Səfir: Azərbaycan Afrika ilə həm COP29-dan əvvəl, həm də sonra tərəqqi üçün səylərini birləşdirir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tarixən məhdud əlaqələri və tərəfdaşlığı olan ölkələri bir araya gətirən platformaya çevrilməlidir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev “Standard” nəşrində dərc olunan məqaləsində bildirib.

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı o qeyd edib ki, Azərbaycanın bu tədbirə yanaşmasında inklüzivlik prinsipi əsas yer tutur:

“COP29 təkcə seçilmiş bir neçə nəfər üçün deyil, hər birimiz üçündür. İnklüzivlik təkcə düzgün deyil, həm də məntiqlidir. Müxtəlif səslərin və perspektivlərin eşidilməsi və hörmət edilməsi üçün imkanlar yaratmaqla biz daha güclü ittifaqlar qura və iqlim dəyişikliyi ilə mübarizədə təkbaşına əldə edə bilmədiyimizdən daha yaxşı nəticələr əldə edə bilərik.

S.Hacıyev deyib ki, COP29-un Rəyasət Heyətinin danışıqlar üzrə qrupu müxtəlif tərəfdaşlar ilə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir və kollektiv fəaliyyətin uğuru üçün böyük əhəmiyyət kəsb etdiyini başa düşür:

“Birlik axtarışımızda biz Qlobal Cənub və Qlobal Qərb arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırıq. COP29 tarixən məhdud əlaqələri və tərəfdaşlığı olan ölkələri bir araya gətirən güclərin multiplikatoru və inteqratoru olmalıdır. Belə nümunələrdən biri kimi Azərbaycan və Keniya arasında artan tərəfdaşlığı göstərmək olar”.

Səfir əlavə edib ki, Keniya ilə yaxşı əlaqələri olan Azərbaycan xüsusilə də Keniyanın iqlim dəyişikliyinin həllində əsas rolu fonunda əməkdaşlığı gücləndirməyə ehtiyac görür.

Diplomatın sözlərinə görə, COP29 və ya bu yaxınlarda BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı iclası kimi tədbirlər dünya ölkələrinin ətraf mühitin mühafizəsi üzrə səylərini kollektiv şəkildə əlaqələndirə bilməsi ilə bağlı mühüm nümunələrdən biridir:

“Azərbaycan Keniya ilə güclərini birləşdirməkdən məmnundur. Çünki bununla həm COP29-dan əvvəl, həm də sonra tərəqqi üçün səylərimizi birləşdiririk. Lakin bu, yalnız Keniya və Azərbaycanın üzərinə düşən missiya deyil: inkişaf etmiş ölkələr Keniyaya və əslində bütövlükdə Afrikaya daha çox maliyyə, texnologiya transferi və iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirmək üçün imkan vermək üçün daha çox iş görərək öz üzərinə düşəni etməlidir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button