Maraqlar toqquşmasına yol verən vəzifəli şəxslər üçün məsuliyyət mexanizmləri təklif edilir

“Maraqlar toqquşması haqqında” qanun layihəsində müəyyən edilmiş tələblərin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması qaydaları əksini tapıb.

Polise.az xəbər verir ki, layihəyə əsasən, maraqlar toqquşması hallarına yol vermiş vəzifəli şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. İntizam məsuliyyətinə cəlb olunma mülki, inzibati və cinayət məsuliyyətini istisna etmir.

Sənəddə müxtəlif vəzifəli şəxslər üzrə məsuliyyət tədbirlərinin tətbiqinə dair prosedurlar da müəyyənləşdirilir. Məsələn, bələdiyyə orqanlarına seçilmiş şəxslərin qanunun tələblərini pozması halında müvafiq seçki komissiyasının məlumatlandırılması, hakimlərə münasibətdə isə intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün Məhkəmə-Hüquq Şurasına məlumat verilməsi nəzərdə tutulur.

Layihənin 23-cü maddəsinə əsasən, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz və güzəştlər və ya onların dəyəri könüllü şəkildə dövlət nəfinə ödənilməlidir. Könüllü qaytarma və ya ödənişdən imtina edildikdə, müvafiq əmlak və ya dəyər qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məcburi qaydada dövlət nəfinə alına bilər.

Sənədin 24-cü maddəsində maraqlar toqquşması nəticəsində qəbul edilmiş aktların qanunla müəyyən olunmuş qaydada ləğv edilməsi imkanı da nəzərdə tutulur. Bu müddəa təəssürat yaradan maraqlar toqquşması nəticəsində qəbul edilmiş aktlara şamil edilmir.

Təklif olunan mexanizmlər maraqlar toqquşması hallarının yalnız aşkar edilməsini deyil, onların hüquqi nəticələrinin aradan qaldırılmasını da hədəfləyir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button