Mənim həyat hekayətlərim (XIII hissə)

Əvvəli

Tapşırıq  verdim ki, Bəyi əvvəl mənim yanıma gətirsinlər, sonra  bir yerdə də toyda iştirak edəcəyik. Qərarım beləydi: Toyda iştirak edək. Bəlkə bu yolla günahlarımızı yuya və qarğışlardan qurtula bilərik-düşündüm. Belə də etdik. Bəy yanıma gələndən sonra tədbirin zərurətdən doğduğunu və mütləqliyini diqqətinə çatdırdım. “Sən də polisdə işləmisən. Əməliyyat tədbirlərindən xəbərin var. Çox bəzəməyə ehtiyac görmürəm. Allah sizi xoşbəxt eyləsin…” -deyib ayağa qalxdım. Bəy sakit təbiətli, mədəni və səbrli idi. Heç nə demədən mənimlə razılaşıb bir yerdə aşağı düşdük…

Şadlıq sarayına Bəylə birlikdə daxil olduq. Hamının diqqəti bizdə idi. Bəyi kreslosuna qədər müşayət edib gəlinin yanında əyləşdi. Mən isə toy sahibinin qoluna girib mikrofona yaxınlaşdım. Xeyir-dua verdim: “Tanrı övladlarınızı xoşbəxt etsin. Toy hər bir valideynin arzusudur. Bu, bənzəri və əvəzi olmayan bir arzudur. Kimsə bunu pozamağa ixtiyarı çatmaz. Şahidi oldunuz ki, hətta polis də bu səlahiyyətə malik deyilmiş. Dövlətçiliyimizlə bağlı bir zərurət yaranmışdı, müdaxilə etdik, amma Rəbbimizin izni olmadığından geri-yanınıza dönməli olduq. Əff edin. Həmişə toyda əziz qonaqlar, qohumlar və dostlar! Biz həmişə yanınızdayıq” -deyib bir  “İnnabı” havası ilə meydanı qızışdırdıq…  Hamının ovqatını xoş etdik. Nəmərimizi salıb toy sahibi ilə xudahafizləşəndən sonra xidmətimizi davam etməyə başladıq… Bax, belə hallara haqq qazandırmaq çətindir, çox çətin!.. Amma nə etmək? Polis Mədəniyyət nazirliyi deyil ki?..                                    

                                                                 XXX       

İNSANLAR ALƏMİNDƏ

Yarım ilin yekununa həsr olunmuş kollegiya iclasına hazırlaşırdım. Gündəlikdə keçmiş illərdən bağlı qalmış cinayət işlərinin açılmasının vəziyyəti müzakirə olunacaqdı. Rəhbərlik etdiyim kollektiv, daha çox cinayət-axtarış müvəkkilləri və istintaq bölməsi qarşılıqlı əlaqədə bu istiqamətdə müvafiq iş görmüşdü. Müzakirədən sonra məni kürsüyə dəvət edəcəklərini zənn edirdim. İstintaq-əməliyyat vəziyyətilə bağlı müfəssəl arayışda Abşeron RPŞ-nin də adı işi zəif təşkil edən polis şöbələrinin sırasında hallandı. Amma bizdə keçmiş illərdən bağlı qalmış cinayət işlərinin açılması vəziyyəti pis deyildi. Keçmiş illərdən, məndən də qabaq uzun illər bağlı qalmış 4 cinayətin açılması təmin edilmişdi. Bu kiçik rəqəm olsa da, tənqid olunmaya da bilərdi. Danışmağa sözüm varıydı. Nazirin:Abşeron polis şöbəsinin rəisi buyursun-deməklə bu düşüncələrdən ayrıldım və iti addımlarla kürsüyə yaxınlaşdım. Arayışda qeyd olunanlara münasibətimi bildirməyə imkan verilmədi. Nazirin birinci müavini Zahid Dünyamalıyev birbaşa suala keçdi: Rəis, deyə bilərsinizmi sizdə keçmiş illərdən bağlı qalmış neçə cinayət var?

-Zahid müəllim, polis şöbəsinin yarandığı gündən bu günə qədər olan dövrü, yoxsa mənim işlədiyim illəri nəzərdə tutursuz.?

-Ümumiyyətlə nəzərdə tuturam.

