Maral Nacaryanın əsirlikdəki hekayəsi: “Zabitə türkcə dedim ki, Şuşi hoteldə əşyam qalıb…”

Şuşada əsir götürülən Livan əsilli erməni qadın Maral Nacaryan yadınızdadırmı? Onun bir kitablıq müsahibəsini oxudum.

“Armenianweekly.com” saytının jurnalist Linda Berberianın 4 saat ərzində söhbət etdiyi qadın əsirlikdə keçən 120 günlük həyatından danışıb. Özü də müsahibə zamanı “ağrılı məsələlərə toxunluduğuna və psixoloji travma yaşadığına görə” keçmiş əsir tez-tez fasilə verməli olub. Erməni jurnalist apardığı söhbətin dramatik xarakterini qabartmaq üçün bu məqamı xüsusi ilə vurğulayır. O da qeyd olunur ki, bu müsahibə Maral Nacaryan azad olunduqdan bir həftə sonra götürülüb, ilk olaraq erməni dilində yayımlanıb, daha sonra isə ingilis dilinə tərcümə edilərək ermənilərə məxsus ingilisdilli media orqanları tərəfindən tirajlanıb. Bu müsahibəyə bu qədər diqqət verilməsinin arxasında duran məqsəd də aydın görünür. Erməni tərəfi bu qadının üzərindən Azərbaycanda həbsdə saxlanılan erməni terrorçuların hərbi əsir adı altında Ermənistana qaytarılmasına nail olmağa can atır. Bu məqsədlə də bu müsahibəyə beynəlxalq təbliğat kampaniyasının tərkib hissəsi kimi baxırlar. Bu müsahibənin dördə biri aşkar şəkildə Azərbaycanın əsir götürdüyü erməni terrorçulara bəraət qazandırılmasına hesablanıb.

O da etiraf olunmalıdır ki, erməni təbliğatı bəzən qarşısına qoyduğu hədəfə çata bilir. Elə Maral Narcaryanın rəsmi Bakı tərəfindən azad olunması buna nümunə sayıla bilər.

Bir daha xatırladaq ki, Azərbaycan tərəfi Maral Nacaryanı muzdla döyüşən snayper hesab edirdi. Qarşı tərəf isə onu Ermənistanda yaşayan məşuquna qoşularaq Dağlıq Qarabağa getmiş, təsadüfün qurbanı olan bir günahsız qadın kimi təbliğ edirdi.

Erməni təbliğatının nəticəsi o oldu ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi hərəkətə keçdi. Dəfələrlə həbsdə ona baş çəkdilər və ailəsilə əlaqə saxlaması üçün şərait yaratdılar. Nəticədə iş böyüdü. Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko Maral Nacaryanın azad olunması üçün rəsmi Bakıya üz tutdu. Bu xahişi də nəzərə alan ölkə rəhbərliyi erməni qadının azad olunmasına razılıq verdi.

Önəmli bir məqama da toxumaq gərəkir. Bu qadın Livandan gəlib. Sirr deyil ki, I və II Qarabağ Müharibəsində yüzlərlə livanlı erməni Azərbaycana qarşı vuruşub. “Reuters” agentliyi müharibənin ən qızğın vaxtında- noyabrın birində yaydığı məlumatda bu faktı belə təsdiqləyib: “Livan hökuməti təkzib etsə də bu ölkənin erməni əsilli vətəndaşları Qarabağda döyüşür”.

Maral Nacaryanın əsirlikdəki hekayəsi: “Zabitə türkcə dedim ki, Şuşi hoteldə əşyam qalıb...”

Tarixən də livanlı ermənilər Türkiyə və Azərbaycana qarşı xüsusi qəddarlığı ilə seçilib. Heç də təsadüfi deyil ki, ASALA terror təşkilatı 1975-ci ildə məhz Beyrutda yaradılıb. Təşkilatın qurucusu Akop Akopyan bəyan etmişdi ki, ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaqdır.

Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində separatçılar tərəfdən döyüşən erməni mənşəli livanlı opera müğənnisi Qevorq Xacyanın məhv edilməsi də yaddaşlardan silinməyib.

Müsahibəyə keçək. “Maral Najarian’s Harrowing Tale of Captivity in Azerbaijan” (Azərbaycanda əsirlikdə olmuş Maral Nacaryanın ürəkparçalayan hekayəsi) adlanan müsahibədə bizim üçün maraqlı ola biləcək bəzi məqamlara toxunacağıq.

Jurnalist yazır ki, onun qəhrəman kimi təqdim etdiyi qadın qaranlıq və qorxunc Bakı həbsxanasında həyatının 49-cü ildönümünü (noyabrın 18-i) tək-tənha keçirdi. Gödəkçəsindən qopardığı dəmir qırıntısı ilə o, ad gününü içində qaldığı otağın divarını 49 dəfə cızmaqla qeyd etdi.

