KTMT-ni EŞET-ə döndərən ölkə – İrəvan nə “rus NATO”-sundan çıxır, nə də ona yaxın gedir
Regional mediada yenə də Ermənistan-KTMT-Rusiya mövzusunda xəbərlər var.
Məlum olduğu kimi, Ermənistan bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan hərbi blokun Astanada keçirilən növbəti sammitinə qatılmayıb.
Ancaq Rusiya tərəfi bu ardıcıl boykotlara məhəl qoymur, Ermənistanın KTMT-dən rəsmən çıxmadığı barədə bəyanatlar verməkdə davam edir.
O tərəfdə Ermənistan rəhbərliyi də KTMT-nin işində iştirak etmək niyyətinin olmadığına dair ard-arda bəyanatlar səsləndirir.
Azı 3 ildir ki, Ermənistan KTMT-nin, necə deyərlər, xeyrinə-şərinə yaramır, nə sammitlərində, nə də təlimlərində iştirak edir.
Hər dəfə KTMT-nin sammitində Ermənistan məsələsi qabarır, iclaslarda olmasa da, bağlı qapı arxasında, dar çevrələrdə giley-güzar predmeti olur.
Ermənistan elə davranır ki, sanki KTMT-nin bu kiçik Qafqaz ölkəsinin, özünü iki xəncərlə qoruya bilməyən dövlətin hərbi qüvvəsinə böyük ehtiyacı var.
Eyni zamanda Rusiya da özünü elə aparır ki, elə bil, Ermənistan olmasa, KTMT-nin hərbi qüdrəti tam olmur.
KTMT-nin digər üzvləri – Belarus, Qazaxıstan, Özbəkistan, Qırğıızstan və Tacikistan isə Ermənistanın blokla davranışına “gəlmir, heç gəlməsin” prizmasından baxırlar.
Rusiya da, o biri postsovet ölkələri də anlayırlar ki, əslində Ermənistan KTMT-ni EŞET-ə döndərib.
EŞET-in açması bəsitdir: Ermənistanın Şantaj Etdiyi Təşkilat.
İrəvan bu yola 44 günlük müharibədə acı məğlubiyyətə uğradıqdan sonra qədəm qoyub.
Ona qədər Ermənistan özünü postsovet məkanının ən qoçaq hərbçilərə malik olan ölkəsi sayırdı, “qəhrəman zinvorlar” haqqında dastan bağlayırdı.
Ancaq II Qarabağ müharibəsinin ilk günlərində Ermənistan ordusunun üfürülmüş şar olduğu ortaya çıxdı, hərbi əməliyyatın həftəsi tamam olmamış İrəvan dizini yerə ataraq Rusiyadan, KTMT-dən kömək istədi.
KTMT-nin də, Rusiyanın da Füzuli-Cəbrayıl, Tərtər-Ağdərə istiqamətində gedən hərbi əməliyyatlara qarışmaq üçün heç bir hüquqi bazası yox idi. Çünki oralardan başlamış ta Kəlbəcərə, Laçına, Zəngilana qədər bütün ərazi Azərbaycana aid idi.
KTMT bir rota və ya batalyonla Ermənistan tərəfdən döyüşlərə qatılsaydı, bu, onların suveren Azərbaycanın ərazisinə, öz siyasi müttəfiqlərinin (MDB üzrə) torpağına hərbi təcavüzü demək olardı.
Ermənistan rəhbərlləri isə, iş onlara gəlincə beynəlxalq qanunların, müqavilələrin pozulmasına vərdiş etdikləri üçün necə olursa-olsun, KTMT qüvvələrinin Qarabağda gedən müharibəyə qarışmasını tələb edirdilər.
Hətta bir epizodda erməni siyasilər (diplomatlar da o cümlədən) bu müdaxiləyə səbəb tapmış kimi ifrat haray-həşir də saldılar.
Bu hadisə 2020-cilin oktyabr ayının ortalarında Berd rayonunda quraşdırılan və Gəncəni, Mingəçeviri vurmaq üçün hazır hala gətirilən S-400 raketlərinin yerindəcə, ermənicə desək, “krak” əmri almamış Azərbaycanın dronu ilə vurulması zamanı oldu.
Ermənilər raket kompleksinin məhv edilməsi əməliyyatının məhz Ermənistan ərazisində baş verdiyini bildirir, KTMT-nin bu hadisəyə reaksiya verməsini tələb edirdilər.
Ancaq o zaman Moskva onları susdurdu. Çünki həm ortada məhv edilmiş rus silahının (1 molyard dollarlıq) prestiji məsələsi vardı, həm də Rusiyanın Ermənistana verdiyi ağır silahın başqa bir MDB üzvünə qarşı işlədilməsi Azərbaycanla strateji tərəfdaşlıq sazişinə zidd idi.
O vaxtdan başlayaraq Ermənistan KTMT-dən və Rusiyadan küsüb. Rəsmi İrəvan bu davranışla Qərbdəki yeni himayədarlarına mesaj verir ki, baxın, o, Rusiyanın rəhbərlik etdiyi hərbi blokda iştirak etmir və onunla bağlarını qoparır.
Eyni zamanda Paşinyan və komandası ölkə parlamentində KTMT-dən rəsmi qaydada çıxmaq haqqında qanunvericilik sənədi də qəbul etmir və hərbi blokun öz “səhv”ini düzəltməsini gözləyir.
Ermənilərin fikrincə bu “səhv”in düzəldilməsi Rusiya və KTMT-nin Ermənistana kiçik də olsa “hərbi qələbələr” bağışlaması ilə müşayiət olunmalıdır.
Bu isə mümkün deyil. KTMT üzvü olan ölkələrin hamısı Azərbaycanla daha yaxşı müttəfiqlik əlaqələrinə malikdir. Onlar Avropa yolu tutmuş Ermənistandan ötrü hər hansı bir avantüraya qol qoymazlar.
Beləcə, Ermənistan və Rusiya arasında KTMT cilvələşməsi davam edir. Sonu necə olacaq, heç özləri də bilmirlər. /Musavat Xalid KAZIMLI/
Polise.az