Mətbuat Şurası 2021-ci ildə gördüyü işlərə dair hesabat verdi
2021-ci ildə Azərbaycan Mətbuat Şurasının fəaliyyətində iki başlıca ənənəvi xətt olub.
1. Şikayətlərin araşdırılması – ümumi işlərin 51,3 faizini əhatə edib.
2. Müxtəlif istiqamətləri əhatə edən fəaliyyət – ümumi işlərin 48,7 faizini əhatə edib.
I. ŞİKAYƏTLƏRİN ARAŞDIRILMASI
2021-ci ildə Şuraya ümumilikdə 244 müraciət daxil olub. Bunlardan 109-u bilavasitə kütləvi informasiya vasitələrinin fəaliyyətindən şikayətləri təşkil edib. Dövlət qurumlarından müxtəlif məsələlərlə əlaqədar müraciətlərin sayı 94-dür. 16 müraciət mənzil məsələsi ilə bağlıdır. Müraciətlərin 17-i Mətbuat Şurasına üzvlüklə əlaqədardır. Fəxri adların verilməsi xahişi ilə müraciətlərin sayı 5 olub. Daha 3 müraciət isə digər məsələlərlə əlaqədardır.
Şura Katibliyi 109 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 45 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 64 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.
Şikayətlər üzrə Komissiyada 64 məsələyə baxılıb.
2021-ci ildə Şuranın İdarə Heyətinin 4, Şikayətlər üzrə Komissiyanın 11 iclası keçirilib.
Şikayətlərin KİV-lər üzrə təsnifatı aşağıdakı kimidir:
İnternet xəbər portallar – 73,5 %
İnformasiya agentlikləri – 21,2 %
Qəzetlər – 4,3 %
Jurnallar – 1 %.
Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərdə ifadə olunan narazılıq:
Materialda qarşı tərəfin mövqeyinin işıqlandırılmaması – 39,9 %;
İşgüzar nüfuzun ləkələnməsi – 31,3 %;
Şərəf və ləyaqətin təhqiri – 19,3 %;
Digər narazılıqlar – 9,5 %.
Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərdə ifadə olunan tələb:
Yayımlanmış materialın silinməsi – 23,4
Üzr istənilməsi – 21,8 %;
Təkzib verilməsi – 19,1 %;
Qarşı tərəfin mövqeyinin işıqlandırılması – 17,3 %;
Digər qanuni ölçü götürülməsi – 11,9 %.
KİV-in fəaliyyətinin dayandırılması – 6,5 %;
Mətbuat Şurasının cavabdeh KİV-lərlə bağlı tədbirləri aşağıdakıları nəzərdə tutub:
Təkzib verilməsi – 39,9 %;
Qarşı tərəfin mövqeyinin işıqlandırılması – 37,1 %;
Məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfin məlumatlandırılması – 13,4 %.
Şikayətə səbəb olmuş materialın silinməsi – 9,6 %
II. MÜXTƏLIF İSTIQAMƏTLƏRİ ƏHATƏ EDƏN FƏALİYYƏT
- Jurnalistlərin vaksinasiyası
Azərbaycan Mətbuat Şurası 2021-ci ilin martında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə vaksinasiyasının aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət ünvanladı. Müraciət aidiyyatı üzrə Azərbaycan Respublikasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baxıldı, müvafiq tapşırıq verildi. Şura vaksinasiya olunacaq jurnalistlərin siyahısını “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təqdim etdi. Mətbuat Şurasında yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən media təmsilçilərinin vaksinasiyası həyata keçirildi. Proses aprel-sentyabr aylarını əhatə etdi. Ümumilikdə 600-dən çox KİV təmsilçisinin vaksinasiyası aparıldı.
- Digər fəaliyyət istiqamətləri
- 18 yanvar. Azərbaycan Mətbuat Şurasının sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının 2021-ci ildə keçirilmiş ilk iclasında iştirak edib.
