Makronun sms-i, Putinin zəngi… – Fransa və Rusiya prezidentləri ermənilərin könlünü almaq yarışına çıxıblar, yoxsa…?

Artıq xəbər verildiyi kimi, üçtərəfli razılaşmadan bir neçə gün sonra Emanuel Makron Fransa ermənilərilə görüşərək, onların Nikol Paşinyan haqqında fikirlərilə maraqlanıb, sonra isə erməni baş nazirin şəxsiyyəti və davranışı ilə bağlı öz rəyini bildirib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta ona sms yazdığını bildirib.

Deyib ki, doğrudur, Paşinyan sms-lərə tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.

Makron deyib: “Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”.

Xəbərdə həmçinin qeyd olunur ki, Makron erməni icmasından Fransanın necə davranmalı olduğunu soruşub. Əslində, bu xəbərdəki məhz sonuncu məqam, Makronun, yəni böyük bir ölkənin prezidentinin öz ölkəsinin necə davranmalı olduğunu heç bir rəsmi statusu olmayan, beynəlxalq hüquqla heç bir səlahiyyət daşımayan hansısa erməni icmasından soruşması erməni xalqını və dövlətini, eləcə də Fransanın özünü ələ salmaqdan başqa bir şey deyil.

Deməli, Makron da Ermənistanı dövlət saymır və Fransa prezidentini Ermənistanın başçısının, hökumətinin yox, diasporasının fikri maraqlandırır. Və strateji əhəmiyyət daşıyan region olan Cənubi Qafqazda Fransanın nə etməli olduğunu bir dəstə ermənidən soruşur…

Paşinyana dair dediklərinə gəlincə, bu, ilk növbədə Makronun Ermənistanın baş nazirinə qarşı aşağılayıcı münasibətinin və böyük ölçüdə onun hakimiyyətdəki ömrünün çox olmayacağına dair qənaətinin nəticəsidir.

Hakimiyyətə gəldiyi gündən bəri ona dəstəyini açıq ifadə edən Makron bu son fikirlərilə göstərir ki, artıq onun üçün Paşinyan müharibədən əvvəlki adam deyil. Bununla yanaşı, Fransanın prezidenti sayılan bu şəxs bir daha sübut edir ki, onu Ermənistan və onun düşdüyü vəziyyət yox, ölkəsindəki ermənilərin səsləri maraqlandırır.

Makron pis-yaxşı başa düşür ki, Qarbağdakı müharibədə heç kimin, hətta Paşinyanın da onu adam yerinə qoymaması, nəticədə Fransanın müharibənin gedişinə heç bir təsir edə bilməməsi onun ermənilərin gözündə nüfuzunu heçə endirib. 

Elə Fransa parlamentinin məlum qərarı da bu biabırçı durumu az da olsa “malalamağa” xidmət edirdi. Makronun vəziyyətdən çıxmaq, ermənilərin könlünü almaq üçün Paşinyanı “qurbanlıq keçi” kimi təqdim etməsi də eyni məqsədə xidmət edir.

Guya Makron ermənilərə kömək etmək istəyib, amma Paşinyan onun təklifinə müsbət cavab verməyib. Əgər anlasalar, Makronun bu fikri erməniləri lap ələ salmaqdır. Görəsən, Makron Paşinyana müharibə vaxtı hansı köməkliyi edə bilərdi, amma Paşinyan qoymadı?

Bəlkə Qafqaza ordu yeridəcəkdi, yaxud Azərbaycana qarşı elə sanksiyalar tətbiq edəcəkdi ki, rəsmi Bakı dərhal onun tələblərini yerinə yetirəcəkdi?

Bunlar mənasız və reallığa uyğun olmayan mülahizələrdir. Müharibənin gedişində maliyyə və silah-sursat baxımından ermənilərə müəyyən dəstək göstərdiyinə dair məlumatlara baxmayaraq, 44 günlük müharibə və ondan sonrakı hadisələr göstərdi ki, Fransanın Qafqazdakı təsiri və nüfuzu 0-a yaxındır.

