Keçmiş səfir Dağlıq Qarabağ münaqişəsindən yazdı:”Azərbaycan hətta Ermənistanı işğal etmək gücündədir”

Son günlər və həftələrdə Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi münaqişə yenidən güclənib və bu münaqişə ilə bağlı yeni təxminlər yaranır.

Bölgə mediasında israillilərin ermənilərə Azərbaycan Respublikası barədə hərbi-kəşfiyyat məlumatları ötürməsinə dair xəbərlər yayılıb. Ancaq indiyə qədər rəsmilərin bu məsələyə münasibət bildirməsinə şahid olmamışıq. Hətta Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana silah göndərilməsi ilə bağlı müzakirələr aparılıb, lakin Gürcüstan rəsmiləri bu iddiaları rədd edib.

Şübhəsiz, Dağlıq Qarabağ münaqişəsi nəzərdən keçirilərkən, ən vacib amil Rusiyanın roludur. Çünki bu dövlət bölgədəki inkişaflarda çox böyük nüfuz sahibidir və atəşkəsin bərqərar edilməsində də mühüm rol oynayır.

Rusların Ermənistanda təsiri böyükdür. Ancaq Rusiyanın rolunu araşdırmazdan əvvəl nəzərə alınmalı digər amillər var. Məsələn, Ermənistan baş naziri Nikol Paşinyanın xalqa verdiyi vədlər. Gözlənildiyi kimi, o, iqtisadi problemlər və koronavirus böhran kimi daxili məsələlərdə kölgədə qalmağa çalışıb və ictimai diqqəti bu müşküllərdən yayındırmaq istəyib.

Digər bir məsələ son toqquşmaların Azərbaycan və Türkiyənin enerji əməkdaşlığının strateji nöqtəsi olan və demək olar ki, Azərbaycan Respublikası iqtisadiyyatının magistral yolu olan Tovuz strateji bölgəsində baş verməsidir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Ərzurum qaz kəmərləri bu ərazidən keçir. Ancaq son döyüşlər zamanı boru kəmərlərinə və enerji təhlükəsizliyinə təhdidin yaranmasına imkan verilməyib və ehtimal ki, verilməyəcək də.

Ümumiyyətlə, Dağlıq Qarabağ böhranının davam edəcəyini proqnozlaşdırmaq olar. Minsk qrupunun (ABŞ, Rusiya və Fransa) səyləri Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyib və 1994-cü il Bişkek sazişindən bəri bir neçə il ərzində göstərilən səylər nəticəsiz qalıb.

Azərbaycan hər zaman ərazisini hərbi yolla geri almağa çalışıb, lakin Rusiya və ABŞ kimi dünya gücləri bunun qarşısını alıb. Çünki Rusiya Azərbaycan ərazilərinin işğalına daha çox cəlb olunub və güzəştlər əldə etmək üçün Azərbaycanı öz təsir dairəsinə salmağa çalışır.

Bu amillərin mövcudluğu münaqişənin həllində əhəmiyyətli irəliləyişin qarşısını alıb. Hətta BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycandan çıxarılmasına dair 4 qətnaməsi belə yerinə yetirilməmiş qalıb.

Münaqişənin davam etməsindən ən çox ziyan görən Ermənistan olacaq, çünki bu, ölkənin inkişafı üçün böyük maneədir. Onun Azərbaycanla sərhədi bağlıdır və Türkiyə ilə problemləri var. Koronavirus böhranı bütün ölkələr üçün mənfi nəticələri doğursa da, ümumən Azərbaycanın iqtisadi vəziyyəti Ermənistana nisbətən daha yaxşıdır.

Münaqişədə Türkiyə kimi ölkələrin mövqeyi də araşdırıla bilər. Bu ölkə Ermənistanla ziddiyyətdədir və sərhədləri bağlıdır, Azərbaycana dəstək verdiyini bilirik və son günlərdə iki ölkə arasında hərbi təlimlərin şahidi olduq. Lakin Türkiyənin Azərbaycana hərbi dəstəyi yeni genişmiqyaslı qarşıdurmaya səbəb olmayacaq. Əlbəttə, hərbi təlimlərə əlavə olaraq, Ankara siyasi dəstək, ikitərəfli hərbi əməkdaşlıq və Azərbaycana silah tədarükü kimi digər tədbirləri də planlaşdıra bilər, amma Türkiyə hərbi qüvvələrinin Azərbaycanda döyüşməsi ehtimalı kiçikdir.

