Media məkanında dilimiz və milli mənəvi dəyərlərimiz

Media məkanında dilimiz və milli mənəvi dəyərlərimiz
“Azərbaycan Xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam” İlham Əliyevin “Qurani-Şərif”ə əl basaraq işdiyi andı
Məsnəvisi ilə dünya şöhrəti qazanmış türkdilli şair və sufi Cəlaləddin Ruminin “Dilini tərbiyə etməzdən öncə qəlbini tərbiyə et” və yaxud “Ey dil! Sən sonsuz bir xəzinəsən, həm də dərmanı olmayan dərdsən!” fikri mənalı və diqqət çəkəndir… “Dil yarası sağalmaz!” – deyiblər.
Kütləvi informasiya vasitələrində dilin mədəniyyətlə qarşılıqlı əlaqəsini təhlil etməzdən öncə onların birmənalı qarşılanmayan məzmunu ilə mahiyyətinə diqqət yetirmək lazımdır. KİV-in dili bədii dilin tərkib hissəsi, geniş mənada isə mədəniyyətin bir qoludur. Hər birimiz ana dilimizdə necə danışırıqsa, elə də varıq, – desəm yanılmıram. Ana dili bizi mədəniyyətə və sivilizasiyaya aparan, bizə bələdçilik edən fenomendir. Tərəddüdə qapılmadan demək olar ki, ana dilimiz zəngin xəzinəmiz, ulularımızın adı ilə bağlı olan ləyaqətimizdir.
Döyüşçü silaha nə dərəcədə güvənirsə, ədəbiyyatçı, jurnalist, media məkanında çalışan hər bir əməkdaş da bədii arsenalı olan ana dilinə güvənməli, onu qorumaq uğrunda “döyüşməyi” bacarmalı, ləyaqəti alçaltmaqdan təhqir və böhtandan uzaq durmalıdır.
İnformasiya mənbəyi həm media nümayəndəsi, həm də oxucu kütləsi üçün durulan suyun dərinliyindəki daşlar qədər aydın görünməlidir. Dilini mükəmməl bilən media əməkdaşı tənqidi, təhqirdən rahat ayırmağı bacarır. O, cümləni qurmaqla fikrini tamamlayıb oxuculara çatdıra bilirsə deməli, dili də bilir. Bu, bir növ jurnalist texnikasına yiyələnmək və ondan məharətlə istifadə edə bilməkdir. Jurnalistin fəaliyyətinə, xəbər portalına qiymət vermək üçün isə heç bir monitorinq keçirmədən bircə yazını oxumaq kifayət edir. Taftalogiya (ritorik fiqur, məntiqi mənada isə buraxılan səhvin son halı, eyni fikrin təkrarı) eyni və ziddiyyətli məlumatlar olduqda müəllifin cəmiyyətə nə demək istədiyi anlaşılmır.
Tarixən dili bilənin dünyası geniş olur-deyirlər. Mücərrəd ideologiyalı informasiya portallarında məlumatları anlamaq oxucu üçün çətin olur. Zənnimcə “Mən” dünyaya nisbətdə necədirsə, dil də, jurnalistin cəmiyyətə nisbətdə dəyişən media mühitidir. Dil bəzən də, jurnalistin ustalıqla istifadə və qət etdiyi labirintli-dolanbaclı bir yoludur. Səmərəli və orfoqrafiyaya uyğun istifadə edilmədikdə maraqlar toqquşur. Səhih mənbələrə söykənməyən mətnlərin qurbanları (informasiya qurbanları) isə tədbir görülməsi üçün dövlət qurumlarına və ya məhkəmələrə müraciət etməyə məcbur olurlar.
Yenə Cəlaləddin Ruminin sözləri ilə ifadə etsəm, “Hər qələmə alınan və dil ilə ifadə olunan söz ürəkdən gəlir”. Cəmiyyətin hər bir üzvünə yönələn təhqiramiz və ləyaqəti alçaldan ifadələr tərbiyə olunmayan qəlbin məhsuludur.
