MƏN ŞUŞAYAM, AZADLIĞAM, AZADAM

“Şuşa, biz səni dirçəldəcəyik!”
İlham Əliyev

(Şuşa ilində son essevari yazı)

Bəşəriyyət olaraq bir səma altında və bir planetdə   yaşayırıqsa, bu planeti biz də xilas etməliyik.Mən, insandan dəyərli, maraqlı,lakin mürəkkəb obrazlı heç nə tanımıram.

Artıq bir neçə gündür ki, ölkənin ekofəllarının, vətəndaş cəmiyyəti – QHT və KİV təmsilçilərinin Şuşada keçirilən təbii sərvətlərimizin talan edilməsinə qarşı dinc aksiyası bir an səngimir. Əksinə, miqyası genişlənməkdə davam edir, səsi dünya ölkələrinin də diqqətini cəlb edib. Transmilli mütəşəkkil cinayətkarlığın bu növü Sülhməramsızların gözü qarşısında baş verdiyindən onlar da, bu cinayətlərin bilavasitə iştirakçısıdır. Yəni, Azərbaycanın sərvətini talayanlar  mütəşəkkil  bir dəstənin  birgə iştirakı ilə bu əməli icra edir ,cinayətkar birliyə mane olmadan, təhlükəni  aradan qaldırmadan qarşı tərəfə yardım  və havadarlıq edir, törətdiyi cinayətin  nəticəsini öncədən görür və  bir növ onu arzulayı(b)r.

Nə etmək  ki, yer kürəsinin milyardan çox əhalisinin zəhməti batıb gedir, dığırlanıb quyunun dibinə düşür. Tanrı insanı yüksək dəyərlərə malik bi biçimdə yaratdığından o müqəddəs varlıq yalanın köləsinə çevrilməməlidir. Təəssüflər olsun ki, ali dəyərlərə malik homo sapiens-ziyalı varlıq və  haqq sahibi  narkomanlığa qurşanır, terrorçuluğa meyl edir, insan alverinin təşkilatcısına və qurbanına çevrilir, quldurluq edir, vətəndaşların və dövlətin əmlakını talayır, qətllər törədir, qarətlə məşğul olur, rüşvətxorluq edir və s. Yəni ümumi maraqdan uzaq durur, yalnız  özünü düşünür.

Həyatı bəzəyən insan(ın) əməlidir. İnsan öz əməlinin təhlükəlik dərəcəsinə uyğun şəxsiyyət kimi formalaşır və özünə xas kriteriyalarını davranışları ilə təsdiqləyir. Bu baxımdan hər bir fərd- İnsan öz dövrünü yaşamalı olur. İnsan dövrdən, dövr də insandan başlayır, – deyərdim.

Dövlətinə mənsub olan,onunla siyasi və hüquqi bağlılığı olan vətəndaş “Kolye“kimi dövlətin boynundan asılı qalmamalı, çalışmalıdır. Necə deyərlər, hər şeyi dövlətdən tələb edənlərə Dövlətin də bir sualı ola bilər: ”Siz dövlət üçün nə etmisiz?”…

Tanrı xəlq etdiyi hər kəsə çəkisinə uyğun  güc verir. O güc ilə də yaşamağa məhkumdur. Başqasının gücünə möhtac olduqda yarı yolda qalar. Gedəcək mənzil uzaqdırsa lap pis.

Xəyala daldığım boş vaxtlarımın birində bəzən uçan quşlar diqqətimi çəkir. Quşlar da rahat budaq, yer gəzir. Həvəslənib mən də rahat yer axtarmaq üçün qanad istəyirəm. Cidir düzündən baxanda uşmaq çox rahat görünür…

Həyatda Allahın ağıl sahibləri üçün əxz etdiyi ibrətamiz hikmət nişanələri çoxdur. Bəzən dam örtüklərindən axan damcıların daşı tələsmədən necə dəldiyini görəndə heyrət etməmək olmur. Adi baxışda aciz görünən  damcıların gücünə baxın! Damcılar yaşamaq üçün mübarizə aparır. Qayaların oyuq-oyuq olduğunu uşaq çağlarımda doğulduğum və boya – başa çatdığım kəndimizin təbiətində, Şuşanın qəribsəmiş dağlarında çox görmüşəm. Saf damcıların içində sezilməyən bir güc varmış…

Buludların da  iri futbol kosu kimi birləşib iti sürətlə göydə  qovulduğuna  şahidlik etmişəm. Görən buludların çəkisi varmı,-sualın cavabını da sonralar anlamışam. Sən demə pənbə buludların çəkisi yerə enən yağmurun çəkisi qədərmiş.

Canlı və cansız aləmin içində bir vulkan olur. Çəyirdəyin içindəki tum püskürməsə torpağı çatladıb üzü səmaya baş qaldırmaz. Toxumun torpaqda yatmış vulkan tək püskürməsi İlahi zərurətdən baş verir . Çürük tumlara bu cəhət xas deyil.

