İsrail ordusu Dəməşq yaxınlığında İranın dron zavoduna aviazərbə endirdi
İsrailin Dəməşq yaxınlığındakı hədəflərə endirdiyi aviazərbələr nəticəsində üç Suriya əsgəri, Livanın “Hizbullah” təşkilatı ilə əlaqəli iki suriyalı və daha üç əcnəbi olmaqla azı səkkiz nəfər həlak olub.
Bu barədə Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SİHMQ) açıqlama verib.
SİHMQ-nin məlumatına görə, əcnəbilər və “Hizbullah”la əlaqəsi olan suriyalılar Əs-Seyyid-Zeynəb bölgəsində pilotsuz aparatların yığıldığı zavoda raket zərbəsi nəticəsində həlak olublar (daha əvvəl orada silah anbarına hücum edildiyi bildirilirdi). Obyekt tamamilə dağılıb.
Suriya hərbçiləri Əl-Maza aviabazasının perimetri boyunca yerləşən hava hücumundan müdafiə batareyalarına hücum nəticəsində həlak olublar.
“Əl-Ərəbiyyə” nəşri bununla bağlı bildirib ki, İsrail hərbi hava qüvvələrinin Dəməşq yaxınlığındakı hədəflərə endirdiyi zərbə nəticəsində İran qüvvələrinin yerləşdiyi hərbi bazalara ziyan dəyib.
Mənbələrin verdiyi məlumata görə, Suriya Hərbi Dəniz Qüvvələrinə məxsus bazalarda Suriya İran əsgərlərini yerləşdirir və iranlıların da Suriya hərbi hissələrində mağaza və anbarları var.
Bundan əlavə, ötən həftə İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı İran hərbçilərinin orada yerləşdirilməsi və bununla da Suriya ərazisində İran qüvvələrinin mövqelərinin gücləndirilməsi məsələsini müzakirə etmək üçün Suriyaya səfər edib.