Lavrovun Mirzoyanla görüşdə təzadlı iki fikri…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında iki fərqli fikir söyləyib. Lavrov əvvəlcə deyib ki, Rusiya müxtəlif səviyyələrdə rəsmi Bakıya siqnallar göndərir ki, Azərbaycanda saxlanılan erməni hərbçilər ilkin şərt irəli sürülmədən Ermənistana qaytarılsın. Lavrov bunun ardınca bildirib ki, Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar. Lavrov bu mövzuda fikrini belə yekunlaşdırıb: “Erməni hərbçilərin Ermənistana qaytarılması vacib humanitar addım olardı. Biz bu mövqedən çıxış etməyə davam edəcəyik. Əlbəttə ki, yekun qərar bizdən asılı deyil. Biz bütün qarşılıqlı inam tədbirlərini aktiv şəkildə dəstəkləyirik”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın ilk xarici səfərini Rusiyaya etməsi və Rusiya XİN başçısı ilə görüşünü şərh edərkən qeyd edib.

E.Şahinoğlu fikrini davam etdirərək bildirib ki, Sergey Lavrov bu sözlərinin qarşılığında Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılardan, minalanmış ərazilərin xəritəsindən və ya Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıması gərəkliyindən bircə kəlmə də deməyib:

“Bəlli idi ki, Rusiya rəsmiləri azərbaycanlı həmkarlarıyla qapalı görüşlərdə erməni hərbçilərin azad olunmasını xahiş edirlər. Lavrov qapalı görüşlərdə səslənən və ermənilərə xoş gələn fikri bu dəfə mətbuat konfransında açıq şəkildə səsləndirdi. Erməni saytlarının tamamı dərhal “Lavrov erməni əsirlərin azad olunmasını tələb edib” kimi başlıqlar çıxarıb.

Fikrimcə, Lavrovun bu açıqlaması ziyanımıza deyil, rusiyalı rəsmilərin bölgədəki vəziyyət haqqında nə düşündüklərini açıq səsləndirmələri bizim üçün də faydalıdır. Biz də Rusiyanın siyasəti haqqında heç nəyi gizlətməməliyik. Prezident İlham Əliyev son müsahibəsində Rusiyanın vasitəçiliyi ilə Azərbaycana verilən mina xəritələrinin böyük hissəsinin saxta olduğunu vurğuladı. Digər tərəfdən, Lavrov özü də etiraf edib ki, Azərbaycan həbsxanalarında saxlanılan erməni hərbçilər Azərbaycana 9 noyabrdan (10 noyabr üçtərəfli bəyanıtından – red.) sonra keçiblər. Bu halda Moskvaya sual ünvanlamalıyıq: Ermənistan niyə Rusiya prezidentinin vasitəçilçiliyi ilə 10 noyabrda imzalanan bəyanatı pozub və Azərbaycana diversant qruplar göndərib?”

Politoloqun fikrincə, Lavrovun açıqlaması Azərbaycana təzyiq mənası daşıyır:

“Təzyiq qarşısında erməni diversantların sərbəst buraxılması doğru olmaz. Nə vaxt ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi, o cümlədən sərhədlərin müəyyənləşməsi ilə bağlı sənəd imzalamağa hazır olar, erməni diversantların məsələsinə o zaman qayıdıla bilər.

Kreml Azərbaycanla Ermənistan arasında “balansı” ikincinin xeyrinə açıq şəkildə pozmaqdadır. Rusiya Müdafiə Nazirliyi son açıqlamalarının birində atəşkəsin Azərbaycan tərəfdən pozulduğuna eyham vurdu, Qarabağdakı sülhməramlılar Azərbaycana mesaj anlamı daşıyan təlimlər keçirirlər və indi də Lavrov “erməni əsirlərin qeyd-şərtsiz sərbəst buraxılmasından” danışır. Azərbaycan XİN Lavrovun cavabını vermək məcburiyyətindədir”.

Qeyd edək ki, erməni mediası Mirzoyanın Moskvada “isti” qarşılanmasından, o cümlədən Rusiyanın Minsk Qrupunun fəaliyyətini bərpa etməkdə maraqlı olmasından da bəhs edir. Erməni politoloqların fikrincə, Rusiya artıq regionda tam söz sahibidir. Buna baxmayaraq, erməni politoloqlar Rusiyanın necə qərar verəcəyi haqda olduqca şübhəli mövqe sərgiləyiblər. Onlar Rusiyanın etibarlı olmamasına vurğu edirlər.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close