Viktor Çobanu: “Tezliklə Ukrayna Xersonu geri alacaq, nəinki Rusiya Odessaya çatacaq” – Kişineudan müsahibə

Son bir neçə gündə Moldovanın Dnestryanı bölgəsinin separatçıları kəskin şəkildə fəallaşıblar. Belə ki, özünü “Dnestryanı Moldova Respublikası” elan edən ərazinin “xarici işlər naziri” Vitali İqnatyev bildirib ki, “DMR” Rusiyaya birləşmək niyyətindədir. Eyni zamanda, o, 17 sentyabr 2006-cı il tarixli qondarma “referendum”a istinad edərək, onun nəticələrinin “müstəqillik” və “Rusiya Federasiyasının tərkibinə sərbəst daxil olmaq” imkanı verdiyini bəyan edib.

Bundan bir qədər əvvəl isə separatçıların lideri Vadim Krasnoselskinin təmsil etdiyi “DMR” hakimiyyəti rəsmi Kişinyovdan “region üçün sülh və təhlükəsizlik zəmanəti ilə” bağlı müqavilə bağlamağı tələb edib. Moldova tərəfi də öz növbəsində qeyd edib ki, belə bir müddəa yalnız Moldova Respublikasının hamılıqla tanınmış sərhədləri çərçivəsində Dnestryanı münaqişənin hərtərəfli həllinə dair yekun sənədə daxil edilə bilər.

Tanınmış moldovalı politoloq Viktor Çobanu Oxu.Az-a şərhində vurğulayıb ki, Vitali İqnatyevin bəyanatı heç bir əsaslı xarakter daşımır:

– Bu, sırf Kremlin təsiri altında olan bir agentin bəyanatıdır. O, Rusiya rəsmilərinin – xarici işlər naziri Sergey Lavrov, xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova və Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqladığı xəttə uyğun işləyir. Onlar deyirlər ki, Moldova Qərbin iradəsini yerinə yetirir. Lavrov isə ümumiyyətlə Ukrayna və Moldovanın qibtə olunmaz taleyindən dəm vurur.

Dnestryanı da bu bəyanatlara reaksiya verməli olub. Bunun üçün isə Vitali İqnatyevdən istifadə edilib. O, da öz növbəsində növbəti işçi bəyanatını verib. Biz uzun illərdir ki, bu bəyanatları eşidirik. Rusiya hazırda gərginlik dərəcəsini artırmaqla oynayır, Qərblə bağlı çoxlu bəyanatlar verir. İndi də Dnestryanıdan olan əhəmiyyətsiz bir fiqurun sözləri səslənib. Təbii ki, heç kim bu açıqlamaya əhəmiyyət verməyəcək, heç kim onun ardınca getməyəcək.

Yeri gəlmişkən, Lavrov və Zaxarova kifayət qədər sərt danışıblarsa, Peskov əksini edib. O bildirib ki, Rusiya Moldovaya hücum etmək fikrində deyil. Bu, Rusiyanın ölkəmizə qarşı xarici siyasətinin klassik sxemidir.

– Dnstryanı separatçılarının nümayəndəsi 2006-cı ilin “referendum”unu xatırladıb. Bəs kimsə o “referendum”u tanıyıbmı?

– Nə Moldova, nə də başqa ölkələr “referendum”u tanımayıb. Onun heç bir hüquqi əsası yoxdur.

– Bu arada mətbuatda Moldova hakimiyyətinin Dnestryanı separatçılarının lideri Vadim Krasnoselskinin “region üçün sülh və təhlükəsizlik zəmanəti” üzrə saziş bağlamaq təklifini rədd etdiyi barədə məlumatlar yayılıb. Bütün bunlar nə ilə bağlıdır?

– Bu, Krasnoselskinin tamamilə absurd bəyanatıdır. O, “5+2” formatında görüş və Dnestryanıya beynəlxalq təminat tələb edir. “5+2” formatına Moldova, ATƏT, Aİ, ABŞ, Dnestryanı ilə yanaşı, müharibə şəraitində olan Rusiya və Ukrayna da daxildir. De-fakto bu platforma artıq mövcud deyil. De-yure hələ də mövcud olsa da, artıq üç ildir ki, iştirakçılar toplaşmır. Deməli, “DMR” nümayəndəsinin bu bəyanatında əsaslı heç nə yoxdur. Krasnoselski sadəcə Kremlə hesabat verir. Məsələ budur.

– Bəs indi heç nə Moldovanın təhlükəsizliyini təhdid etmir? Rusiyada tez-tez deyirlər ki, bütün hasil olan nəticələrlə birgə Dnestryanıya çatacaqlar.

– Bəli, Rusiya Odessanı işğal edib Dnestryanıya çatmaq planlarından əl çəkməyib. Amma indi döyüş meydanlarında baş verənlər göstərir ki, Rusiya Federasiyasının Odessaya çatmasındansa, Ukraynanın Xersonu geri alması ehtimalı daha çoxdur. Beləliklə, Ukrayna sayəsində Moldova da təhlükəsizlikdədir.

Hamısını Göstər

Related Articles

Back to top button