İyirmidən çox ölkə G7-nin təhlükəsizlik zəmanətləri haqqında bəyannaməsinə qoşulub
İyirmidən çox dövlət “Böyük Yeddilik” qrupu (G7) ölkələrinin Kiyev üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri haqqında bəyannaməsinə qoşulub.
Polise.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu gündən etibarən 20-dən çox dövlət Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı G7 ölkələrinin bəyannaməsinə qoşulub. Komandamız daha da işləyir. İndi ümumilikdə 30-a yaxın ölkə G7 ilə birlikdədir”, – deyə Zelenski videomüraciətində bildirib.
O, həmçinin xatırladıb ki, Ukrayna artıq Böyük Britaniya, Kanada və ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sazişlərin bağlanması üzrə danışıqlara başlayıb.
Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermakın daha əvvəl verdiyi məlumata görə, G7-nin uzunmüddətli təhlükəsizlik zəmanətləri bəyannaməsinə 13 ölkə qoşulub: Belçika, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Latviya, Niderland, Norveç, Portuqaliya, Rumıniya, Finlandiya, Çexiya və İsveç. Daha sonra Yunanıstan bəyannaməyə qoşulub.
NATO-nun iyulda Vilnüsdə keçirilən sammiti çərçivəsində “Böyük Yeddilik” qrupu ölkələri Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri haqqında bəyannamə qəbul edib. Sənəddə xüsusilə qeyd olunur ki, Kiyev əhəmiyyətli hərbi potensial almalıdır. Ukrayna hakimiyyəti ümid edir ki, bu ilin sonuna qədər Avropa ölkələri ilə ilk ikitərəfli sazişlər imzalanacaq.
Polise.az