Macarıstan parlamentində TÜRKSOY-un tədbiri təşkil edilib
Macarıstan Milli Məclisində “Türk dünyası rəssamlarının tematik görüşü” silsiləsindən mətbuat konfransı keçirilib. Görkəmli macar şairi Şandor Petöfinin anadan olmasının 200-cü ildönümünə həsr olunmuş tədbirin təşkilatçıları qismində TÜRKSOY təşkilatı və Macarıstanın “Lakitelek” fondu çıxış ediblər.
Polise.az xəbər verir ki, çoxlu sayda mətbuat nümayəndələrinin, həmçinin Türk dünyasından rəssamların iştirak etdiyi görüşdə TÜRKSOY-un Baş katibi Sultan Raev və Macarıstan Milli Məclisinin vitse-spikeri Şandor Lejak çıxış ediblər.
Sultan Raev “Türk dünyası rəssamlarının tematik görüşü” silsiləsindən birinci tədbirin məşhur şair, Macarıstanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri olmuş Şandor Petöfinin anadan olmasının 200-cü ildönümünə həsr edilməsindən məmnunluğunu ifadə edib. O, səmimi qəbula, eyni zamanda, öz qapılarını daim Türk dünyasının rəssamları, elm və mədəniyyət xadimlərinə açdığına görə TÜRKSOY təşkilatının böyük dostu, Macarıstan Milli Məclisinin vitse-spikeri Şandor Lejaka və onun həmkarlarına təşəkkürünü bildirib.
Təşkilatın Macarıstanda fəaliyyəti və təşkil olunan tədbirlərdın danışan S.Raev qeyd edib: “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olaraq, dünyada mədəniyyətin, incəsənətin və ədəbiyyatın inkişafına kömək edən bütün tərəfdaşlarımızı qiymətləndiririk və belə tədbirləri dəstəkləməyə çalışırıq. Bu il TÜRKSOY-un çərçivəsində Şandor Petöfiyə həsr olunmuş müxtəlif tədbirlər təşkil etmişik. Onun 200 illik yubileyinin qeyd edilməsi çərçivəsində poetik tərcümələr üzrə müsabiqə keçirmişik. Bu müsabiqədə Türk dünyasından yüzlərlə şair iştirak edib, onlar Şandor Petöfinin qısa ömrü ərzində macar dilində yazdığı şeirləri türk xalqlarının dillərinə tərcümə ediblər. Bu ilin sonunadək tərcümə olunmuş əsərlərdən ibarət kitab nəşr etməyi nəzərdə tuturuq. Bu gün Türk dünyasının rəssamları Petöfiyə həsr etdikləri tabloları təqdim etmək üçün bura toplaşıb. Bu layihə sayəsində təşkilatımızın əsasını qoyan ölkələri təmsil edən 11 tanınmış rəssam konfransın işində iştirak edəcək. Bu proqramdan ilhamlanaraq, onlar öz yaradıcılığını davam etdirəcəklər.
Şandor Lejaka, öz növbəsində, bildirib ki, Türk dünyasının rəssamları avqustun 25-dən bəri Lakitelekdə yerləşən rəssamlıq düşərgəsində öz əsərlərini yaradırlar. Bu tablolar görkəmli macar şairinin anadan olmasının 200 illiyinə həsr edilib.
Parlamentin vitse-spikeri onu da qeyd edib ki, sentyabrın 2-də Lakitelekdə TÜRKSOY-a üzv olan altı ölkədən gəlmiş 11 rəssamın Şandor Petöfinin şeirlərinin motivləri üzrə yaratdığı tablolardan ibarət sərgi açılacaq. “Yaradıcılıq düşərgəsindən sonra sərgi təşkil olunacaq, yaz aylarında biz Petöfinin şeirlərinin türk xalqlarının dillərinə tərcüməsini başa çatdırdıq, indi bu seriyaya müvafiq olaraq, bu həftə Lakitelekdə qırğız müğənnisi Sayakbay Karalayevin abidəsini açdıq. Rəsm əsərləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın tanınmış rəssamları tərəfindən təqdim edilib”, -deyə o vurğulayıb.
Türk dünyası rəssamları adından çıxış edən tanınmış azərbaycanlı fırça ustası Sakit Məmmədov bildirib ki, onlar Macarıstanda çox mühüm təcrübə qazanıblar. O məlumat verib ki, Lakitelekdəki yaradıcılıq düşərgəsində əksəriyyəti akril və yağlı boya ilə çəkilmiş 30-a yaxın tablo ərsəyə gətirilib.
Polise.az