Məqsədimiz Azərbaycanda məhkəmə arxeologiyası və antropologiyası sahəsini inkişaf etdirməkdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans plenar sessiyalarla davam edir. Bu gün keçirilən plenar iclasda əsasən məhkəmə arxeologiyası, məhkəmə antropologiyası və onun müxtəlif sahələri müzakirə edilir.

Tədbirdə əsasən xaricdən gələn məhkəmə antropoloqları məruzələrlə çıxış edirlər. Eyni zamanda, yerli alimlərimizin təqdimatları, eləcə də Türkiyədən, Kanadadan və Perudan gəlmiş ekspertlərin çıxışları dinlənilir.

Bunu Polise.az açıqlamasında Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib.

“Azərbaycanda məhkəmə arxeologiyası və antropologiyası yeni sahədir. Məqsədimiz bu sahəni inkişaf etdirmək, dünya səviyyəsinə çıxarmaqdır. Bu işdə arxeoloqlarımız tədqiqatlarla çoxdan çalışırlar. Antropoloji tədqiqatlar çoxlu maliyyə vəsaiti tələb edən sahədir, bunun üçün bir çox xüsusi laboratoriyaları qurmaq lazımdır. Bizim də təmsil olunduğumuz Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərkibində müxtəlif idarə və təşkilatlar var ki, onların özlərinin laboratoriyaları mövcuddur. Bu laboratoriyaları inkişaf etdirmək vacibdir”, – deyə Akif Quliyev vurğulayıb.

O bildirib ki, mayda ekspedisiyamız Füzuli rayonunun həm Yuxarı Seyidəhmədli, həm də Aşağı Seyidəhmədli ərazisində tədqiqat işləri aparıb. Nəticədə insan qalıqları aşkara çıxarılıb. Sahə minalı olduğu üçün işlər hələlik dayandırılıb. ANAMA əməkdaşları ərazidə mina təmizləmə işləri aparılır. Ərazi tam təhlükəsiz vəziyyətə gəldikdən sonra arxeoloji ekspedisiya və dövlət komissiyasının digər təşkilatları burada fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, Bakıda təşkil edilən beynəlxalq tədbir Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button