Şuşanın qisasını almaq üçün də düşmənə bir qəzəb və nifrət  vülkanı  püskərməliydi.O nə gec,nə də tez, 2020-ci lin 8 noyabrında-zəfər günündə  baş verməliydi .

Səmavi kitablardan oxumuşam ki,  Rəbbimiz dağları  yer yırğalanmasın, müvazinətini  qoruyub saxlaya bilsin,- deyə torpaq səthinə döşəyib. Vaxt – vədə yetişəndə yerin altı üstünə çevriləcək. Qabarıb içində nə varsa çölə atılacaq. Dəmirin dəmir canı, taxtanın da taxta canı var. Dəmirin dəmirçinin körüyündə necə yumşalıb gözləmədiyi şəklə düşməsi, taxtanın da ustanın əlində aciz görkəmdə qalıb insana  “ram” olması möcüzə deyilmi? Dəmir və taxtanı da… hər şeyi  insan üçün ram edən ODUR!  Yetər ki, ağılla və müdrüklüklə istifadə olunsun.

Müasir dünya  yaman cansıxıcı və darıxdırıcıdır. Niyəsini bilmirəm. Yaxın sandığım, ərk etdiyim, ürək bağladığım insanlarla təmasda olsam belə, əhvalım açılmır. Üsyan etməyin də yeri yox. Dövran hər tərəfdən kardioloqun təzyiq ölçən aparatından betər adamı sıxır. Özəl dövrüm, tövrüm də, həmma ömrüm də pozulur. Düşüncələr quş  yuvalarında “ətcə bala” quşlar kimi ağzını açıb “yem” gözləyir. Qanadı olmasa da pərvazlanmaq istəyi onu  yuvarladıb yerə salır.

Nə edəcəkdi ki? Qiyam qoparmağa taqəti, yaradılışa asi olmağa tabı yox. Zamandan  xeyir görənlər azdır. Xalqı ayağa qalxmağa, danışmağa sövq edən səbəblər çox olur. Amma buna həmişə imkan da olmur. Ürək göynədən günləri bloklamaq isə mürəkkəb məsələdir…

İndi sifəti bülövlənmiş dünyanın  bizimlə üz-üzə durmağa üzü yoxdur. Əlimizdən batmanla aldığı haqqı indi xəlbirlə,qram-qram qaytarır.

Torpağa basdırıb ehtiyatda saxladığımız qəzəbin çoşması ilə zəfərin əldə edilməsi bir oldu, 44 gün çəkdi. Şəhidlik zirvəsində adları həkk olunan gənclərimizin əksəriyyəti həyatdan nakam getsələr də, Vətən sevgisinin himnini öz qanları ilə torpağa yazdılar.  

Şair demişkən :“… Olsa cəmiyyətdə özgə ehtişam
                            o lap Firona da olacaq qənim.
                            Mən zülmün kötəyi çoxdan olmuşam
                            mən arı pətəyi ola bilmədim” …

Şəhidlərin, qazilərin  və müharibə iştirakçılarının qəhrəmanlıq səlnaməsi başımızı Ərşi Əlaya ucaltdı… Onlar gələcək nəslə örnək olan çox şey qoydular. Şuşada günlərlə davam edən və dünyaya görk olacaq dinc aksiya VƏTƏNSEVƏRLƏRİN qürurverici davranışlarının canlı təzahürüdür. Milli mənliyimizin və birliyimizin əsil oyanış dövrü başlayıb, şövqlə davam edir. Xalq-ordu, polis və vətəndaş cəmiyyəti “ÇUBUQ DƏSTƏSİ”(Tək çubuq zəifdir,sındırmaq asandır.) kimi birləşib ağrı-acılara məlhəm qoyur. Mən  də, o dinc aksiyanın iştirakçısı olanda çox şey gördüm. Bizim qəhrəman övladlarımız çoxmuş,çox! Tanrı hər birini qorusun!

Zaman olub Bayrağımız çadırlarda sancılıb. Təbiətin şıltaqlığından dəlik-dəlik olmuş Bayrağımız  elə o çadırlara bənzəyərdi. Xəcalət təri bizi çox üzürdü ,usandırırdı. O çadırlarda igidlər böyüyürmüş, anlamamışıq. Bayraq  sancılan o çadırlar gələcək döyüşçü- igidlərimizin mənzil- qərargahı imiş.Orada 2020-ci ilin qəhrəmanları-ƏRTOĞRULLAR  ərsəyə gəldi. Bakı küləyi Bayraqları  dalğalandırdıqca igidlərin barıt qoxulu nəfəsi havada şimşəyə dönüb vaxtını-vədəsini gözləyirmiş. Çadırlardan zamanın boz üzünə baxan yeniyetmələr sonra zamana “ağ”  oldular. Daha yalan vədlərə inanmadıq. Əzabımız uzun oldu, haqqın və ədalətin əsl yozumu isə olmadı. Param-parça, dəlik-dəlik olmuş Bayrağımız qəhrəmanlarımıza bələndi…