Müsahibədən məlum olur ki, Maral Nacaryan Viken Eulcekyan adlı erməni məşuqu ilə noyabrın 10-da Şuşaya gedib. Erməni qadın əsir düşməsini belə təsvir edir: “Qarşıda Azərbaycan əsgərləri dayanmışdı. Mən onları görəndə özümü itirdim. Dedim ki, bu, necə ola bilər. Azərilər buradadır. Ancaq yol dar olduğundan biz dönüb geri qayıda bilmədik. İki Azərbaycanlı zabit bizi əhatəyə aldı. Onlardan biri mənimlə rus dilində danışdı, gördü ki, mən rus dilini başa düşmürəm. Türkcə danışmağa başladı. Soruşdu ki, hardan gəlib hara gedirsiz. Türkcə mükəmməl bildiyimdən onlara dedim ki, İrəvandan gəlirik, Şuşidəki hoteldə əşyalarımız qalıb. Onları götürməyə gəldik. Zabit mənə dedi ki, siz məgər bilmirsiz, Şuşa bizimdir? Daha Şuşi yoxdur. Mən dedim ki, biz bunu bilsəydik, heç bura gəlməzdik”.

Müsahibənin başqa bir yerində isə Maral Nacaryan Ermənistan hökumətini ittiham edir. Deyir ki, hökumət yalan məlumatlar yaymasaydı, biz Şuşaya tərəf getməzdik.

Qadın bildirir ki, Azərbaycan əsgərləri onların maşınını və telefonlarını müsadirə edib: “Mən qorxudan əsirdim və ağlayırdım, çünki mən başa düşdüm ki, vəziyyətimiz son dərəcə ciddidir. Heç vaxt mənə tərəf tuşlanmış silah qarşısında dayanmamışdım, baxmayaraq ki, belə şeylər Livanda tez-tez olur”.
Əsir götürülərkən qarşılaşdığı başqa bir məqama toxunan qadın deyir: “Yoxlama zamanı daha çox silahın olub olmamasına maraq göstərdilər. Avtomobildə silah yox idi. Bir əsgər ac və ya susuz olub olmadığımızı soruşdu. Soyuqdursa, bürünməyə bir şey təklif etdi. Özümü o qədər itirmişdim ki, bu təkliflərdən heç birini qəbul edə bilmədim”.
Maral Nacaryan deyir ki, türkcə mükəmməl danışdığıma görə, Azərbaycanlı hərbçilər zənn edirdi ki, mən casusam.
Sonra Viken Eulcekyanın telefonundakı fotolara diqqət ediblər. Əlində silah, özü də hərbi paltarda xeyli fotolar üzə çıxıb. Həmin fotolar Qarabağda döyüşən digər könllülərlə birlikdə çəkilib…
Heç şübhəsiz ki, bu fotolar üzə çıxmasaydı Ermənistan tərəfi Viken Eulcekyanın Qarabağda döyüşməsi faktını inkar edəcəkdi. Maral Nacaryan bu faktı inkar edə bilməsə də deyir ki, onun məşuqu Qarabağda 4 ya 5 gün döyüşüb.

Maral Nacaryan deyir ki, fotolar üzə çıxdıqdan sonra Azərbaycan əsgərləri Viken Eulcekyanı döyməyə başladılar. Əsgərlər deyirdi ki, sən bizə qarşı silah qaldırmısan, ona görə də səni cəzalandıracağıq.
2 uşaq anası olan Maral Nacaryan müxbirə söyləyib ki, həbsdən çıxacağıma heç bir ümidim yox idi. İntihar etmək haqqında düşünürdüm. Ülgüc əlimə keçmişdi. Uşaqlarım xəyalən mənə deyirdi ki, ana, sən özünü öldürmə, biz səni gözləyirik. Ona görə də bir dəfə tualetə gedəndə ülgücü ora atdım, üstündən də su buraxdım…

Ancaq növbəti sorğu-sualdan sonra erməni qadın yenidən ümidsizliyə qapılıb: “Bir gün cəzalandırılacağımı düşünürdüm. Öz-özümə deyirdim ki, məni öldürəcəklər. Mən dua edir, titrəyir və ağlayırdım. Gözümün qabağına gəlirdi ki, açılan güllə sinəmi yarıb keçir”.

O deyir: “Bəzən mənimlə xoş rəftar edirdilər, sonra yenidən bəd rəftarla üzləşirdim. Bəzi gözətçilər yeməyə mənə şaarma və ya kartof gətirirdi və ya yeməyimə əlavə duz vurmaq istəyib istəmədiyimi soruşurdular, elə gözətçilər də vardı ki, verdikləri yeməyi az qala sifətimə çırpırdı”.

Onun əsirlik həyatı isə belə başa çatır: “Martın 8-də yüksək vəzifəli şəxs məni qəbul etdi. Dedi ki, siz azadsız və mənə qırmızı və ağ güllərdən ibarət bir buket bağışladı”.

Martın 10-da səhər tezdən Maral Nacaryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Bakıdan İstanbula, oradan isə Beyruta uçub: “Hava limanında oğlum və qızım məni qucaqlayanda başa düşdüm ki, mən arzuma çatdım. Ailəmə qovuşdum. Bu, Allahın mənə hədiyyəsi idi”.

Hazırda o, saç ustası kimi Livanda işə başlamağa hazırlaşır.

Hamısını Göstər

Related Articles

Back to top button