Mən hazırlaşmışdım, statistik rəqəmlərlə və onların açılması vəziyyətilə tanış olduğumdan şifahi şəkildə nazirə və kollegiya üzvlərinə lakonik məlumat verdim. Sonra Zahid Dünyamalıyev üzünü zala tutdu. Əli ilə məni nümunə göstərərək buyurun, kollegiyaya belə hazırlaşarlar-dedi. Sandım ki, təhlükə sovuşdu və kürsüdən uzaqlaşmaq istəyirdim. Bu an Nazir: Hara gedirsən, tələsmə. Mənim, kollegiyanın sədri kimi Abşeron polis şöbəsinin şəxsi heyətinə və sizə iradlarım var. Abşeron polisi dövlətçiliyimizin və Heydər Əliyevin siyasəti əleyhinə olan Mütəllibovçulara qarşı sərt mövqe nümayiş etdirmir. Gözləmə movqeyindədir.

Bu artıq mənə və rəhbərliyi həyata keçirdiyim şəxsi heyətə ittiham elan etmək idi. Cənab Nazir, izcazə verirsiz?

-Buyurun!

-İşlədiyim müddət ərzində əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirdiyim inzibati ərazidə heç bir qrup, qanunsuz birləşmələr və dəstələr dövlətçilik əleyhinə bir şüar və yaxud, müxtəlif tezislərlə sərbəst toplaşmağa hətta cəhd etmək istəyənlər olmayıb. Tam məsuliyyətlə deyirəm, cənab nazir, bu barədə hər hansı bir məlumat da daxil    olmayıb. Ona görə də, cənab nazir, mən belə deməzdim. Bəlkə də “belə deməzdim” ifadəsini işlətməklə həddimi aşmışdım.

Nazir: Necə? Mən belə deməzdim? Sən nazirsən? Mən elə burdaca tapşırıram qərargaha, bir həftədən sonra Abşeron rayon polis şöbəsinin əməliyyat-axtarış fəaliyyətinin təftiş olunmasına dair kompleks briqada göndərilsin. Fəaliyyət yoxlanılsın və nəticəsi mənə məruzə olunsun. İndi gedə bilərsən.

Başqa bir kəlmə belə deməyə imkan verilmədi. Bilmədiyim başqa şeylər var imiş…

Kompleks yoxlama bir həftə davam etdi. Uzun müddət mərkəzi aparatda işlədiyimdən briqada üzvləri yüksək hörmətlə davranırdılar. Yoxlama bitdikdən sonra nəticəsi barədə nə mənə, nə də şəxsi heyətə hər hansı bir məlumat verilmədi. Belə yanaşma nəticəni öncədən hasil edirdi: Mən vəzifəmdən azad olunmalıydım. Amma tutduğum vəzifədən kollegiyanın qərarı ilə getmək istəmirdim. Şəxsi işimi “korlamaq”dan ehtiyatlandığım üçün vəzifədən azad edilməyim haqda nazirə müraciət etdim. Müraciətimin kadrlar idarəsində baxıldığına əmin olub, işə davamiyyətimə xitam verdim.

DİN-dən aldığım 4 otaqlı mənzil  “Neftçi” idman bazasının yaxınlığında olduğundan demək olar ki, hər günüm orada keçərdi. Düşünürdüm ki, nə vaxtsa çağırıb bir iş verəcəklər. Hüquqşünas olduğuma görə istənilən vəzifədə çalışa biləcəyimə, hətta sahə müvəkkili belə təklif etsəydilər imtina etməzdim, hörmətlə qəbul edərdim. Amma məsələ başqa yöndə müzakirə edildi. Öz müraciətim əsasında vəzifədən getsəm də, kollegiyanın qərarı ilə intizam məsuliyyətinə cəlb olunanların sırasında mən də var idim…

Təxminən iki aydan sonra mən nazirliyin Qərargahına baş inspektor vəzifəsinə təyinat aldım. Müəyyən vaxtdan sonra yenidən mərkəzi aparata qayıtmağıma sevinirdim. Qərargahda işlədiyim qısa vaxt ərzində Bakı şəhər Baş Polis İdarəsinin rayon polis idarələrində və rayon polis şöbələrində DİN-nin rəhbərliyinin xüsusi tapşırıqları və ya daxil olmuş müraciətlərin mahiyyətinə uyğun keçirilən yoxlamalara rəhbərlik edərdim. Nəticəsini ya kollegiyada müzakirəyə çıxardar, ya da müvafiq əmrin elan olunması ilə kifayətlənərdik…

