Məmməd Araz – Dünya sənin, dünya mənim, Vətən mükafatı

DÜNYA SƏNİN, DÜNYA MƏNİM…

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

VƏTƏN MÜKAFATI

Heç bir mükafatın yetmədi mənə,
Bircə “sağ olun” da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!

Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim…
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.

Nə çiçək, nə sancaq oldum yaxanda,
Bir ömür yaşadım – əkinçi ömrü.
Qalır sel ağzında, çay qırağında
İkinci həyatım, ikinci ömrüm.

Nəsə qayalara yapışıb qalar,
Nəsə mamırlara dönüb göyərər,
Mən elə beləcə, göz qabağında
Gəzəri tabuta dönməsəm əgər…

Hamısını Göstər

Related Articles

Back to top button
Close