Tarixən dil insan kollektivinin əsas ünsiyyət vasitəsi kimi işarələr sistemi, təfəkkürün inkişaf vasitəsi və nəsildən nəsilə ötürülən xalqın mədəni tarixi ilə vəhdət təşkil etmişdir. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Rəsul Rza ana dilimizin inkişafı ilə bağlı mülahizələrinin birində demişdi: “Metal alət işlədilməsə, paslanar. Dil də işlədilməsə, get-gedə kəsərini, məna dəqiqliyini və dərinliyini, ifadə incəliyini və gözəlliyini itirər, inkişafdan qalar.”
Demokratik Azərbaycanın media məkanında informasiya portallı xəbər saytları yağmurdan sonra artan göbələklər qədərdir. Qoy olsun. Ölkədə məlumat azadlığı var. Amma hər bir xəbər məkanı ana dilinə uyğun ad tapmalıdır. Əcnəbi dilindəki belə məlumat məkanları mədəniyyətimizə zidd və milli ruhumuzla uzlaşmır. Sonu “.az” ilə bitən dilimizə yad xəbər portallarına faktiki olaraq və hüquqi baxımdan fəaliyyətlərinə nəzarət etmək də çətindir.
Ensiklopedik lüğətlərdə mədəniyyət insan cəmiyyətinin istehsalatda, ictimai və mənəvi həyatda nailiyyətlərin məcmusu kimi müəyyənləşir və zamana görə konkretləşir.
Bəzi alimlər mədəniyyəti təsəvvür edilən münasibətlər və dəyərlər kodeksinin mürəkkəb kompleksi kimi qəbul edirlər. İnsanın harada doğulub boya-başa çatmasına və harada çalışmasına baxmayaraq düşüncəsinin dərinliyi qədər etika, siyasət, din və incəsənətə, sadə anlamda isə tərbiyəyə, etik və siyasi davranışları ilə mədəniyyətə köklənməlidir. Onore de Balzakın sözü ilə ifadə etsəm, – “Mədəniyyət odur ki, hərşey öləndə o qalır”.
Amerikan antropoloqu və sosioloqu – Klifford Gekts isə mədəniyyətlə bağlı belə yazır: “Bu, tarixən ötürülən əhəmiyyətli model ildən- ilə və nəsildən-nəslə ötürülən, təsəvvürlərin elə vərəsəlik sistemidir ki,bunun əsasında insanların həyat haqda bilgiləri inkişaf edir, bir –biriləri ilə ünsiyyətdə olurlar”.
Məhəmmədhüseyin Şəhriyarın “Türkün dili” şeiri də kövrək hisslərlə yazılıb…
Fars şairi çox sözlərini bizdən aparmış, Sabir kimi bir süfrəli şair pəxil olmaz. Türkün məsəli, folkloru dünyada təkdir, Xan yorğan, kənd içrə məsəldir, mitil olmaz…
“İstiqlal” şairi B.Vahabzadə “Ana dili” şeirində nə gözəl ifadə edib..
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış…
Linqvistik terminoloji lüğətdə ayrıca mədəniyyət termini yoxdur. (Nitq mədəniyyəti, danışıq mədəniyyəti var.) Ona görə də, mədəniyyətlə dil müstəqil olsalar da, bir-birilərinin ayrılmaz tərkib hissəsi və təməlidir. Biz yuxarıda qeyd etdik ki, mədəniyyət dil vasitəsilə müəyyən edilir. Bütün hallarda dilin iştirakı olmadan mədəniyyətin anlayışını açmaq mümkünsüz və sadəlövhlükdür. Bu, o deməkdir ki, dil mədəniyyətin anlayışına daxildir və orada özünəxas, “özəlləşmiş” köşkü var.
Yenə, ötən illərdən qalan dəfinə dəyərli bir iqtibas gətirirəm. 1939-cu ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Rəsul Rza Sovet İttifaqının təşkil etdiyi dil ilə bağlı müşavirədə demişdi: “Aydındır ki, dilin zənginliyi sözün çoxluğu ilə ölçülmür. Şüurun əsas elementi olan dil ictimai dəyişikliklər, tarixi inkişaf nəticəsində şüurun özü kimi dəyişir və inkişaf edir”.
