Kremlin Hərbi Parad idayası fiaskoya uğrayır

Türkmənistan və Xorvatiya liderlərindən qeyri-adi arqumentlər

Belə görünür ki, Rusiyada iyunun 24-də keçiriləcək 2-ci Dünya müharibəsində SSRİ-nin qələbəsinin 75-ci ildönümünə həsr olunmuş hərbi parad rəsmi Moskvanın gözlədiyi effekti verməyəcək.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın müxalif mövqeli siyasətçiləri və mətbu orqanları pandemiyanın kəskin dövründə Kremlin hərbi paradla bağlı qərarını tənqid etməklə yanaşı, bunu çox uğursuz addım hesab edirlər.

Müstəqil şərhçilər hesab edirlər ki, karantin qadağalarının tələsik qaldırılmasında və paradın keçirilməsindəəsas məqsəd gələn aya planlaşdırılan səsvermə öncəsi cəmiyyətdə əhval-ruhiyyəni yüksəltməkdir.

Məlum olduğu kimi, həmin səsvermədə konstitusiyaya dəyişikliklər səs qoyulur və bunun əsas məqsədi Putinin uzun müddətə hakimiyyətdə qalmasını təmin etməkdir. Lakin qeyd etmək lazımdır ki, bu ayın əvvəlində “Levada Mərkəzi”nin dərc etdiyi sorğuya görə, rusiyalıların cəmi 44 faizi həmin dəyişiklikləri dəstəkləməyə hazır olduqlarını bildirib.

Lakin Vladimir Putinin pandemiyaya rəğmən israrla keçirdiyi paradın xarici dövlət rəhbərlərinin, digər nümayəndə heyətlərinin iştirakı və hətta rusiyalıların özlərinin bu tədbirə münasibəti baxımından sönük keçəcəyi gözlənilir.

Rusiyanın “Novaya Qazeta” nəşrinin bu mövzuya həsr olunmuş məqaləsində deyilir ki, “Qələbə paradı” bir-birinin ardınca ağır “imic zərbələri” almaqdadır: “Koronavirusa görə regionların öz ərazilərində hərbi paradı təxirə salması, Moskva meri Sergey Sobyaninin əhalini paradın təntənəli hissəsinə qatılmamağa çağırması, eləcə də paradda iştirak etməli olan veteranların 2 həftəlik karantinə salınmasının yaratdığı mənfi əks-səda azmış kimi, indi də dünya liderləri bir-bir parada qatılmaqdan imtina edirlər. Özü də Rusiyanın rəsmi təbliğatının sevmədiyi ölkələr bir tərəfə qalsın, parada Rusiya ilə yaxşı münasibətləri olanlar da gəlməyəcək.“

Daha sonra qəzet ilk olaraq, Azərbaycan və Ermənistan rəhbərlərinin parada qatılmamasından söz açır: “Azərbaycan və Ermənistan liderləri təntənəli tədbirlərdə iştirakdan imtina edib. Onlar ikisi də eyni səbəbi – ölkələrindəki pandemiya ilə mübarizəni əsas gətiriblər. Paşinyanın əlavə bəhanəsi də var – onun özü koronavirus keçirib. Həm Ermənistan, həm də Azərbaycan hələ ki, epidemiya ilə bacarmır – Azərbaycanda hətta karantin avqustun 1-dək uzadılıb.“

Qəzet hesab edir ki, parada gəlməkdən imtina edən digər ölkə liderlərinin göstərdiyi səbəblər isə daha üzücüdür: “Belə ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhhəmmədov deyib ki, gəlmək istərdi, amma onun üzürlü səbəbi var – “peyğəmbər yaşı”. İslamda 63 yaşın tamam olması belə adlandırılır. Bu yaşı ailə ilə birgə keçirmək lazımdır, əks halda, Berdıməhəmmədov Moskvaya getsə, ölkəsinin qanunlarına görə, geri dönəndən sonra karantində oturmalı olacaq və nəvəsi ilə “diceylik” edə bilməyəcək. Ancaq hansı ki, Türkmənistanda rəsmən koronavirus yoxdur və Berdıməhəmmədovun özü isə bu yaxınlarda baş tutan aqrar səfərləri zamanı məmurları ilə görüşlərdə maskasız dolaşırdı…”

“Novaya Qazeta” yazır ki, hətta Q.Berdıməhəmmədovla müqayisədə Xorvatiya Prezidentinin parada gələ bilməməsilə bağlı bəhanəsi daha qeyri-standartdır: “İyunun 22-də Xorvatiya Prezidenti Zoran Milanoviç Moskvaya gəlməkdən imtina edib. Hansı ki o, hətta şəxsən Vladimir Putinlə görüş keçirməyi belə planlaşdırmışdı.

Ancaq gözlənilmədən Milanoviçin təyyarəsi xarab olubmuş. Başqa təyyarə isə yəqin ki, yoxdur… Bu formada imtinanı şərh etmək çox çətindir – yəqin elə buna görə də bu bəyanata rəsmi Moskva heç bir reaksiya verməyib”.

Daha sonra parada gəlməkdən hələlik imtina etməyən ölkə liderlərindən söz açılır ki, bunların da arasında sadəcə Belarus, Qazaxıstan, Moldova Tacikistan, Özbəkistan, Qırğızıstan və Serbiyanın, eləcə də Qafqazdakı qondarma rejimlərin olduğu bildirilir.

Qeyd olunur ki, xüsusilə V.Putinin “Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş etdiyinə” dair son bəyanatı Belarus və Qazaxıstan liderlərinin Moskvaya səfərini şərtləndirən məqamlardan biridir. Belə ki, Putinin bu bəyanatla məhz həmin respublikaları nəzərdə tutduğu şübhə doğurmur…

Qəzetin fikrincə, parada qatılacaq ölkə liderlərindən ibarət heyətin tərkibi “hərbi parad ideyasının fiaskoya uğramasından” xəbər verir. 

“Novaya Qazeta”ya açıqlama verən politoloq Abbas Qallyamov bu tədbirin uğursuzluğunu Rusiyadakı rejimin mahiyyətilə bağlayır: “Rusiyadakı rejim dünya ictimaiyyətinin qarşısında özünü o qədər gözdən salıb ki, onunla iş görmək özünə ziyan vurmaq deməkdir. Xüsusi vacib səbəb olmadan heç kim Moskvaya getmək istəmir. Özünü tənqid atəşinin altına verməyə nə lüzum var?”

Politoloqun fikrincə, paradla bağlı baş verənlər Kreml üçün ağır zərbədir. O, hesab edir ki, Rusiya cəmiyyətinin özünün də Kremlə münasibəti daha çox mənfi istiqamətdə dəyişməkdədir. Rəsmi Moskvanın yürütdüyü xarici siyasət isə onunla nəticələnib ki, heç kim ona əl uzatmaq, onunla yaxınlaşmaq istəmir.

Qəzet sonda qeyd edir ki, artıq keçmiş Sovet respublikalarının əksəriyyətində insanlar Rusiyanın rəsmi kanallarına həvəslə baxmırlar. Bu səbəbdən nəinki dünyada, hətta postsovet ölkələrində belə, bu hərbi paradı izləyənlərin sayı çox az olacaq…

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close