Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş bəstəkar

Elə nəğmələr var ki, insan mənəviyyatının zənginləşməsi, duyğularının kamilləşməsində önəmi əvəzsizdir. Həmişəyaşar mahnılarla insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.

Polise.az xəbər verir ki, bu gün vəfatından 12 il ötən Azərbaycanın Xalq artisti Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır.

Duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr Xalq artisti Elza İbrahimovanı unutdurmağa qoymur.

O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmaqla həmkarlarının qibtə etdikləri səviyyəyə ucalıb, ifaçıların rəğbətini, kiçikdən böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb, onlarda musiqinin bu və ya digər janrına maraq oyadıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Elza İbrahimova mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə başa vurub.

Görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın əlli ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Onların arasında fortepiano üçün prelüdiya və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin meydana gətirdiyi bütün bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.

“Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri isə dinləyicilərin yaralarına bir məlhəmdir.

Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünyaşöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

Şübhəsiz Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas olan sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.

Elza İbrahimovanın mahnıları ən ülvi hisslərin – vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Belə əsərlərdə milli muğamımızın, Azərbaycan və Qərb musiqisinin böyük sintezi vardır. Bəstəkarın milli intonasiyanın və ritmlərin estrada janrında ifadə etdiyi mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə, sözün geniş mənasında sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə – bəstəkarın musiqi dünyasına aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyildir ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib.

Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığını, təbiətə vurğunluğunu tərənnüm edən “Ey Vətən” mahnısı bu səmimi hissləri həm də dinləyicidə aşılayır. Ölməz sənətkarımız Rəşid Behbudovun ifasında bu əsər Azərbaycanı dünyada tərənnüm edən mahnılardan biri olub.

Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdıqları bəlkə də on bəstəkarın yaradıcılığı qədərdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Musiqi bəstələdiyi şeirlərin gözəl məzmun və dil vəhdəti isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.

Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilmiş, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

Bu gün qlobal dünyaya sürətlə inteqrasiya edən ölkəmizin yerli və xarici televiziya və radio kanallarında növbənöv musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button