Koronavirusdan sonra… – Dünyada böyük dəyişiklik gözlənilir
Tarix boyu dünyada baş vermiş bütün genişmiqyaslı yoluxucu xəstəliklər böyük fəlakətlərə səbəb olmaqla yanaşı, həm də ciddi dəyişikliklərlə nəticələnib. Ötən əsrin əvvəllərində – 1918-1920-ci illər arasında tüğyan etmiş “İspan qripi” 100 milyon insanın ölümünə səbəb olub.
“İspan qripi” həm də Birinci Dünya müharibəsinin başa çatması ilə nəticələnib. Çünki “İspan qripi”nin yayılması nəticəsində Birinci Dünya müharibəsinin əsas iştirakçısı olan ölkələrdəki kütləvi qırğınlar say baxımından döyüş meydanlarında ölənləri üstələyib və müharibəni davam etdirmək hər bir dövlət üçün intihar anlamına gəlib.
“İspan qripi”ndən ABŞ-da 600 min, İngiltərədə 250 min, Fransada 400 min, Almaniyada 600 min, Yaponiyada 300 mindən artıq insan vəfat edib.
Rusiya və Osmanlı İmperiyasında “İspan qripi”ndən nə qədər insanın öldüyü haqqında dəqiq statistika yoxdur, amma bu ölkələrdə də yüz minlərlə insanın vəfat etdiyi şübhəsizdir.
Bütövlükdə 100 milyon insanın, yəni o zaman dünya əhalisinin 15 faizinin ölümünə səbəb olan “İspan qripi” Birinci Dünya müharibəsinin davam etməsini mümkünsüz hala gətirən əsas səbəblərdən biridir.
Qeyd edək ki, bəşər tarixinin ən qorxunc pandemiyalarından biri kimi tarixə düşmüş “İspan qripi” İspaniyada və ya Avropanın başqa bir ölkəsində deyil, Meksikada yayılıb. Meksikadan dünyaya yayılan bu virus haqqında Avropada ilk dəfə İspaniya qəzetləri yazdığı üçün məlumatı ispan qəzetlərindən alan insanlar virusu “İspan qripi” adlandırıblar.
“İspan qripi”ndən yüz il sonra, Avropadan çox uzaqlarda – Çində meydana çıxmış koronavirus yenidən bəşəriyyətin başı üzərində kabus kimi dolaşmaqdadır. Dünya Səhiyyə Təşkilatının mövcudluğu boyunca ilk dəfə pandemiya elan etdiyi koronavirusa gün ərzində yoluxanların sayı on minlərlədir. Bu, həm də dünya əhalisinin yarısının karantinə alındığı, dövlətlərin sərt fiziki təcrid (sosial təcrid) həyata keçirdikləri bir zamanda baş verir. Nüfuzlu elm mərkəzləri isə koronavirus təhlükəsinin hələ davam edəcəyi haqqında xəbərdarlıqlar yayırlar.
Pandemiyanın da bir prosesi ehtiva etdiyini nəzərə alsaq, koronavirusun davam edəcəyini anlaya, peyvəndi tapılana qədər bəşəriyyəti təhdid edəcəyini proqnozlaşdıra bilərik.
“İspan qripi” yüz milyon insanın həyatına son qoysa da, bu xəstəliyə yoluxmuş, amma sağalmış 400 milyon insan yoluna davam etdiyi kimi, koronavirsun da nəticələrindən asılı olmayaraq, planetimizdə həyat davam edəcək.
Ancaq “İspan qripi” kimi koronavirus da böyük dəyişikliklərə səbəb olacaq. Əslində bəşəriyyət bu dəyişikliklərə təxminən on il əvvəl başlayıb. Sadəcə, insanlığın mahiyyətcə mühafizəkar olması səbəbindən bu proses ciddi müqavimətlə üzləşirdi.
İnternet və sosial media (şəbəkə) əleyhinə çıxışlar, bu fenomenləri nəzarət altına almaq cəhdləri beşinci sənaye inqilabının genişlənməsinə mane olurdu. Bu maneənin nəticələrini Estoniya ilə Türkmənistanı müqayisə etdikdə çox aydın görmək olur.