DİN-nin aparatında çox işləmədim, polkovnik rütbəsini almaq üçün Nəqliyyatda Baş Polis İdarəsinin Qərargah rəisi vəzifəsinə təyin olundum. 6 aydan sonra Baş İdarə rəisinin Təqdimatı əsasında yüksək rütbəyə layiq görüldüm. Amma…

Kiçik oğlum, Sərhəd Xidmətinin leytenantı Səbuhi Əliyev xidməti təlim zamanı aldığı xəsarətdən MN-nin hospitalında müalicə olunurdu. Hospitaldan evə buraxılan ərəfədə ona bir həftəlik qısa məzuniyyət verilməsi üçün  Z.Əliyeva küçəsində yerləşən Dövlət Sərhəd Xidmətinə getdim. Xidməti zərurətlə bağlı məzuniyyətin verilməsi mümkün sayılmadığından peşiman halda geri qayıdırdım. Uşağın istəyini yerinə yetirə bilmədiyimə görə heyifslənirdim. Əhvalım da yaxşı deyildi. DSX-nin binası DİN-nin 1 saylı poliklinikası ilə yan-yana, çox yaxın idi. Poliklinika rəsinin məsləhətinə ehtiyac duyduğumdan yanına getdim. İçəri daxil olanda tələbə dostum və uzun müddət bir yerdə çalışdığımız M.Hacıyevlə rastlaşdım. Hal-əhvaldan sonra Baş həkimin yanına keçdim…

Nahara, evə tələsirdim. Mahmudla küçəni keçib səki ilə yolumuza davam edirdik. Sol tərəfdə  “Şəhriyar” adına klubun yan giriş qapısında “Bakı bələdiyyə teatrı” yazılmış blokda  yumşaq məftildən hazırlanmış rəflərdə qəzetlər asılmışdı. 5-10 dəqiqə qəzetləri səthi nəzərdən keçirdik. Həmin günü 1998-ci ilin may ayının 8-də müxalifətin icazəsiz mitinqinin planlaşdırılmasından əsla xəbərimiz olmamışdı. Nəqliyyatda Baş Polis İdarəsinin şəxsi heyəti belə tədbirlərə cəlb olunmadığından maraq dairəmdə olmazdı. Həmin günü mən başqa ovqatda idim, oğlumun səhhətilə bağlı qısa məzuniyyət ala bilmədiyimə görə acıyırdım. “Müsavat” partiyasının da məhz həmin blokda- “Bakı bələdiyyə teatrı” ilə bir girişdə olduğu barədə də məlumatım olmamışdır. Mitinqin qarşısını almaq, təşkilatçıları və fəalları zərərsizləşdirmək məqsədilə əməliyyat çəkilişinin icrası zamanı bizi də fiksə edib və bu barədə DİN-ə operativ məlumat daxil olur. Hər ikimizin “müxalifət partiyasında olmasını” səhih mənbələr əsasında araşdırmadan bizim DİO-dan xaric olunmağımıza dair qərar qəbul edilir. O günü heç vaxt unuda bilmərəm. Əvvəl nazir müavini Əsgər Ələkbərovun yanında oldum. Kadrlar idarəsinin rəisi, əvvəllər uşaq inspektoru kimi tabeliyimdə çalışan, M.Əsgərov da orada idi. Heç bir sorğu-sual olmadan vəsiqəni təhvil verməyimi tələb etdilər. Vəsiqəmi masaya qoydum. Heç nə anlamaq olmurdu. Belə tələsik qərar qəbul etməkdə məqsəd nə idi? Sonra Nazirin otağında oldum. Ədalətli araşdırmanı gözləyir və ümid edirdim ki, nəticəsi obyektiv olacaq. Nazir məni az dinlədi. “Biz sənin orqandan xaric olunmağınla bağlı qərarı artıq qəbul etmişik”- Həyəcanla:Cənab nazir, mənim şəxsi işimə bir baxın. Mən orqanda təsadüfi adam deyiləm. Baxın, valideynlərim kimlərdir? Qərar verməyə tələsməyin. Tapşırın, araşdırsınlar, sonra…

-Kollegiya araşdırmağa bir əsas görmür. Gedə bilərsən. Əmr imzalanıb…

Nazirin kabinetini də həyacanla tərk etdim. Qəbul otağında bloknotumu əlimdən  saldım. Əyilib götürərkən “Ya Allah!”  kəlməsini bədahətən işlətdim. Nazirin köməkçisi:

-Nə dediniz?