Şəhid olmuş Şəhər- Şuşa “Qəhraman” şəhərə çevrildi. Qəhraman igidlərin qəhramanlığı ilə Şuşa azad oldu. “Mən Şuşayam,Azadlığam,Azadam”,-deyə haray qopardı…

Şuşa azad ediləndən sonra  nələr çəkdiyini bildik. Uzun illər övladları əyilib buz bulaqlarından  su içə bilmirdi. Hər dəfə payız, qış gəlib gedəndən sonra, bahar o dağlarda açılmağa xəcalət çəkər, küləklər də orada yorğun – yorğun dolanardı . Yamaclarda açılan çiçəklərin ləçəkləri solğun,gözəlliyi də qalmazdı. Şuşanı 30 il tənha qoyduq, əhvalını tutmadıq. Bu döyüşün də zamana ehtiyacı varmış  ,maqamı  çatmalıymış. Cəsarətlərinə qurban, Şuşanı nəfəslərilə qızdıra bildilər, qanları ilə tarix yazdılar. Vətənə olan  məhəbbət və sədaqət Şuşaya aparan sərt qayalardakı çətin, keçilməz yolu bir qarışlıq etdi. O izə necə düşdülər? Qalibləri Şuşaya aparan cığır indi Zəfər yoluna çevrilib, o günlərin döyüş səhnəsi bir nağıla dönüb. Həmin o ölüm-dirim anlarında dağlar da övladlarımıza xəsislik etmədi. Şaxtalı gecələrdə döyüşçülərimizin qəlblərindəki  Şuşa ocağı  soyuğu ram etdi. Ocağın şöləsi ünvanı olduğu kimi göstərdi…

Haşiyə çıxıram:Müasir Polşa millətçiliyin atası,pomantik şair Adam Mitskeviç yaşadığı dövrdə Polşanı”millətlərin İsa Məsihi”si adlandırmışdı.Polşanın Rusiya,Prussiya və Avstriya tərəfindən bölünməsindən onilliklər keçdi.1830-cu ildə polyakların azadlıq üsyanı ruslar tərəfindən qəddarlıqla yatırıldıqdan sonra  Adam Mitskeviç bir əsərində yazırdı:Polşanın dəhşətli əzablara tab gətirməsi,Məsihin fədakarlığı ilə müqayisə ediləcək həddə,bütün bəşəriyyət adından edilmiş bir fədakarlıqdır və qətlə yetirilən  Polşa da, Məsih kimi qayıdıb diriləcək! Məşhur parçada Mitskeviç ürək ağrısı ilə davam edir: Polşa üzünü Avropa xalqlarına tutaraq deyir”Kim yanıma gəlsə azad və bərabər olacaq,çünki mən AZADLIĞAM,AZADAM”.Lakin krallar  bunu eşidəndə -AZADLIQ sözündən qorxdular,polyak xalqını çarmıxa çəkdilər,sonra tabuta qoyaraq qışqırdılar:”Biz AZADLIĞI öldürdük və artıq dəfn etdik”.Amma bu o axmaqların qışqırtısı kimi də havaya sovruldu.. Polşa və Polşa xalqı ölməmişdi …

Polyakların həyatı Şuşalıların,Xocalıların,Kəlbəcərlilərin,Qubadlıların ,Zəngilanlılaran…həyatı qədər faciəli olub. Həyat əvvəlki məcrasına qayıdır…

1992-ci ilin may ayının 8-də geriyə Şuşasız qayıtdıq.” Duman, dağ ,Şuşa salamat qal “,-deməyə dilimiz gəlmədi. Topa qara buludlar Şuşanı zəbt etmişdi. O dağı, daşı, çiçəkli yamacları, buz bulaqları özümüzlə apara bilmədik. Nə vaxtsa görüşəcəyimizə heç ümid də qalmamışdı…

Uzun illər ot basmış doğma cığırlar da  yad ayaqları  altında çox zarıdı,səsini eşidən olmadı…

Şuşa Şəhid olmuşdu!

Şükür Allaha ,Şuşada doğma addımların səsi gəldi. Cıdır düzündə cəngi düzüldü. Üzeyir bəyin, Vaqifin, Bülbülün, Xan Qızının tunc heykəlləri o torpaqda bitdi. Könül rahatlığımız başlandı. Dərdimizi səsimizi küləklərə ötürdük. Şuşa qəhraman şəhərə çevrilib “günahlarımızdan “keçdi. Üşüyən ürəklər Şuşada qızındı. Sorulanlara cavab tapıldı, yaxşını- yamanla tutuşdura bildik.Dostumuzu  və düşmənimizi gec də olsa gördük , tanıdıq!

Cıdır gözümüzdə indiki kimi müqəddəsləşməmişdi,ucalmamışdı. Nə yaxşı ki, yolunda canlarını fəda üdənlər oldu,sən qayıtdın Şuşa,Qəhraman şəhər!

 Şuşa, sən Azərbaycanın Ərk qalası, mədəni və mənəvi abidəisən!

ŞƏMSƏDDİN  MƏNSUROĞLU

Hamısını Göstər

Related Articles

Back to top button