Artıq koronavirus hakimiyyətlərin qarşısını almağa çalışdığı dəyişiklik prosesini tətikləyərək sürətlə yeni mərhələyə keçirməyə başlayıb. Məlum olduğu kimi, indi bir çox şirkətlər “evdən iş” formulunu tətbiq edirlər.
Əslində, insanların işlərini iş yerlərinə getmədən, yaşayış yerlərindən həyata keçirmələrinə bir neçə il öncədən başlanılıb. Ötən ilin əvvəlində aparılan bir araşdırma nəticəsində Avropa Birliyinə daxil olan ölkələrdə 2018-ci ildə yaşayış yerini tərk etmədən işlərini həyata keçirənlərin Niderlanda 14, Finlandiyada 13.3, Lüksenburqda 11, Avstriyada 10, Danimarkada 7.8, Estoniyada 7.6, Sloveniyada 6.9, Belçika və Fransada 6.6, İrlandiyada 6.5, Portuqaliyada 6.1, Maltada 5.8, İsveçdə 5.3, Almaniyada 5, Polşada 4.6, İspaniyada 4.3, Çexiyada 4, İtaliya və Slovakiyada 3.6, Latviyada 2.9, Litvada 2.5, Macarıstanda 2.3, Yunanıstanda 2, Xorvatiyada 1.4, Kiprdə 1.2, Rumıniyada 0.4, Bolqarıstanda 0.3 faiz təşkil etdiyi məlum olmuşdu.
Araşdırma zamanı Avropa Birliyini (AB) bu il tərk etmiş Böyük Britaniyada (Birləşmiş Krallıq) işlərini yaşayış yerlərdən həyata keçirənlər 4.4, AB-yə daxil olmayan Avropa ölkələri – İslandiyada 6.5, Norveçdə 5.5, İsveçrədə 4.1, Türkiyədə 2.2 faiz təşkil etmişdi.
ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya və Çində də yaşayış yerini tərk etmədən vəzifələrini həyata keçirənlərin faizi ildən-ilə artır. Koronavirus pandemiyası bu prosesi tətikləyərək, tamamilə yeni mərhələyə keçirəcək.
On il əvvəl dünya iqtisadiyyatının lokomotivi “Exxon Mobil”, “PetroChina”, “Petrobras”, “BHP Billiton”, “Royal Dutch Shell”, “Chevron”, “Saudi Aramco”, “Qazprom”, “Rosneft” kimi neft şirkətləri, “Industrial & Commercial Bank of China”, “China Construction Bank”, “Bank of America”, “Citigroup”, “Wells Fargo & Company” və “JPMorgan Chase” maliyyə qrupları və banklar idi. Bu gün isə dünya iqtisadiyyatının lokomotivi “Amazon İnc”, “Apple İnc”, “Microsoft İnc”, “Alphabet İnc”, “Alibaba Group”, “Tencent”, “Facebook”, “Tesla” və “SpaceX” kimi şirkətlərdir.
Çex əsilli fantastik ədəbiyyat yazarı Karel Çapekin yüz il bundan əvvəl, 1920-ci ildə yazdığı “Zəkalı universal robotlar” (Rossumovi univerzální roboti) əsərində robot adlandırdığı “süni adamlar”dan bəhs edirdi. Bəşəriyyətə məşhur yazıçının xəyallarını reallaşdırmaq üçün təxminən yüz il lazım oldu. Bu gün süni intellektlə idarə olunan robotlar Karel Çapekin “süni adamlar” adlandırdığı mexanizmlərin gerçəkləşən modelidir.
Koronavirusun yaratdığı hazırkı durum süni intellektlə idarə olunan robotların nə qədər əhəmiyyətli olacağını ən aydın şəkildə gözlər önünə gətirdi. Əgər bəşəriyyət ötən yüz ildə istehsal prosesinin ağırlığını süni intellektlə idarə olunan robotların üzərinə keçirməyi bacarsaydı, bu gün istehsal sahələri fəaliyyətini dayandırmazdı.
Tam əminlikə demək olar ki, koronavirus pandemiyasının dünyada yaratdığı durum süni intellektin tamamilə yeni dövrünün başlanğıcıdır. Bu mərhələnin nələrdən ibarət olacağına isə növbəti yazımızda aydınlıq gətirəcəyik.