İsrailin sabiq Müdafiə naziri: “Sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir”

İsrailin keçmiş Müdafiə naziri Aviqdor Liberman Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaya münasibət bildirib.

Bu barədə “Vesti İzrail” nəşri yazıb.

“Atəşkəs özlüyündə yaxşı xəbərdir. Əsgərlərin, dinc əhalinin ölümünə son qoyulur. Bu cür sülhə nail olunması faktını yalnız alqışlamaq olar. Yer üzündə çox sayda qarşıdurma, çoxlu problem, çoxlu qan var. Əgər bu bölgədəki qarşıdurmanı dayandırmaq mümkün olarsa, bu digərləri üçün də nümunə olacaqdır. Bu məsələnin birinci tərəfidir.

İkincisi: Atəşkəs – Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsi qələbəsidir. Bu cür qərarların nə qədər çətin qəbul edildiyini başa düşürəm. Bu, ilk növbədə məhz onun iradi qərarıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır olmaq insan xarakterindən, vəziyyəti dəqiq təhlil etmək və düzgün nəticələr çıxarmaq qabiliyyətindən xəbər verir. Bu razılaşma beynəlxalq statusunu gücləndirməklə yanaşı, onu milli və regional liderə çevirdi. Bu vəziyyətdə millətin konsolidasiyası və dövlətçilik anlayışının möhkəmlənməsində yeni bir mərhələdən danışmaq olar.

Üçüncüsü: Atəşkəs – son 30 ildə Qarabağ probleminin heç də ən uğurlu ssenari üzrə inkişaf etmədiyi bütün Azərbaycanın qələbəsidir. Ölkənin və onun ordusunun indiki nailiyyətləri daha təsirlidir. Bağlanan sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir.

Dördüncüsü: Tərəfləri razılığa gətirməyə nail olan Rusiya Prezidenti Vladimir Putinin böyük diplomatik uğurunu qeyd etmək lazımdır.

Beşincisi: Bununla da münaqişəyə nöqtə qoyulacağına, tərəflərin bütün səylərini itkilər və böyük xərclərlə əlaqədar hərbi qarşıdırmaya deyil, iqtisadiyyatın möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldəcəyinə ümid etməyi çox istərdim.

İsrail öz növbəsində ümid edir ki, yeni “müharibə sonrası” mərhələ ikitərəfli münasibətlərin möhkəmlənməsi yardım edəcək, bu torpaqlarda bundan sonra heç vaxt qan axmayacaq”, – deyə A.Liberman bildirib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button