Məsud Pezeşkian: “Biz Avropa ilə danışıqlara hazırıq”
İranın yeni prezidenti Məsud Pezeşkian “Tehran Times” qəzetində dərc olunan məqaləsində Avropa ölkələri ilə dialoqun qurulması və çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Musavat.com xəbər verir ki, o, qarşılıqlı hörmət və bərabərlik əsasında konstruktiv dialoqa başlamağa hazır olduğunu bildirib.
Pezeşkian qeyd edib ki, ABŞ 2018-ci ildə İranın nüvə proqramı üzrə “Birgə hərtərəfli fəaliyyət planı”ndan çıxdıqdan sonra Avropa əvvəlcə İran qarşısında öhdəliklər götürüb, lakin sonradan İran tərəfindən öhdəliklərin birtərəfli qaydada yerinə yetirilməsini gözləyərək onlardan imtina edib. O vurğulayıb ki, iranlılar qürurlu xalqdır və onların hüquq və ləyaqətinə göz yummaq olmaz.
Prezident iqtisadi və texnoloji əməkdaşlıq, enerji təhlükəsizliyi, tranzit marşrutları, ətraf mühitin mühafizəsi, terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçqın böhranı ilə mübarizə də daxil olmaqla əməkdaşlığın bir çox sahələrinə diqqət çəkib.
Qeyd edək ki, İranın daxilində və xaricində Pezeşkianın keçmiş hökumətlərin yeritdiyi dünya ilə konfrontasiya siyasətinə düzəlişlər edəcəyinə ümid böyükdür.
Polise.az