-Heç. Ya Allah –dedim. Həyacanla da Nazirliyin binasını son dəfə, məcburi tərk etməli oldum. Bayıra çıxanda Fironla bağlı oxuduğum bir  əhvalatı xatırladım. “Fironun qızının Maşuta adlı bir xidmətçisi-Dayəsi varmış. Dayə qızın saçlarını darayarkən birdən şanə əlindən düşür. Maşuta əyilib şanəni götürərkən özündən asılı olmayaraq “Oy Allah” kəlməsini işlədir. Bu sözü dayəsindən ilk dəfə eşidən Fironun qızı:

-Atamı çağırdın?

-Yox, aləmlərin Rəbbini səslədim-deyir.

-Məgər atam Allah deyil?

-Yox. Atan Misir padşahıdır-demişdi. Bununla da Maşuta həqiqəti söyləməklə özünü qurtuluşu mümkün olmayan bir təhlükəyə atmışdı. Neçə deyərlər, qətlinə fərman imzalamışdı.

Axşam Firon odasına daxil olan kimi qızı hər şeyi atasına danışır. Firon əmr edir ki, dayəni yanına gətirsinlər. Maşuta Fironun hüzurunda cəzasının çəkcəyini dərk etsə də, dediklərindən qaçmır. Firon son anda: “Bəlkə, fikirləşəsən, Maşuta! Sənin də Allahın mən deyilənmi?

-Yox. Mənim Allahım Aləmlərin Rəbbidir.

Firon Maşutanın südəmər körpəsinin gətirilməsini tapşırır. Və sonuncu dəfə xəbərdarlıq edir. Əks təqdirdə uşağına da rəhm edilməyəcək-deyir. Ağrılardan çırpınan Maşuta körpənin xatirinə fikrindən dönmək niyyətində ikən çağa Allahın əmrilə dil açır: “Ana, sən düz yoldasan, fikrindən dönmə”! Maşuta rahatlanır. Firon isə uşağın parçalanmasına əmr verdikdə xanımı Asiya: “Barı, bir olan Allahdan qorx! Bu çağanın nə günahı?”-söyləyəndə Firon təəccüblə: Asiya, sən də məndən imtina etdin?… Beləliklə Firona bəyan olur ki, Allahlıq iddiasında olmasına dair inam heç yaxın çevrəsində də yoxmuş… Mənim vəziyyətim demək olar ki, beləydi, zavallıların vəziyyəti kimi.

Orqandan xaric olunmağıma heç cür inanmırdım…

İnsanlar aləminin qəribə qanunları olurmuş. “Mən belə istəyirəm” ekstravaqant-qeyri adi davranış forması bütün ictimai-iqtisadi formasiyalarda ancaq ziyan gətirib…

Rəvayət edirlər ki, insan bir gün qarışqadan soruşur:

-Doğrudanmı sənə il ərzində bir buğda dənəsi bəs edir?

-Əlbəttə!

İnsan:

-Heç inanmıram. Şübhələrimə son qoymaq üçün  səni bir buğda dənəsi ilə  şüşə qaba qoyub, bir ildən sonra yoxlayaram. İnsan belə də davranır. Unutqanlıqdan 10 il sonra yadına düşür ki, bankada qarışqanı bir buğda dənəsi ilə sınağa çəkib. Tələsik gəlib bankanın içindəkini görəndə təəccüb edir. Buğdanın hələ yarısı da qalmışdı.

-Ay qarışqa, 10 il ərzində buğda dənəsinin hələ yarısı da qalıb. Bu necə olur?

Qarışqa:

-Siz insanlara bel bağlayıb inanmaq ağılsızlıqdır. Ona görə qismətimi qənaətlə işlətdim-deyir…