İranın Dağlıq Qarabağ münaqişəsində mövqeyinə gəlincə, İslam Respublikası həmişə bu münaqişəni danışıqlar və dialoq yolu ilə, həm də ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışıb.

Digər tərəfdən, İsrailin də Azərbaycanla hərbi əməkdaşlığı mövcuddur. Hətta Ermənistan və İsrail arasında münasibətlərin yaxşılaşması ilə bağlı şayiələr yayılıb və bu, təbii görünür, çünki onun İslam dünyasını müdafiə edəcəyini gözləməyə dəyməz. Ancaq İsrailin eyni vaxtda həm Azərbaycan, həm də Ermənistanla münasibətləri bərabərpaylı bölməsi ehtimalı yoxdur.

İsrail İranın yaxın qonşuları ilə daha yaxın münasibətlər axtarır və bunu özü üçün yaxşı fürsət sayır. Hətta görürük ki, İsraillə hərbi əməkdaşlıqda Azərbaycan hərbi potensialını gücləndirmək üçün PUA istehsalında onunla şəriklik edir. Eyni zamanda, İsrailin çoxdankı siyasətini unutmamalıyıq: sionist rejim hər zaman qeyri-ərəb müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə çalışıb.

İslam İnqilabının qələbəsindən əvvəl İran bu məsələdə İsrail üçün vacib idi, çünki İranla əlaqələrinə arxalanaraq, İsrail digər müsəlman ölkələrində təsirini artırmağa çalışırdı və Azərbaycan hazırda İsrail üçün bu rolu oynayır. Bu rejim Qafqaz bölgəsində varlığını möhkəmləndirməyə çalışmır. Ermənistanla yaxşı münasibətləri yoxdur, digər tərəfdən, Gürcüstan və Azərbaycanla da yaxşı əlaqələrə malikdir. Bəlkə də, İranı təhrik edəcəyinə görə bundan çəkinir, amma İsrail üçün əsas olan çevrəsidir.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, böhranda iştirak edən iki əsas ölkələrlə yanaşı, yəni Ermənistan – işğalçı ölkə, Azərbaycan isə – işğala məruz qalmış ölkə kimi, transregional dövlətlərin rolu daha vacibdir. Əhəmiyyətli regional aktyorların təsiri olmazsa və iki ölkəni başlı-başına buraxsalar, Azərbaycan öz iqtisadi və hərbi gücünə dayaqlanıb hətta Ermənistanın bir hissəsini işğal edə bilər. Ancaq Ermənistanı Rusiya, ABŞ və hətta Avropanın dəstəklədiyi təqdirdə, münaqişənin davam edəcəyi təbiidir.

Digər tərəfdən, Rusiya fərqli hökumətlərə malik postsovet ərazisində hegemonluğunu qorumağa çalışır. Rusiya Cənubi Qafqazda və başqa yerlərdə, o cümlədən Orta Asiyada təsirini itirmək istəmir. Eyni siyasəti yaxın qonşuluğunda – Ukrayna, Moldova və Belarusda da yürüdür. Rusiya KTMT üzvlərini (Qırğızıstan, Qazaxıstan, Tacikistan və Ermənistan) bir gecədə keçmiş Sovet İttifaqının sərhədləri çərçivəsinə qaytarmağa çalışır, amma buna müvəffəq olmayıb. Rusiyanın müsbət əvəzinə, qıcıq doğuracaq hərəkətlərə yol verdiyinə şahid oluruq. Elə bu hərəkətlər qonşu dövlətlərin böyüməsinə və inkişafına maneə törədib.

Rusiya Baltikyanı və Şərqi Avropada da uğur qazana bilməyib, çünki bölgə dövlətlərinin əksəriyyəti NATO və Avropa İttifaqının üzvüdür.

Beləliklə, Qafqaz bölgəsinin NATO və ya Avropa İttifaqına üzv olmasının qarşısını almaq üçün Rusiya təhdid gücü ilə onu öz nəzarətində saxlamaq istəyir. Moskvanın başqa təsir alətləri yoxdur.

Rusiya öz planı naminə həmin alətlərdən əl çəkməyincə, müsəlman ölkələri yalnız müşahidəçi qaldıqca və Qərb heç bir tədbir görməyincə, Dağlıq Qarabağdakı vəziyyət eyni məcrada davam edəcək.

Sonda qeyd edilməlidir ki, Azərbaycanla Ermənistan arasındakı qarşıdurmalar ara-sıra baş verəcək, lakin bu toqquşmalar tammiqyaslı müharibəyə çevrilməyəcək.

Mənbə
strateq.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button