İranın “Arazboyu” rəqsi və ermənilərin sevinci

Azərbaycan da Türkiyə və Pakistanla birgə ardarda təlimlər keçirir. Təlimlər üçün məkan isə əsasən Naxçıvan, Qarabağın işğaldan azad edilmiş ərazisi və Laçın dəhlizidir.

Yəni təlimin harada keçirilməsi xüsusi önəm daşıyır: həm coğrafi baxımdan mümkün toqquşma riskli ərazilər öyrənilir və əsgərlər o şəraitdə sınaqdan keçirilir, həm də siyasi mesaj verilir.

Diqqət edirsinizmi? Azərbaycan təlim yeri kimi heç vaxt Araz sahilini seçmir və buna ehtiyac da görmür. Çünki təlimlərin hədəfi İran deyil!

İran isə tamamilə fərqli taktikaya üstünlük verir: Təlimlər üçün nə Fars körfəzi, nə Əfqanıstan sərhədi seçilir. Halbuki İran üçün mümkün təhdidlərin gəldiyi yerlər oradır. Bu baxımdan İranın işğaldan azad edilmiş ərazilərlə sərhədə, Arazın o tayına böyük qüvvələr cəmləşdirməsi və genişmiqyaslı təlim keçirməsinin birbaşa Azərbaycana hərbi mesaj olduğu şübhəsizdir.

İran ənənəvi siyasətini davam etdirir: Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsindəki ermənilərə mənzillər tikir və ora yanacaq, tikinti materialları və Allah bilsin, daha nələr daşıyır, Ermənistanla ticari-siyasi münasibətləri gücləndirir, eyni zamanda, Azərbaycana qarşı təbliğatını artırır və troll şəbəkəsini aktivləşdirir, ayrı-ayrı şəxslərin dilindən Bakını açıq şəkildə hədələyən bəyanatlar verir.

İranın təlimlərə başlamasının məqsədini anlamaq üçün erməni mediası və ekspertlərinin şərhlərinə baxmaq da kifayətdir: istisnasız olaraq bütün erməni politoloqları bunu Tehranın Bakıya “güc nümayişi” kimi qiymətləndirir və əlbəttə ki, İranın bu addımına sevinirlər.

Düşməni sevindirən İranın bu addımı necə qarşılanmalıdır ki?

İran hazırda Ermənistan cəmiyyəti üçün psixoloji dəstək rolunu da oynayır: Rusiyaya qarşı sərt çıxışlar edən, rusları “satqın” sayan erməni cəmiyyətindəki ağır postmüharibə sarsıntılarına İranın hərbi və hərbi-psixoloji yardımı açıq müstəviyə keçib.

İranın bu hərbi-siyasi münasibəti əslində Azərbaycanın maraqlarına xidmət edir. Yəni, Azərbaycanda İranın bir “fitva” ilə Qarabağın işğaldan azad edilməsinə yardım etdiyi barədə düşüncələr dəfn olunur, ölkəmizdə İran təsir şəbəkəsi altında olanların təbliğat arqumentləri tamamilə zəifləyir, Azərbaycanın milli hədəfləri uğrunda dəqiq və sərrast siyasətini birbaşa həyata keçirilməsinə şans tanınır və s.

Paralel olaraq İranın Cənubi Qafqazda mövcudluğuna son qoyulur. Çünki Cənubi Qafqazın ən güclü ölkəsi Azərbaycandır; Azərbaycan olmadan bu regionda heç bir iqtisadi layihəni həyata keçirmək mümkün deyil. Azərbaycan isə Türkiyə və Pakistanla birləşərək, həm də regionun faktiki olaraq hərbi-güc faktoruna çevrilib və milli maraqlarını qəti şəkildə müdafiə etmək iqtidarında olduğunu sübut edir.