- 4 fevral. Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının – Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının video-görüntülərinin paylaşılmasınakı yanlışlıqla əlaqədar bəyanat;
- 2 mart. Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Azərbaycan Mətbuat Şurasında olub. Görüşdə Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb;
- 3 mart. İndenoziya Jurnalistlər Assosiasiyasına Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı bəyanat yayması səbəbilə təşəkkür məktubu ünvanlanıb;
- 8-9 mart. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri Azər Həsrət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun “Media azadlığı və gender bərabərliyi” adlı əlavə insan ölçüsü görüşündə iştirak edib;
- 16 mart. “Respublika” qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru Teymur Əhmədovun vəfatı ilə bağlı nekroloq yayılıb;
- 29 mart. Azərbaycan Mətbuat Şurası “Media Defense” hüquq müdafiəsi təşkilatına bu qurumun Ermənitsan vətəndaşı olan jurnalistlərin adından Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırması ilə bağlı bağlı müraciət ünvanlayıb;
- 7 aprel. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, xarici əlaqələr komissiyasının sədri Azər Həsrət Beynəlxalq Mətbuat İnstitutunun (Vyana) “Qlobal jurnalistika layihəsi” çərçivəsində təşkil etdiyi virtual media ziyarətinə qatılıb;
- 3 may. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının 3 may Mətbuat Azadlığı Günü ilə bağlı onlayn rejimdə keçirlmiş konfransında iştirak edib;
- 6 iyun. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AZƏRTAC”) müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olmaları ilə bağlı Azərbaycan jurnalistlərinin xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib;
- 11 iyun. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yaranmasının ildönümünə hərs edilmiş onlayn konfransa qatılıb;
- 23 iyun. Azərbaycan Mətbuat Şurasında Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib;
- 24 iyun. “Sərhədsiz reportyorlar” təşkilatının xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair twitter hesabındakı paylaşımı ilə bağlı beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət ünvanlanıb;
- 2 iyul. “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru, əməkdar jurnalist Ağahüseyn Hüseynovun 80 illik yubileyinə həsr olunmuş toplantı təşkil olunub;
- 13 iyul. “Xocalının səsi” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib;
- 21 iyul. Tərtərdə müharibəni işıqlandırılmış jurnalistlərlə görüş. Jurnalistlərə MŞ-nin və Tərtər Rayon İcra Hakimiyyətinin diplomları təqdim olunub;
- 27 iyul. Tanınmış jurnalist Şamil Şahməmmədovun vəfatı ilə bağlı nekroloq yayılıb;
- 2 avqust. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümudünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısında iştirak edib;
- 16 sentyabr. Azərbaycan Mətbuat Şurasında Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi üzrə beynəlxalq ekspertlər – Paulius Rymeikis, Manuela Hargassner-Delpos, Thomas Hainlen, həmçinin sözügedən layihə üzrə əlaqələndirici Asta Jurgute, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovla görüş keçirilib;
- 11 oktyabr. “Media və siyasi proseslərə baxış: peşə etikası və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib;
- 23 sentyabr. Dünya şöhrətli fotorepartyor Reza Deqati ilə görüş;
- 24 senyabr. Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib.
- 4 oktyabr. Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə görüş;
- 7 oktyabr. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iqlim dəyişikliyinin mediada işıqlandırılmasına həsr olunmuş onlayn konfransında iştirak edib;
- 15 oktyabr. İntihar və intiharı doğuran səbəblər, onların mediada işıqlandırılması ətrafında KİV rəhbərlərinin iştirakı ilə müzakirə aparılıb;
- 15-16 oktyabr. Mətbuat Şurası İdarə Heyətinin üzvü, xarici əlaqələr komissiyasının sədri Azər Həsrət Varşava mərkəz olmaqla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) iki günlük toplantısı çərçivəsində “DTİHB: üç onillik və gələcəyə hazırlıq – demokratiya, insan haqları və təhlükəsizlik” adı altında keçirilmiş tədbirə qatılıb;
- 1 noyabr. “Şərq” qəzetinin 25 illik yubileyi ilə bağlı toplantı;
- 3 noyabr. Azərbaycan Mətbuat Şurasının, Milli Olimpiya Komitəsinin və Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizədə medianın və idmanın rolu” mövzusunda “dəyirmi masa” keçirilib;
- 22 noyabr. Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş toplantı keçirilib;
- 26 noyabr. Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib;
- 29 noyabr. Əməkdar jurnalist İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayılıb;
- 30 noyabr. “Xalq cəbhəsi” qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş toplantı keçirilib;
- 2 dekabr. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti ilə bağlı məlumat yayılıb;
- 9 dekabr. Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev Azərbaycan Mətbuat Şurasında olub;
- 17 dekabr. Görkəmli mətbuat tədqiqatçısı, alim, müasir jurnalistikamızın patriarxı, professor Şirməmməd Hüseynovun anım günü ilə bağlı tədbir təşkil olunub;
- 24 dekabr. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 60 illik yubileyi ilə bağlı təbrik ünvanlanıb;
- 22 dekabr. Azərbaycan jurnalistikasının görkəmli siması, böyük ziyalı, pedaqoq, alim Nəsir İmanquliyevin anadan olmasından 110 illiyi münasibətilə anım tədbiri keçirilib.
Azərbaycan Mətbuat Şurasının başlıca maliyyə mənbəyi üzv təşkilatların ödədikləri illik üzvlük haqqıdır. Gündəlik qəzetlər, informasiya agentlikləri üçün bu rəqəm ildə 148,50 manat, həftəlik qəzetlər, informasiya saytları və jurnallar üçün isə 99 manatdır. Hesabat müddətində cəmi 15 təşkilat tərəfindən illik üzvlük haqqı köçürülüb.