Məhkəmə fəaliyyəti təkmilləşdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə artırılmış 200 hakim ştatı üzrə hakimliyə namizədlərin davamlı və daha çevik seçim prosesi aparılaraq 123 nəfər yeni nəsil hüquqşünaslar seçilib hakim vəzifəsinə təyin ediliblər. Eyni zamanda hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq ötən dövrdə yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən 100-dən çox hakim yuxarı məhkəmə instansiyalarına irəli çəkilib, fəaliyyətində nöqsanlara yol verən hakimlər məhkəmələrdən kənarlaşdırılıb. Həmçinin bütün apellyasiya məhkəmələrinin sədrləri, ali və apellyasiya məhkəmələrinin kollegiya sədrləri yenilənib.

Kadr islahatlarında növbəti mühüm mərhələ olan Azərbaycan Prezidenti tərəfindən ötən ilin sonunda apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı aparılmış təyinatlar fəaliyyətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edib.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni təyin edilmiş 50 nəfər məhkəmə sədri ilə görüşüb.

Hibrid formatda keçirilən görüşdə apellyasiya məhkəmələrinin sədrləri, Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası aparatının aidiyyəti məsul işçiləri iştirak ediblər.

Çıxış edən F.Məmmədov bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən bəhs edib, Ulu Öndərin yolu ilə gedən müstəqil dövlətimizin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını vurğulayıb.

Ümummilli Liderin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın işğaldan azad olunmasını Vətən müharibəsində parlaq Zəfərimizlə təmin edən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızın sürətli bərpası, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə dəyərli töhfələri qeyd olunub.

Müstəqil üçpilləli məhkəmə sisteminin bərqərar olunmasında misilsiz rolu olan Ulu Öndərin təməlini qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatlarının dövlət başçısının rəhbərliyi ilə müasir çağırışlara uyğun həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, məhkəmə-hüquq sistemində aparılan islahatlar cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanların hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təminatına xidmət edir.

Nazir məhkəmə sisteminin səmərəliliyinin, ədalət mühakiməsinə ictimai etimadın artırılmasının hakimlərin fəaliyyətindən bilavasitə asılı olduğunu vurğulayıb, dövlət başçısının bütün məhkəmə sədrlərinə və hakimlərə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələri diqqətə çatdırıb.

Tədbirdə hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi zamanı bu prinsiplərə xüsusi diqqət yetirildiyi bildirilib, kobud rəftar, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi vurğulanaraq hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə görülən tədbirlər qeyd olunub.

Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması ilə bağlı Məhkəmə-Hüquq Şurasında “qaynar xətt”in fəaliyyətinə, məhkəmələrdə aparılan monitorinqlərin nəticələrinə toxunulub, aşkarlanan xarakterik nöqsan və çatışmazlıqlara diqqət cəlb olunaraq yeni təyinat almış məhkəmə sədrlərinin qarşısında duran vəzifələr müzakirə edilib.

Məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, vətəndaşlara qayğılı münasibət və layiqli xidmət göstərilməsi, təşəbbüskarlığın və prinsipiallığın artırılması, əmək və icra intizamına nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Ədalət mühakiməsinin effektiv həyata keçirilməsində və əlçatanlığın asanlaşdırılmasında “Elektron məhkəmə” informasiya sisteminin mühüm rolu qeyd olunaraq ondan istifadə vərdişlərinin aşılanması, məhkəmələrin işinin səmərəli təşkili, bu sahədə əməli və metodiki köməyin göstərilməsi, ilk dəfə sədr vəzifəsinə təyin olunanların tədrisə ehtiyacı öyrənilməklə Ədliyyə Akademiyasında treninqlərin keçirilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button