İranın yuxusuna haram qatan səbəblər – politoloqdan maraqlı açıqlama

Sülhəddin Əkbər: “Tehranın narahatlığının əlamətlərini təzə görməyə başlamışıq, hələ yolun başlanğıcındayıq”

İranla Azərbaycanın münasibətlərində gərginlik müşahidə edilir. Yaranmış vəziyyətin səbəbkarı və günahkarın İran olduğu isə hər kəsə aydındır. Təkcə ona görə yox ki, İran Ermənistanı son 30 ildir açıq şəkildə müdafiə edir. Hər bir dövlət dostunu özü seçir, düşmənini özü müəyyən edir. Üçüncü dövlətin buna qarışması diplomatik və etik baxımdan da düzgün olmaz və Azərbaycan da bu qaydalara həmişə əməl edir. Sadəcə, biz İranın Ermənistanı müdafiə etməsinə İslam amili çərçivəsindən yanaşıb, onu qınayırıq. Müsəlman azərbaycanlıların qanını tökən, torpağını işğal edən, dədə-baba torpaqlarından itkin salan bir qövmü İranın müdafiə etməsi sırf dini-mənəvi baxımdan bizi incidir.

Bütün bunlar azmış kimi, İran 44 günlük müharibədən sonra da Ermənistanı hər turlu dəstəkləməkdə, ona qayğı göstərməkdədir. Həm də Azərbaycana qarşı qanunsuzluq, saymazlıq edərək. İki ölkə arasında münasibətləri daha da gərgin həddə daşıyan olay İran TİR-larının Qarabağ ərazisinə qanunsuz  şəkildə yük və başqa ləvazimatların daşıması olub. AzadlıqRadiosunun məlum reportajından sonra bu qanunsuz əməli ifşa edilən İran Azərbaycandan üzr istəmək əvəzinə, təhdidə keçib. İran dini lideri Ayətullah Əli Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə Amili İranı nəzərdə tutub. İran bunun üstündən bir də əzələ nümayiş etdirir Azərbaycana. Azərbaycanla sərhəddə hərbi təlimlərə də başlayıb. Bu məqsədlə də SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməyə hazırlaşır. Açıq şəkildə Azərbaycanı təhdid edirlər.

Bir məqamı da xatırladaq ki, 2006-cı ildən bu yana ABŞ-ın, İsrailin İranla bağlı planlarından Prezident İlham Əliyev Azərbaycanı uzaq tutub. Dəfələrlə bildirib ki, Azərbaycan qonşu ölkələrlə bağlı bu cür planlarda iştirak etməyəcək. Əvəzində İran bizim düşmənimizə, torpaqlarımızı işğal edib, vətəndaşlarımızı qətlə yetirən, didərgin salan bir aqressora qucaq açıb 30 ildir. Bu bizim mərdliyimiz, o da İranın bizə münasibəti.

İranı bu qədər qızdıran, Azərbaycan əleyhinə açıq-aşkar fəaliyyət göstərməyə vadar edən nədir? Rəsmi Tehran niyə Azərbaycanı, Türkiyəni özünə düşmən etmək hesabına Ermənistanı bu qədər müdafiə edir? Bu prosesdə hətta beynəlxalq qanunları, indiyədək iki ölkə arasında imzalanmış sənədləri pozur? Qarabağda tikilən aeroportlardan narahatdır? Yoxsa bütövlükdə Azərbaycanın regionda güclənməsi, işğaldakı torpaqları azad etməsi cənub qonşumuzu özündən çıxarıb?

