Mayın 21-də baş verən oğurluq halları
Metropolitendə Polis Şöbəsinə metronun “İnşaatçılar” stansiyasında Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunun və içərisində pulu, şəxsiyyət vəsiqəsi, 2 bank kartı olan cüzdanının oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.
***
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindəki evlərin birindən 400 manat, 400 ABŞ dolları, 1620 manat dəyərində 4 ədəd qol saatı, çanta və 2 ədəd kassa aparatının oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Zaur Ərzimanov, Nurlan Məmmədov, Lənkəran rayon sakini Məmmədhəsən Nəzərli və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ərəstun Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.
***
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Aydın Qanbayev müəyyən edilərək saxlanılmışdır.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 ABŞ dolları və mobil telefonunu və Bakı şəhər sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilmişdir.
Araşdırma aparılır.