
“İrandakı bütün xalqların nümayəndələri bu aksiyalarda iştirak edir. Xüsusilə əyalətlərdə daha çox aktivlik müşahidə olunur. Aksiya iştirakçıları İranda insan haqları, qadın hüquqları, insan həyatına ciddi şəkildə müdaxilə edilməsi, totalitar sistemlə mübarizə və milli haqların verilməsi məsələsini gündəmə gətirirlər. Xüsusən də soydaşlarımızın “Azadlıq”, “Ədalət”, “Milli hökumət” şüarlarını qeyd etmək lazımdır”.
Oqtay Qasımovun sözlərinə görə, İrandakı aksiyaların nəticəsi həm daxili, həm də xarici faktorlardan asılıdır:
“Əgər etirazçılar inadla, qətiyyətlə mübarizəyə davam etsələr, rejim dəyişə bilər. Bu məsələdə dünyanın böyük güclərinin, regionda marağı olan dövlətlərin də etirazçılara dəstəyi vacibdir. Aksiyalar zamanı verilən məlumatlara görə, təxminən 520-yə yaxın insan həyatını itirib, onlarla etirazçı edama məhkum olunub. Hazırda İran rejimi bu aksiyalardan kifayət qədər təsirlənib və mövqeləri zəifləyib. Amma bu o demək deyil ki, artıq rejim tamamən gücsüdür və onun duruş gətirmək imkanları yoxdur. Xeyr, rejim hələ ki yetərincə güclüdür. Müxtəlif variantlarla həm aksiyaların qarşısını almağa, həm də öz möcvudluğunu qorumağa çalışır. Bir ara əxlaq polisinin ləvğ edilməsi ilə bağlı məlumatlar yayıldı. Sonra təkzib olundu. Bunu yumşalma mesajları kimi dəyərləndirə bilərik. Dini rəhbər Xameneyinin qadınların baş örtüyü ilə bağlı məsələyə münasibətini də rejimin geri addım atması kimi dəyərləndirmək olar. Amma, eyni zamanda, görürük ki, edamların sayı artıb, hakimiyyət qüvvələri etirazçılara qarşı daha qəddar davranışlar nümayiş etdirir. Burada ənənəvi İran siyasətini görürük. Müəyyən qədər zəif vəziyyətə düşəndə, yumşaq siyasət aparır, sonra yenidən irticanın güclənməsi istiqamətində addımlar atır”.
Oqtay Qasımovun sözlərinə görə, aksiyaların uzun müddət davam etməsi, kütləviliyi və bütün regionları əhatə etməsi onu göstərir ki, artıq rejim ciddi zərbə alıb:
“Onun uzun müddət davam gətirməsi qeyri-real görünür. Sadəcə, müəyyən zaman məsələsi var. Əslində rejimin başqa çıxış yolu da yoxdur. Yumşalma da rejimin zərərinədir, sərtləşmə də. 44 ildir totalitar rejimdə yaşayan cəmiyyət müəyyən azadlıqlar əldə edəndən sonra daha çox azadlıq tələb edəcək. Orta əsr idarəçiliyinə üstünlük verən rejim müasir dövrün tələblərinə cavab vermir. Bu da onun çöküşünü sürətləndirəcək. Ötən əsrin 80-ci illərində Sovet İttifaqında başlanan yenidənqurma siyasəti nəticəsində imperiya dağıldı. İran da Sovetlərin dini bir forması olduğu üçün eyni proses baş verə bilər”.