Laçında qalmaq istəyən ermənilər – Azərbaycanın mövqeyi necə olacaq?
“Laçın yoluna alternativ yol çəkildikdən sonra Ermənistan hökuməti bütün əhalini Zabux kəndindən çıxaracaq. Bundan sonra bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək”.
Bunu Zabux “kənd bələdiyyəsi”nin qondarma rəhbəri Andranik Çauşyan deyib. “Amma əhali buranı tərk etmək istəmir. Bakının nəzarəti altında yaşamaq daha yaxşıdır. Biz siyasəti başa düşmürük, televizora da baxmırıq. Biz dinc cəmiyyətdə yaşamalıyıq. İrəvan hətta bizə pul təklif edir, evlərimizə qiymət deyir, amma biz kənddə qalacağıq”, – o bildirib.
Şübhə yox ki, Azərbaycan Qarabağa böyük qayıdış prosesini sürətləndirdikcə, orada ilişib qalan erməni ailələrində belə ovqat güclənəcək. Bəs Azərbaycan dövlətinin buna reaksiyası necə olmalıdır, belə müraciətlərin artması üçün Bakının hansısa strategiyası varmı, işlənirmi?
Tofiq Zülfüqarov: “Azərbaycan onları gəldikləri yerlərə geri qaytaracaq”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ermənilərin o yerlərdə qalmaları üçün heç bir hüquqlarının olmadığını söylədi: “Öncəliklə onu qeyd etmək lazımdır ki, orada qalan insanlar heç də Qarabağın əhalisi deyil. Onlar işğal dövründə xaricdən gələn və Ermənistan dövlətinin maliyyəsi ilə ora yerləşdirilən Suriya və Livan vətəndaşlarıdır. Bu baxımdan Azərbaycan təbii ki, onlar xarici vətəndaşlar olduqlarına, hətta Ermənistan vətəndaşları olmalarına görə onları gəldikləri yerlərə geri qaytaracaq. Həmin ermənilərin o yerlərə yerləşdirilmələri qəsdən etnik vəziyyəti dəyişdirməyə hesablanmışdı. Onların orada qalmaları üçün heç bir hüquqları yoxdur”.
Əhəd Məmmədli: “Yalnız SSRİ dövründə burada yaşayan ermənilər Azərbaycan torpağı Qarabağda qala bilər”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli istənilən halda ermənilərin göz yaşlarına aldanmamağın vacibliyini önə çəkdi: “Bəzi məlumatlara görə Laçının Zabux kəndinə Livan erməniləri yerləşdirilib. Onların Azərbaycan torpağında nə işi var? Əgər həqiqətən elədirsə, onda dərhal Livandan gələn ermənilər Azərbaycan ərazisini tərk etməlidirlər. Və onların nə vaxt köçdüyü heç bir əhəmiyyət kəsb etməməlidir. Qanunsuz erməni terror birləşmələrində istər birinci, istərsə də II Qarabağ müharibəsində iştirak edənlər də Azərbaycan ərazilərindən çıxarılmalıdır. Laçında, ümumiyyətlə, erməni yaşamayıb. Niyə indi hansısa erməni orada yaşamalıdır? Yalnız SSRİ dövründə burada yaşayan ermənilər Azərbaycan torpağı Qarabağda qala bilər. Bu da qanunsuz terrorçu silahlı birləşmələrdə iştirak etməyən ermənilərə aid edilməlidir. Rəsmi Bakının bu məsələdə mövqeyi, fikrimcə, məhz belə olmalıdır. Erməni hiyləsinə, göz yaşlarına aldanılmamalıdır və maksimum dərəcədə ermənilərin sayı Qarabağda azaldılmalıdır”.
Şəhla Cəlilzadə: “Yolları artıq hazırdır və açıqdır”
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə çox vacib məqamlara aydınlıq gətirdi: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı maddəsinə görə, 1 dekabr 2020-ci il tarixinədək Laçın şəhəri erməni işğalçılardan tamamilə azad edildi. Elə həmin maddəyə əsasən növbəti 3 il ərzində Laçın koridoruna Şuşa şəhərinə toxunmayacaq alternativ yol çəkilməli idi. Laçın koridoru rus sülhməramlılarının nəzarətində olduğu üçün ermənilər indiyədək koridor üzərindəki kəndlərdə yaşamağa davam edirdilər. Lakin Azərbaycan daha cəld və sürətli şəkildə bu yolun inşasını başa çatdırdığı üçün artıq iyul ayında koridorun tam azad edilməsi, buna paralel olaraq oradakı ermənilərin aqibəti məsələsi gündəmə gəlib. İlk olaraq onu qeyd edim ki, bu, həm də Laçın koridorunun birdəfəlik bağlanması və bu terminin tarixə qovuşması demək olub, Zəngəzur koridoruna dair siyasi alış-verişdə Azərbaycanın əlinin güclənməsinə səbəb olacaq. Belə ki, Laçın koridoruna alternativ olaraq çəkilən yeni yolun statusunun əvəzinə Zəngəzur koridorunun statusunun Ermənistan tərəfindən müəyyən olunması tələb olaraq irəli sürülə bilər. Əks təqdirdə, ermənilər Zəngəzurdan keçəcək yolu nə qədər Ermənistanın suveren ərazisi, ənənəvi gömrük-keçid məntəqəyə sahib bir yol olaraq düşünürlərsə, biz də yeni yolu o cür təqdim edə bilərik. O ki qaldı hazırda Laçın koridorunun keçdiyi ərazidə yaşayan ermənilərə, tarixi perspektivdən yanaşdıqda onlar demək olar ki, heç vaxt Laçında yaşamayıblar. 1939-cu il SSRİ rəsmi əhali siyahıyaalmasına görə Laçında ermənilər əhalinin 1,1%-ni, 1979-cu ildə 0,1%-ni təşkil edib. 1992-ci ildə Laçın işğal olunduqdan sonra bura dünyanın müxtəlif yerlərindən ermənilər köçürülməyə başlanıb. 2005-ci ildə burada 2 mindən bir az çox insan yaşayırdı ki, Azərbaycanın şanlı qələbəsindən sonra işğalçı ordu dəstələri ilə birlikdə sivillər də rayon ərazisini tərk etdi. 2021-ci il məlumatına görə, Laçın koridoru boyu 3 yaşayış məntəqəsində qalan cəmi 200 erməni var ki, onlar bölgəni tərk etmək istəmirlər, çünki gedəcək yerləri yoxdur. Azərbaycanın suveren ərazisində yaşamağa davam etmək istəyirlərsə, təbii ki, Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar. Bu, ilk növbədə Azərbaycana, onun ərazi bütövlüyünə, hüquq və qanunlarına, cəmiyyət normalarına hörmət və ehtiramı tələb edir. Bu şərtlərlə razılaşacaq yerli sakinlər, Azərbaycan Respublikasının vətəndaşı olaraq bölgədə yaşamlarına davam edə biləcəklər. Əks təqdirdə, yolları artıq hazırdır – açıqdır. Azərbaycanda yaşayacaq ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını ən son bugünlərdə baş tutan IX Qlobal Bakı Forumunda cənab Prezident də açıq şəkildə ifadə etdi”.