İranın XİN başçısının serial söhbəti gülüş hədəfinə çevrildi – Şərh

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfəri zamanı ölkəsinin Rusiyadakı səfirliyinin əməkdaşları ilə görüşündə səsləndirdiyi bir fikir gülüş obyektinə çevrilib.

İranla Cənubi Koreya arasında olan mübahisəli məsələ barədə bəhs etdikdən sonra mövzunu inkişaf etdirəcəyik.  

Qərbin İrana nüvə proqramı ilə bağlı öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək tətbiq etdiyi sanksiyalar Tehranın bank əməliyyatları keçirməsini bloklayır.

İran Cənubi Koreyada 7 milyard dollar məbləğində vəsaitinin olduğunu bildirir, bu pulların geri qaytarılması üçün danışıqlar aparılsa da, nəticə ürəkaçan deyil.

Bu ilin sentyabr ayında İran Prezidenti İbrahim Rəisi ali lider Seyid Əli Xamneinin göstərişinə əsasən, Cənubi Koreyanın LG və Samsung şirkətlərinin istehsalı olan məişət texnikalarının idxalına qadağa qoyan əmr imzalayıb.

İranda hesab edirlər ki, Tehranın bu qadağası İranın dondurulmuş vəsaitləri məsələsini həll etmək üçün Cənubi Koreyaya təzyiq vasitəsi ola bilər.

Lakin İran cəmiyyətində fikirlər müxtəlifdir, məsələn, bəziləri düşünür ki, Cənubi Koreya məhsulları çox keyfiyyətlidir və onların bazardan sıxışdırılması Çin şirkətlərinə fayda verəcək.

İki ölkə arasındakı problemin qayəsinin bütün detallara varmadan qısa şəkildə çatdırdıq, indi isə Abdullahianın çıxışına qayıdaq.

Abdullahian səfirlik əməkdaşları ilə söhbətində cənubi koreyalı həmkarı Çunq Eui-Yonqla bu yaxınlarda baş tutan telefon danışığının detallarını açıqlayıb.

İlk baxışda təəccüblü bir şey yoxdur, lakin Abdullahianın özünü ölkəsinin təəssübkeşi göstərmək üçün gətirdiyi dəlil olduqca primitiv səslənib.

Cənab Abdullahian bildirib ki, koreyalı həmkarı ilə müzakirələrində ona deyib ki, Cənubi Koreya İranın blokadada qalan pullarının geri qaytarılmasını təmin etsin.

Maraqlıdır ki, Abdullahian həmkarı ilə təhdid ritorikasında danışdığını da etiraf edib. Ancaq serial səviyyəsində.

Abdullahian həmkarına deyib ki, əgər Cənubi Koreya vədlərinə əməl etməsə, İran da Cənubi Koreya seriallarının ölkədə yayımlanmasına qadağa qoyacaq.

Onun diplomatik tərzə yaraşmayan arqumenti, seriallar səviyyəsində mühakimə yürütməsi sosial şəbəkələrin İran seqmentində gülüş obyektinə çevrilib və tənqidə səbəb olub.

Sosial mediada bildiriblər ki, bu cür təhdidlərin heç bir təsiri yoxdur.

Abdullahianın fikrindən çıxan nəticə budur ki, İranın Cənubi Koreya şirkətlərinə tətbiq etdiyi qadağa effektiv deyil, daha çox nəzəri xarakter daşıyır İranın öz iqtisadiyyatına zərər gətirir.

Aqşin Kərimov

Hamısını Göstər

Related Articles

Back to top button