İsmayıllıda “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib-Foto
İsmayıllı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta
məktəbdə “Zərərli vərdişlərə yox deyək” adlı növbəti maarifləndirici tədbir
keçirilib. Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidi, həmin təhsil
müəssisəsində müəllim işləmiş Famil Əhmədzadənin xatirəsinə hazırlanmış guşəni
ziyarət edib, onun məktəbdə çalışdığı zamanlarda hazırladığı tarix muzeyinə baxış
keçiriblər. Qeyd olunub ki, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda
canından keçən qəhrəmanlarımızın əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
Daha sonra mövzu ətrafında çıxış edən rayon polis şöbəsinin rəisi, polis
polkovniki Şəmşir Kazımov narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə
vurduğu zərərlərdən danışıb, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o
cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını
məlumatlandırıb. Ş.Kazımov gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi,
sağlam inkişaf etməsi istiqamətində ölkəmizdə görülən işlər, həyata keçirilən
tədbirlər barədə ətraflı məlumat verib.
Sonda polis əməkdaşları məktəblilərin suallarını cavablandırıb və onlara
asudə vaxtlarında səmərəli işlərlə məşğul olmalarını tövsiyə ediblər.