Məlum oldu ki, may ayının 8-də mitinqlə bağlı vəziyyəti rəhbərliyə mərizə edərkən bizi tanıyan əməliyyat işçiləri “sayıqlıqlarını” və “sədaqətlərini” göstərmək üçün  “Müsavatda” olmağımıza dair qeyri-ciddi, həqiqətə uyğun olmayan raportla rəhbərliyə məruzə ediblər. İcazəsiz mitinqin qarşısını almaq əvəzinə güc bizə səmtlənib və Nazirin kadrlar üzrə müavini öz “sayıqlığını” və ölkə rəhbərliyinə olan “sədaqətini”nümayiş etdirmək üçün məsələni nazirlə məsləhətləşmədən, mövcud ola biləcək şübhələri araşdırmadan dərhal Prezident aparatına məruzə etmiş və məlumat mərhum Prezidentə ötürüldüyündən nazirin başqa cür qərar qəbul etmək imkanları qapanıb. Kadrlar üzrə müavin nazirlə məsləhətləşmədən  “Onlar bizim və dövlətçiliyimizin düşmənləridir”-deyə “qisas” almaqda sevinirmiş.  

Nazirliyin qərarı aydın səmada şimşək kimi çaxdı. Bizim tələm-tələsik  orqandan xaric olunmağımız kimə lazım idi və kimin marağına xidmət edirdi?

Nə polisin, nə də dövlətçiliyin!

Azərbaycanın müstəqilliyi uğrunda canı və bütün fiziki sağlamlığını qurban verməyə hazır olan, vətən savaşının iştirakçısı haqda belə bir qərarın qəbulu sosial ədalətdən və hüquqi məntiqdən uzaq idi. Hakimiyyətə müxalif sayılan partiyanın  “ofisinə daxil olmaq” nə dərəcədə hüquqi məsuliyyət yaradırdı?..

Apardığım müşahidələr belə deməyə əsas verdi ki, kadrlar üzrə nazir müavini, polis-general leytenantı (?) Əsgər Ələkbərov Kirovabad şəhər Kənd Təsrrüfat İnstitutunun  “Mexanizator”luq fakültəsini bitirmiş, Kommunist Partiyasının zəmanəti ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə xidmətə göndərilmişdi.(KP-nin belə eybəcərlikləri də olurdu)Hüququn, cinayətin, cəzanın və dövlətin cinayətkarlıqla mübarizə siyasətinin mahiyyətinə aydınlıq gətirə bilməyən Dövlət Başçısına “sədaqət”ini mərdiməzarlıqla nümayiş etdirir. Vəzifə ömrünü belə uzadır, ətrafını, qohum və tanışlarını proteksiya yolu ilə vəzifəyə gətirir.Zamanında Binəqədi rayon polis idarəsində Yetkinlik Yaşına Çatmayanların işləri üzrə baş inspektor vəzifəsində,  tabeliyimdə olmuş birisi bu yolla nazirliyə aparıldı, qısa müddət ərzində Kadrlar İdarəsinin rəisi vəzifəsinə yüksəldi və general-mayor rütbəsinə layiq görüldü. 60 yaşında DİN-nin köməyi ilə BDU-ya –hüquq fakültəsinə qəbul olundu.(?)

Vətən uğrunda döyüşə getdiyimiz,50 nəfərin Komandiri olduğum heyətdə o, da varıydı. Amma Helikopterimiz Qubadlıya eniş edən kimi “qorxudan xəstələndi” və müdaxiləm nəticəsində 30 dəqiqədən sonra yenidən Bakıya “müalicəyə” qayıtdı. Kadrlar İdarəsinin müşavirələrində “Mən vətən uğrunda döyüşmüşəm” ifadəsini pafosla işlədərmiş. DİN-nin kadr islahatlarında “xidmətləri”olmuş belə şəxslərin qeyri-ciddi əməllərinin qurbanına çevrildim. Mənə qarşı ədalətlə davranmadılar, şəxsi maraqlara üstünlük verildi…

Oxuduğum qeyri adi məlumatlara görə Heyvanlar aləmində müxtəlif növ heyvanlar günəşin qürub etdiyi vaxtda hər gün getdikləri su “hövzə”sində susuzluğunu ödəmək üçün güclü-gücsüzə əsla təcavüz etməz. Sürü qaydasında suya can atar və və sürü qaydasında da ayrılarlar. Qısa zaman kəsiyində vəhşilik dayanarmış. Bu İlahidən gələn təbii qanunlardır və gözlənilir. Amma mənə qarşı ədalətsizlik son nöqtəsinə qədər davam etdi. Gücüm yalnız əllərimi Allahın dərgahına qaldırıb “Qisası qiyamətə saxlama”- dedim və dayandım…

İşlədiyim dövrlərdə mənim Ə. Ələkbərovla olan münasibətimiz rəsmi qaydalarla tənzimlənib.

