Kremldə məxfi toplantı: “başdanxarab” və “anormal” adamı hakimiyyətə gətirmək planı təsdiqləndi – “THE GUARDİAN” sensasion sənəd əldə edib

Rusiyanın ali rəhbərliyi  2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampa dəstək vermək və onu hakimiyyətə gətirmək üçün gizli casus əməliyyatının həyata keçirilməsinə icazə verib. Bu barədə “The Guardian”  qəzeti “ təsadüfən əlinə keçən” sənədlərə istinadən xəbər yayıb.

Qəzetin yazdığına görə, həmin sənədlər Kremlə, 2016-cı ilin yanvar ayında Moskvada Rusiya Təhlükəsizlik Şurasının bağlı formatda keçirilmiş iclasına aid idi. Həmin iclasda Rusiya prezidenti Vladimir Putindən başqa o zaman ölkənin baş nazir postunu tutan Dmitri Medvedev, XİN başçısı Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, o vaxtkı Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirak etmişdilər.

Qeyd olunur ki, görüşdə Rusiya liderinə təqdim olunan məruzədə Trampın prezident seçkilərində qalib gəlməsinin Moskvaya xeyir gətirə biləcəyi haqda danışılıb. Belə ki, məruzədə qeyd olunur ki, Respublikaçılar partiyasının namizədi seçkilərdə qalib gəlsə, ABŞ-ın siyasi sistemində stabillik pozulacaq, sosial partlayış baş verəcək, bu da gələcək  Amerika liderinin və onun Administrasiyasının Rusiya ilə danışıqlarda mövqelərini zəiflədəcək. Bununla yanaşı, Trampın özü məruzədə “əqli cəhətdən qeyri-sabit”, impulsiv, “kompleksli anormal insan” kimi göstərilir. Mətndə həmçinin Trampın Moskvaya səfərləri zamanı  baş tutan “müəyyən hadisələr” qeyd olunur və deyilir ki, Rusiya tərəfinin əlində siyasətçiyə aid kompromat və ya potensial kompromat sayılan materiallar var.

“The Guardian” yazır ki, iclasın sonunda Amerikada keçirilən seçkilərə müdaxiləyə dair  idarələrarası plan imzalanıb. Sənəddə Rusiyanın maraqlarının xeyrinə istifadə oluna biləcək ABŞ-ın “zəif bəndləri” haqda məlumat yer alıb. Söhbət solçu və sağçı qüvvələr arasındakı uçurumun böyüməsindən və ölkədəki quruluş əleyhinə formalaşan düşüncələrdən gedirdi. Bununla yanaşı, Amerika cəmiyyətinə ABŞ sakinlərinin kütləvi şəkildə şüurunun dəyişməsinə kömək edəcək “mediavirusların” salınması üçün KİV və digər media alətlərindən istifadə etmək planlaşdırılırdı.     

Daha bir sənədə əsasən, görüşdən sonra Putin  Amerika seçkilərinin nəticələrinə təsir etmək üçün yeni idarələrarası gizli komissiyanın yaradılması haqda fərman imzalayıb. Bu komissiyada Şoyqu, Fradkov və Bortnikov təmsil olunacaqdılar. Onların hər birinə Təhlükəsizlik Şurasının iclasının yekununda qəbul olunan planın nəzərdə tutduğu vəzifələrin uğurla həyata keçməsi üçün təmsil etdikləri strukturların və xidmətlərin işinə güclü nəzarət etmək tapşırılmışdı. 

Beləki, Müdafiə Nazirliyinə tələb olunan məlumatın toplanılması və sistemləşdirilməsi, həmçinin Amerikanın “həssas” kiberhədəflərini dağıtmaq üçün komanda və alətlərin hazırlanılması tapşırılmışdı. Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi komissiyanın fəaliyyətinə dəstək üçün əlavə məlumat toplamaq, Federal Təhlükəsizlik Xidmətinin vəzifəsi isə əks-kəşfiyyat aparmaqdan ibarət idi. Əlavə olaraq struktur rəhbərlərinə bir həftə vaxt verilmişdi ki, onlar üzərlərinə düşən vəzifələrin  yerinə yetirməsi ilə bağlı konkret təkliflər hazırlasın və prezidentə təqdim etsin.      

“The Guardian” qeyd edir ki, bu sənədləri görən ekspertlərin fikrincə, onlar həqiqi sənədlərə oxşayır. Bununla yanaşı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniya qəzetinin sorğusuna cavab olaraq bu cür gizli görüşün keçirilməsi imkanlarına tənqidi yanaşıb. Öz növbəsində, Tramp “The Guardian”-ın sorğusunu cavabsız qoyub.

Qeyd edək ki, Trampın Rusiya tərəfindən şantaj olunması və onun Kremlin xüsusi əməliyyatı sayəsində ABŞ-da hakimiyyət başına gəlməsi haqda məlumatlar yeni deyil. Bu məlumatlar hələ Trampın andiçmə mərasimindən əvvəl yayılıb və xüsusi xidmət orqanları tərəfindən təhqiqat başladılıb. Tramp-Rusiya gizli əlaqələrini araşdırmaq üçün Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müller xüsusi prokuror təyin edilib.

2019-cu ilin aprel ayında ABŞ-ın xüsusi prokuroru Robert Müller təhqiqatı tamamlayıb və 2016-cı ildə keçirilən, Donald Trampın seçildiyi prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi barədə məruzə ilə çıxış edib. Xüsusi prokuror məruzəsində qeyd edib ki, Moskva həqiqətən Amerikanın seçki prosesinə müdaxilə edib, lakin Rusiya tərəfinin Trampla əlaqəsi haqda şübhələri təsdiq etmək mümkün olmayıb. Bir qədər sonra Vaşınqtonun Federal məhkəməsi də seçkilərə müdaxilə edən “trollar fabrikinin” də Kremllə əlaqəsinin birbaşa sübut olunmadığı haqda qərar qəbul etmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button