Rəsmi Parisin davranışları isə onun nəinki ATƏT-in Minsk Qrupunun həmsədrliyini, ümumiyyətlə hansısa ciddi missiya daşıyan hər hansı beynəlxalq qurumun rəhbərliyində təmsil olunmasını qəbuledilməz hala gətirir. Hər kəsə bir daha məlum oldu ki, Fransa ATƏT-in Minsk qrupu həmsədri kimi yalnız Ermənistanın maraqlarına xidmət etdiyini heç gizlətmir də. 

Artıq bu münaqişədə uzun illər itirmiş tərəf olan, sonradan isə öz haqlarını öz gücüylə bərpa edən Azərbaycan dövləti və cəmiyyətində Fransanın ermənipərəst mövqeyinə heç kim təəccüblənmir. Ona görə də özəl olaraq məhz Fransa Minsk qrupunu dəfn edən əsas “oyunçudur”.

Ermənilərin könlünü almaq, onları ümidləndirmək sarıdan Rusiya Fransadan heç də geri qalmır. Rusiya sülhməramlılarının Qarabağdakı davranışları, rəsmi Moskvanın “status məsələsi”lə bağlı ikibaşlı ritorikası, Xankəndi və hələ də işğalda qalan digər rayonlardakı ermənilərə humanitar yardım, ev-eşik tikilməsi və s. kimi Azərbaycanın daxili işlərinə açıq müdaxilələr ermənilər üçün məğlubiyyət acısını unutmaq, özlərinə gəlmək şansı yaradır.

Bunun üçün hətta Rusiya kimi nəhəng ölkənin bayrağı dılğır, qondarma və arxasına təpik dəyəndən sonra zingildəyən it vəziyyətinə düşmüş bir rejimin bayraq adlandırdığı əski parçası ilə eyni tutulur, eyni masa üzərinbə qoyulur, rus əsgəri bu əskinin altından keçir. Yəqin rəsmi Moskva öz ordusunu, əsgərini məhz buna layiq bilir…

Ötən gün isə Vladimir Putinin Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar, öz əməllərilə təkcə azərbaycanlılara deyil, ermənilərə də böyük ziyan vuran və onların hazırkı rəzil durumunun əsas memarlarından olan Robert Köçəryanla bir saat telefonla danışdığına, onunla Ermənistanın problemlərini və Qarabağdakı durumu müzakirə etdiyinə dair məlumat yayılıb.

Xatırladaq ki, müharibədən sonra Paşinyan dəfələrlə rəsmi səfərlə Moskvaya getməyə, Putinlə müzakirələr aparmağa çalışsa da, buna nail ola bilməyib, Rusiya prezidenti onu demək olar adam yerinə qoymayıb.

Amma hazıırda Ermənistanda heç bir rəsmi vəzifə daşımayan, əhali arasındakı nüfuzu və reytinqi isə yerlərdə sürünən, barəsində korrupsiya da daxil olmaqla çoxsaylı rəsmi ittihamlar və cinayət işi olan “köhnə dostu” Köçəryanla söhbətləşib, Ermənistanın problemlərini müzakirə edib.

Elə bunun özü Rusiyanın Ermənistan dövlətinə və dövlətçiliyinə, onun xalqının iradəsinə münasibətinin göstəricisi deyilmi? Azərbaycan torpaqlarının işğalında və ümumilikdə bu münaqişənin alovlanmasında müstəsna rolu olan hərbi cinayətkara Putinin belə məlhəm münasibəti həm də Moskvanın Qarabağdakı problemin həllində nə dərəcədə maraqlı və səmimi olduğunu göstərir…

Bütün bunlar o deməkdir ki, Fransa və Rusiya Paşinyanın üstündən xətt çəkmək, Ermənistanı oyuncaq dövlət kimi saxlamaq, ondan Azərbaycana və Türkiyəyə qarşı istifadə etmək məsələsində yekdildirlər. Necə ki, elə Azərbaycan cəmiyyətinin də bu iki ölkəyə, onların rəhbərlərinin apardığı siyasətə münasibəti də aşağı-yuxarı eynidir…

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close