Böyük Fransa revolyusiyası zamanında fransız dili o qədər dəyişmişdi ki, Napaleon Bonapart və ondan sonra gələn Fransa padşahları da dilin köhnə aristokrat qayda və çərçivələrə qayıtması üçün xüsusi qanunlar verməyə məcbur olmuşdu. Lakin canlı həyatı əks etdirən dil geri qayıtmadı. Görkəmli siyasi xadim, fransız iqtisadçısı, ölkəyə marksizmi gətirən mütəfəkkir – Pol Lafarq yazırdı ki, XVIII əsrin yazıçıları ölən dilin yatağı qarşısında bir şəfqət bacısı kimi oturub akademik qərarların köməyi ilə bu xəstənin ömrünü uzatmaq istəyirdilər”. Rəvayət edirlər ki, fransız dilində əmələ gəlmiş yeni sözlər və yeni ifadələr o qədər çox və qəliz idi ki, XIV Lüdovikin saray adamlarına bu dili anlatmaq üçün o dövrün qəzet və kitablarını təmiz fransız dilinə tərcümə etmək lazım gəlirmiş… Yenə xalq şairimiz Rəsul Rza ana dili haqqında fikirlərinə qayıdıram: Biz ərəb, fars, osmanlı dillərinin təsiri ilə mübarizə deyəndə, o illərin vaxtilə dilimizə soxulmuş ruhu ilə mübarizə məsələsindən danışırıq… Xalqımıza yad xalq tərəfindən mənimsənməmiş, xalqın dilinə girməmiş, dilimizin ruhuna uyuşmayan sözlərin və ifadələrin dildən qovulmasından danışırıq…” Amma çox təəssüf ki, bu işdə solçuluq edənlər və mahiyyətini anlamayanlar o dövrdə də olub, bu gün də var və yəqin olacaq…
Sui-istifadə ilə bağlı faktlar real və səhih mənbələrə istinadən verilmirsə və qarşı tərəfin də münasibətlərinə yer ayrılmırsa bu, dezinformasiyadır, bilərəkdən yanlış, səhv informasiya verməkdir və böhtandan başqa bir şey deyil. Zamanında mərhum şair Tofiq Bayramın da “Ana dilim” şeirində gözəl fikirlər yer alıb:
Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram
Öz ana dilini bilməyənlərə…
Mən, əldə edilən səhih, etibarlı mənbələrdən alınan məlumatların konservasiyasının əleyhinəyəm. Məlumatların həqiqiliyi şübhələr doğurmursa və qarşı tərəfin də mülahizələrinə yer ayrılmışsa belə məlumatlar dərc edilməlidir. Mediada hamı “bakirə” məlumatları yaymağa çalışır. Burada da bir rəqabət var. Sensasiyalı məlumatı ilk olaraq kim yayacaq? “Yarış” belə başlayır… Bu yarışda uduzan da bizik, udan da!
Bəzi saytlarda, hətta fahişəlik , “spirtli içkilər” təşviq olunur. “İnformasiya qurbanları”nı hədsiz aşağılayan mətnlər bəzən ailələrin dağılması ilə nəticələnir. Həyat intiharla ac qurdlar kimi üz-üzə qalır,… Məs: “Sinif müəlliməsi şagirdindən hamilədir!(?)” Məlumat azadlığının ifrat dərəcəsinə diqqət edin! Və yaxud, ailəli rəfiqələrin “eyni cinsdən olanların sevgisindən”- yazmaqla ağır cinayətlərin törədilməsinə şərait yaradılır… Belə “fikir və söz azadlığı” olmaz.
Bəs, mənəvi dəyərlərimiz necə qorunmalıdır?! Konstitusiya söz və fikir azadlığını belə diktə etmir. Ehtiyatlı və ətrafın hüquqlarına hörmətlə yanaşmaq hər birimizin vəzifəsidir. Bəzən xəbər portalları ilə tanış olduqdan sonra belə təsəvvür yaranır ki, “Yəqin sözlər dəyərini itirib”, bəlkə söz yox, insan dəyərsizləşib? Söz nə qədər ki, deyilmir sahibinin köləsi və ondan asılı olur. Müxbir öz dəyərini etik və bədii davranışları ilə təsdiqləyə bilmirsə, ondan qiymətli söz gözləməyə də dəyməz.