Daxili İşlər Orqanlarından xaric olduğum iki ilə yaxın müddət ərzində məşğuliyyətim hər gün yaşadığım məhəllədə yerləşən Neftçi İidman-Futbol klubuna gedib idmanla məşgul olmaqdan ibarət olardı, axşama yaxın isə evə qayıdardım. Yaxınlıq etdiyim insanlar mənimlə təmasdan qaçardılar. İşdən xaric olunmağım müxalifət partiyası ilə bağlı olduğundan “əməlimə görə ittiham da ağır idi”.

Jurnalist qardaşım, yazıçı-publisist Ağaddin xaq şairi Bəxtiyar Vahabzadənin, xalq şairi Fikrət Qocanın, xalq şairi Qabilin, xalq yazıçısı Hüseyn Abbaszadənin və xalq şairi Fikrət Sadıxın imzası ilə Prezidentə və Daxili işlər nazirinə müraciət göndərildi. Müraciətdən sonra nazir məni dəvət etdi. Qısa söhbətdən sonra göstəriş verildi ki, orqana bərpa olunmağım haqqında rəy və əmr hazırlansın. Amma yenə mənim orqana bərpa olunmağıma qəti şəkildə mane olub imkan verilməmişdi. “Düşmənimizi polisə qaytarırsınız”-deyib nə rəyə, nə də əmrə imza atmamışdı Ələkbərov.

Dünyanın heç bir ölkəsinin təcrübəsində belə əhvalatlar olmamışdır. Nazirin Baş referenti (köməkçisi), Sosialist Əmlakını Dağıdanlarla Mübarizə şöbəsinin (OBXSS)rəisi, şöbə rəisinin müavini, idarə rəisinin müavini və idarə rəisi vəzifəsində çalışan, vətən müharibəsinin iştirakçısı – komandiri olmuş bir polis məmuru kimi işləmədiyim müddətdə təqaüd də verilmirdi. Bəlkə də inandırıcı səslənməz, amma hər hekayəti olduğu tərzdə yazmağa məcburam. İşləmədiyim günlər, aylar və illərdə sosial həyatım ağır keçib.Həyətdəki dəmir qarajımı satmalı oldum.Şəxsi minik avtomobilim də yox idi.RF-də yaşayan yaxınlarım mənə müvəqqəti istifadəm üçün bir Vaz 2106 markalı jiquli göndərmişdilər…

Özümə məxsus bəzi əşyalarımı da satmalı oldum…Beləcə ağır günlərim uzanırdı…

Sonra gözləmədiyim halda məni Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları saxlayıb haqqımda xuliqanlıq faktı ilə protokol tərtib edib Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs etdilər.”Mən,sərxoş şəkildə 8-ci mikrorayonda səki ilə gedərkən vətədaşları nalayiq sözlərlə təhqir,ictimaiyyətə hörmətsizlik etmişdim.”

Hakim:Şəmsəddin müəllim,niyə sizə qarşı belə davranırlar?-sualına çiynimi çəkdim.

Hakim ifadələrin və “Xuliqanlığın tərkibini yaradan”saxta materialların həqiqətə söykənmədiyini bilə-bilə,barəmdə sosial ədaləti bərpa etmək əvəzinə,sosial ədalətsizliyə ədalətsiz aktı ilə abidə qoydu…Qədim yunan filosoflarının təbirincə desəm:”Mənə məcəlləni yox,hakimi göstərin”.

Tarixdə ədalətsiz və sifarişlə qərar qəbul edən hakimlər haqda sərt cəzaların elan edilməsi faktları az olmamışdır. Belə hakimlər edam edildikdən sonra soyulmuş dəriləri oturduqları kresloya çəkilib ki,digərlərinə görk olsun…Tanrı özü bizi vahiməli anlardan saxlasın…

Məhkəmədə mənə qarşı ifadə verən Sumqayıt çəhər polis idarəsinin sahə müvəkkili cavan baş leytenantla təsadüfən Bakı şəhəri “Semaşko” xəstəxanasında rastlaşdıq. Vicdanı varıymış. Xəcalətindən başını aşağı dikib: “Məni bağışlayın. Rəis (S.Səfərov) məni məcbur edirdi. Ya işdən uzaqlaşmalıydım, ya da onun dediyini yazmalı və deməliydim.” Onu qınamadım…

Bu azmış kimi Binəqədi RPİ-nin Polis Bölməsində çalışan oğlumu da “ağır ittihamla” orqandan xaric etdilər… Analoqu olmayan bir dəlillə: “Sidiyində narkotikanın izi var”.  Bunu Xüsusi İdarənin rəisi korrupsioner  Ramiz Nağıyev təşkil etmişdi. Onu da Allaha tapşırmışdım… Nə etməliydim və kimə pənah aparmalı, kimə şikayət etməliydim-suallarına cavab tapa bilmirdim. “Mərdi qova-qova namərd yola sövq etdilər”...