Azərbaycan artıq uzun müddətdir ki, İlham Əliyevin simasında “qazanan və qazandıran” ölkə olaraq müsbət imic formalaşdırıb: ya regional layihələrdə Azərbaycanın qazanmasına və sənə iqtisadi baxımdan böyük töhfələr verməsinə görə səmimi işbirliyinə və qarşılıqlı əlaqələrə gedəcəksən, ya da regional layihələrdə iştirak etməyəcəksən.

Hətta Rusiya belə Azərbaycan-Türkiyə birliyi ilə Cənubi Qafqazda daha təhlükəsiz mühit və daha yüksəksəviyyəli iqtisadi əlaqələrin olması perspektivini qiymətləndirir və bu istiqamətdə önəmli addımlar atır. Əlbəttə, Rusiya siyasəti yekcins deyil və ayrı-ayrı qrupların dövlətin bu və ya digər qanadına təsirləri nəticəsində vaxtaşırı təxribatlar müşahidə edilir. Ancaq Putinin simasında dövlətin iradəsi ortadadır və Moskva-Ankara-Bakı üçbucağının mövcud coğrafiyanın hüdudlarını aşdığını müşahidə edirik.

İranla isə yüksəksəviyyəli təmaslar müşahidə edilmir. Yeni Prezident Rəisi region ölkələrindən yalnız Ermənistan lideri ilə “qardaşlıq” görüşü keçirib. Geniştərkibli platforma təkliflərini qiymətləndirməyə və maraqlarını çərçivəyə salmağa tələsmir, daha çoxunu və ya hamısını almağa həvəslənir, əvəzində isə regiondan sürətlə uzaqlaşdırılır.

Bu da təbiidir: heç bir perspektivi olmayan Ermənistan üzərində qurulan siyasət iflasa məhkumdur.

Yeri gəlmişkən, İran 15-20 il əvvəlki kimi, Azərbaycana meydan oxumaq imkanında da deyil. Əvvəla, ona görə ki, iqtisadi sanksiyalar İranın yüzmilyardlar itirməsinə gətirib çıxarıb və bu ölkə müasir texnoloji avadanlıqlar ala bilmir – təyyarələrinə, neft-qazma qurğularına qədər köhnəlib və sıradan çıxıb. İkincisi, Yaxın Şərq iddiası İranın ciddi maliyyə və hərbi itkiləri ilə müşayiət olunur və proses davam edir. Üçüncüsü, Azərbaycan hərbi-iqtisadi baxımından 15 il öncəki deyil və öz milli maraqlarını bütün müstəvilərdə qorumaq qüdrətindədir.

Dördüncü və ən əsası: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və siyasi qüdrətini artırması dünya azərbaycanlılarının milli hisslərinə də əhəmiyyətli dərəcədə təsir edib – o cümlədən İran azərbaycanlılarının. İran öz əhalisinin maraqları və deməli, dövlət maraqları naminə Azərbaycan dövləti ilə hədə dilində danışmaqdan imtina etməlidir.

Nə qədər bu hədə və təhdid artacaqsa, İranda azərbaycanlıların milli duyğularına da o qədər təsir göstərəcək və bu, İranın olduqca ciddi daxili etnik problemlərinin üstünü aça, psixoloji qarşıdurmaları açıq müstəviyə keçirdə bilər.

Üstəlik, Azərbaycan Şuşa Bəyannaməsi ilə Türkiyənin himayəsi altındadır. NATO-nun ikinci ən böyük ordusuna sahib olan qardaş Türkiyə ilə hərbi müqavilənin üzərinə nüvə dövləti olan qardaş Pakistanı da əlavə etsək, İranın Azərbaycana meydan oxuması olduqca təhlükəli tendensiyadır.

Azərbaycan artıq onunla güc dilində danışmağa kimsəyə haqq və imkan tanımır: Bakı yalnız səmimi dostluqda və iqtisadi mənfəətdə maraqlıdır. İran ya bu faktı qiymətləndirəcək, ya da Qarabağın yenidənqurulması prosesində İsrail şirkətlərinə daha geniş imkan tanınması faktı və regiondan çıxarılması həqiqətinə hazırlaşmalı olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button