Masallıda “Sağlam bədəndə sağlam ruh” devizi altında gimnastika yarışı keçirilib.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon üzrə mərhələsi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd edilib ki, keçirilən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğidir.
Daha sonra yarışlara start verilib və gənclər yarışların proqramında müəyyən olunan marşrut üzrə 3000 metr məsafəyə kross qaçışı və gimnastik hərəkətlər üzrə yarışıblar.
Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.