Mən həbsdə ikən Binəqədi RPİ-nin 5-ci polis bölməsinin rəisi Teymur Kərimov əməliyyat müvəkkili vəzifəsində çalışan oğlumu yanına çağırıb təsdiq olunmuş qrafikdən kənar sutka ərzində növbətçi olmağını nəzərinə çatdırır. Həmin günü DİN-nin Xüsusi İdarəsinin əməkdaşları Ramiz Nağıyevin tapşırığı əsasında gecə saatlarında gözlənilmədən bölməyə gəlib oğlumun  iştirakı olmadan xidməti kabinetində dəmir seyfi açıb qanunsuz- “özəl” axtarış aparmışlar. Lakin axtardıqlarını tapa bilməyəndə onu DİN-ə aparır, orada onu mənə qarşı ifadə verməyə məcbur edirlər, ləyaqətinə toxunurlar. Sonra oğlumu DİN-nin 1 saylı poliklinikasına aparıb narkoloji testdən keçirirlər, məqsədlərinə çata bilməyəndə onu Respublika Narkoloji dispanserə aparıb yenidən test etmək istəyəndə oğlum etiraz edir: Mənim iradəmə zidd 1 saylı poliklinikaada test etdiniz heç nə çıxmadı. Bu kifayət deyil? Təkrar məni zorla bura gətirib yenidən testə təkid edirsiniz. Məndən nə istəyirsiniz?

İnsanlar aləminin şüurlu varlıqları hərəkətlərində israrlı olub oğlumun iradəsinə zidd, yenidən sidik və qan analizini alıb “yoxlayırlar”. Qan təmiz çıxır, amma  guya sidikdə “ləkə”  aşkar olunur. Allah sifətlərinə ləkə salsın, bəlalarını versin və balalarının başına gətirsin. Başqa nə deyə bilərəm?!

Bu, bir azərbaycanlının özəl maraqlarına üstünlük verməsilə digər soydaşına xəyanətidir. Xəyanət heç vaxt gizli qalmır. O qəlp pul kimidir. Mütləq faş olur. Axı, həyatda insanın zinətini zinətləndirən, onun ləyaqət güzgüsü – insaf deyilən bir dəyər də var. İnsan insana  yar və mədədkar olmalıdır…

Bədənimizdəki xəstəliklərin nədən əmələ gəldiyini təxmin edə bilirik. Mənəvi xəstəliklər isə təkəbbürlükdən, tərbiyədən, insanların beyninə doldurulan cəfəngiyyatdan, bir az da obrazlı ifadə etsəm cəmiyyətdə, ailədə və kollektivdə pislik toxumunun səpilməsindəndir.Hələ bunun biçilməsi də var. Ona görə, zəqqum ağacının toxumunu səpmək istəyənlərə mane olmayanda, əməl və davranışlar əndazəsini aşır. Cəmiyyətin (heç olmazsa penitensiar müəssisələrin fəaliyyət istiqamətlərinə uyğun) islah olunması çətinləşir. Böyük Rus yazıçısı,  dünya şöhrətli prozaik F.M.Dostoyevskinin dili ilə təkrarlasam: Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayda məsum bir körpənin gözyaşları axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır (tar-mar olsa yaxşıdır). Bu mənada kiməsə pislik etməklə  “inşa edilən saraylarda ailənin səadətini təmin etmək çətindir. Tanrının sevdiyi bəndələrilə bağlı planlarını proqnozlaşdırmaq heç kimə nəsib olmayıb.