Sülhəddin Əkbər: "Azərbaycan lazım bilsə, Rusiya sülhməramlılarını Qarabağdan çıxarar'' - BBC News Azərbaycanca

Sülhəddin Əkbər 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycana münasibətinin bu şəkildə olması dərin məsələdir: “Birincisi, bu məsələnin tarixi qaynaqları var, tarixdən qaynaqlanan istiqamətləri var. İkincisi, indiki cari vəziyyətdən, hazırda yaranmış vəziyyətdən qaynaqlanan səbəblər mövcuddur. Bu səbəbləri iki qrupa bölə bilərik; Strateji səbəblər və operativ taktiki səbəblər. Əsas səbəb ondan ibarətdir ki, İran, ümumiyyətlə, Azərbaycan türklərinin milli dövləti olan Azərbaycan Respublikasının yaranmasını özünə təhdid hesab edir. Çünki Azərbaycan türklərinin böyük hissəsi, eyni zamanda onların torpaqlarının böyük hissəsi bu gün İran adlanan dövlətin ərazisindədir. Şimalda demokratik, dünyəvi, rifaha qovuşmuş, qalib Azərbaycan bugünkü İranda yaşayan Azərbaycan türkləri üçün də cəzbedici nümunə olur. Xüsusən də keçən il gördük ki, Azərbaycanın müharibədə uğurlar qazanması cənublu qardaşlarımızı necə ruhlandırır. Yəni prinsip etibarilə İran demokratik, dünyəvi, müstəqil Azərbaycan milli dövlətini öz birliyi üçün təhdid sayır. Bu, təməl səbəbdir. Nəzərə alsaq ki, İranı 1923-1925-ci illərə qədər min il ərzində Azərbaycan türkləri idarə ediblər və bu, tarixi faktdır, ondan öncə də bu torpaqlarda böyük Səlcuqlar imperiyası mövcud olub, sonra Azərbaycan Atabəylər dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və nəhayət, Qacarlar dövləti olub. 1923-1925-ci ildə Rusiya və Böyük Britaniya imperiyalarının birgə dəstəyi ilə türk sülalələri hakimiyyətdən devriliblər və fars sülaləsi olan Pəhləvilər hakimiyyətə gətiriliblər”.

Cari vəziyyətdən qaynaqlanan səbəblərə gəlincə, S.Əkbər dedi ki, birinci səbəb, Azərbaycanın Qarabağ savaşında qalib gəlməsi, güclənməsidir. Bu, İranı ciddi şəkildə narahat edir: “Çünki yuxarıda qeyd etdiyim kimi, bu vəziyyət bütün Azərbaycan türklərini ruhlandırır. İkincisi, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqlik də daxil olmaqla, strateji müttəfiqlik qurması, Şuşa Bəyannaməsinin imzalanması İranı çox ciddi narahat edir. Mən əsas ümumi məsələləri deyirəm. Sözsüz ki, törəmə xırda məsələlər çoxdur. Törəmə səbəblərdən biri Azərbaycanın azad etdiyi ərazilərdə hava limanları inşa etməsidir ki, bu məqam da İranı narahat edir. Azərbaycanda Türkiyə ordusu modelli ordunun qurulmasını da Tehran narahatlıqla qarşılayır. İran kəşfiyyatı işləyir və bilir ki, Azərbaycanın Türkiyə ilə münasibətlərinin strateji xarakter alması bütün sahələri əhatə edir. İsraillə Azərbaycanın yaxın dostluq münasibətlərindən də Tehran narahatdır.

Xüsusən də regionda hadisələrin inkişaf perspektivi İranı əndişələndirir. Hadisələrin türk dünyasının güclənməsi xeyrinə inkişafı Tehranın yuxusuna haram qatır. Türk dövlətləri birliyinin hansısa formada yaradılması məsələsi gündəmdədir. Belə olan halda İranın narahat olması və narahatlığının get-gedə artacağı gözləniləndir. Amma bu gün Azərbaycan-İran münasibətlərinin kəskin və pik nöqtəsinə gəlib çatdığı barədə fikirlərlə razı deyiləm. Münasibətlərdə müəyyən gərginlik var. Hələlik gərginlik adlandırsaq, daha doğru olar. İranın narahatlığının əlamətlərini hələ biz təzə görməyə başlamışıq. Hələ yolun başlanğıcındayıq”.

Hamısını Göstər

Related Articles

Back to top button