Hindistanın dövlət gerbində “Ancaq həqiqət qələbə çalar” sözlərini oxuyanda  Cəvahirlər Hehruya olan rəğbətim birə-on artdı. Böyük Britaniyanın dövlət gerbində isə “Allah və mənim hüququm” yazılmışdır. (Belə oxumuşam) Böyük ölkələrin Allaha sığınıb davranışlarını qəlibə sala bilməsi, ümumi rifah naminə çalışmaq vahid bir məqsədə çevrildiyindən, bizim məmurların bəziləri ibtidai icma təfəkküründən o tərəfə gedə bilməyiblər. Xalqını düşünən ziyalılar üçün belə insanlar dərd ağacına çevrilib. İnsanları bir-birindən ayıra bilən düşüncə müxtəlifliyidir, kin və nifrətdir, avamlıqdır, şəxsi mənafelərinə üstünlük verməkdir və s.qeyri insani davranışlardır.

İlahi! Yaratdığın canlı varlıqlar sırasında adama oxşayan nə qədər şeytanlar və İblislər varmış?! Bunları neynirdin, ya Rəbbi!?

İlah həyatı maraqlı yaratsa da, hər zaman sərtliyi və sərsəmliyi ilə də diqqət çəkib…

İnsan həyatda ibrət götürməli, vəzifəsində haqq və ədaləti, insaf və mürüvvəti həmişə nəzərə almağı bacarmalıdır. Yerli-yersiz Donkixotluq etmək cəsarətdən deyil, cəhalətdən irəli gəlir. Haqq qüvvətdə, qüvvət haqda deyilsə o vəzifə xalqa xəyanətlə davam edər…

Üz tutmağa başqa bir qapı tapmadım. Səbr etdim. Qismətimi də səbrlə gözlədim. Gec gəldi, amma gəldi. Yaxşı-pis mənumkiydi. Naşükürlüyə haqqım da çatmırdı. Bir Övliyadan soruşurlar:

-Səbr etməyi kimdən öyrəndin?

-Mənə yol göstərən bir pişikdən-deyir.

-Necə?

-Pişiyin axtardığı ov-siçan qaçıb yuvasına girmiş, ordan çıxmırdı. Pişik də siçanın girdiyi o deşiyin ağzında səbrlə, gözünü qırpmadan saatlarla pusquda durur. Axırda səbri tükənən siçan yuvasından çıxan kimi pişik ovunu rahatca tutur. Ona görə “Mən səbir dərsini pişikdən öyrəndim”- deyir. 

Baş verənlər həyat hekayətlərimin metastaz verən unudulmaz ağrılarıdır. Mənsəb sahibi vəzifəsinin imkan və gücündən insana qarşı bu dərəcədə sui-istifadə etməməlidir.Allah hər şeyi aydın görə bilir…Mən onları Allaha tapşırdım. Qoy qisas qiyamətə qalsın. Orda görüşənədək…

Həmin gecə  qəribə bir yuxuya dalmışdım. Yuxuda özümü ölmüş gördüm. Amma ağlayanım yox idi. Anam, atam, bacılarım, qardaşlarım, hətta həyat yoldaşım da yanımda, amma heç kim ağlamırdı. Bu necə ola bilər? Bu qədərmi vecsiz bir şeyə çevrilmişəm? Nə baş verib, günahım nədir?-düşünərkən, birdən atamla anamın  həmişə bizimlə təmasda olduğu Talış dilində danışıqlarını eşitdim. Ölməyimi unudub tabutdan dikəlmək istəyəndə qeyri ixtiyari atamın ayaqlarına yıxıldım. Atam qolumdan tutub qaldırdı. Üst-başımı əllərilə çırpıb dedi: Niyə belə ovqatın təlxdir? (Atam da, anam da belə ifadə işlədərdilər.Yəni niyə bikefsən mənasını verir) Darıxma ay bala, ölməmişəm ki?

Anam isə, Şəmsəddin, bala! Səni heç bu qiyafədə görməmişdim. Yenə nə oldu? Niyə kefsizsən? Sənə axı belə hüzn yaraşmır. Biz heç vaxt səni belə görməmişdik. Atan düz deyir. Səbr Allahın gözəl adlarındandır. Özünü üzüb bizi də ağrıtma!..

Ağlamağımın səsinə yuxudan oyandım və yuxunu xatırladıqca bir az da təsirləndim… Başıma gələnlər nə tez o dünyaya gedib çıxdı? Mərhum valideynlərimin ruhları hər gecə – gündüz yanımdaymış – düşündüm. Onlara da bəyan olubmuş?! Ruhları şad olsun!..

Hamısını Göstər

Related Articles

Back to top button