Bəzən zərrə qədər “zəhəri” olan sözü zarafatla söyləmək çətin olur amma, belə yazıları saytlarda oxuyur və “ah” çəkirik. Nə etmək? Bəlkə, media məkanı ilə cəmiyyət və hakimiyyətin budaqları arasında münasibətləri tənzimləyən təkmil bir normativ hüquqi akta ehtiyac var? Hər bir xəbər portalı media meydanına vəsiqə almaq istəyirsə, rəsmi qeydiyyata alınmalı, jurnalist fəhmi, bədii bacarığı və qabiliyyəti, peşə hazırlığı, şəxsi keyfiyyətləri, dil biliyinin səviyyəsi, hətta dünyagörüşü barədə sınağa çəkilməlidir. Belə yanaşma dilimizə və mədəniyyətimizə olan məsuliyyətin canlı təzahürü kimi xoş ovqatla qarşılanardı.
Qələm sahibinin cəmiyyətdən təcrid olunması arzuolunan deyil. Hər biri cəmiyyətin üzvü, ailənin başçısı, bir kollektivin ayrılmaz hissəsi, ən başlıcası isə dövlətlə siyasi və hüquqi bağlılığı olan vətəndaşıdır. Onların haqq yoldan kənara çəkilməsinə imkan verməməliyik.
Paradoksal haldır ki, dil mədəniyyətin anlayışına daxil olmaqla, həm də, onunla fəal əlaqədə olur. Belə qarşılıqlı əlaqənin iki magistral istiqamətini qeyd etmək istərdim:
– Mədəniyyətin tərkib hissəsi kimi dil onun inkişafını şərtləndirir
– Dil mədəniyyətin müstəqil substansiyası (Bütün əşya və hadisələrin ilkin əsası, mahiyyəti) olmaqla mədəniyyətlə fəal qarşılıqlı əlaqədə olur, onun xarakterinə və spesifikasına təsir edir, bir birini tamamlayırlar.
Dil mədəniyyətlə bir yerdə mənimsənilir(qavranılır). Dil həm də, mədəniyyətin inkişafına imkan yaradır, onun formalaşmasında iştirak edir, xarakterini cilalayır, istənilən danışıqda mədəniyyətin xüsusi funksiyasını yerinə yetirir və qoruyur.
Ədəbiyyat və məlumat üçün dil təkcə fikirlərin ifadə vasitəsi deyil, mövcudluq üsulu, estetik, bədii və spesifik təsir vasitəsi kimi əhəmiyyət daşıyır.
Dil həm də, ədəbiyyatın və istənilən mətnin dayağıdır. Bir-birini dəyişən ədəbi axının – klassizmin, sentimentalizmin, (əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatə edən təlimlərin ümumi adı. Ədəbi termin kimi ilk dəfə 1868-ci ildə İngiltərədə istifadə edilmiş, fransızca hiss, duyğu mənasını verir) romantizmin və realizmin estetik istiqamətində ifadə olunur. Nəsrdə, lirikada yalnız dil komandanlıq və dominantlıq edir. Dil, mən deyərdim ki, müəlliflə bərabər, həmmüəllifdir. İstənilən yazının kökü dilə söykənir. Müəllifin fikrini diktə və ifadə edə bilən başqa vasitə yoxdur.
Müasir Azərbaycan Respublikasının xəbər portallarında və sosial şəbəkələrdə geniş oxucu kütləsinə çatdırılan informasiyalar ilk növbədə redaksiya heyətinin ədəbi bacarığını, milli ideologiyanın və dilin nə dərəcədə mənimsənilməsini cəmiyyətə çatdırır. Jarqon, vulqar ifadələr, ictimai mənəviyyata zidd halların təbliği, yerli-yersiz məmurların ünvanlarına utanc gətirən sözlər, vəzifəyə təyin edilən və səlahiyyətlərinə xitam verilən yüksək çinli vəzifəli şəxslər barədə “sensasiya” xarakterli məlumatlar cəmiyyətimizin, daha çox oxucu kütləsi, KİV məkanı üçün arzu olunmazdır. Əslində belə “əyri” qələm sahibləri dövlət qulluqçularını qəsdən təhqir edir, nüfuzlarını vətəndaşlar arasında aşağılayır, onlara olan etimadı və etibarı azaltmaqla lağ obyektinə çevirirlər. Bu gün, jurnalistikada “gömrükçü” ixtisası ilə çalışanlar, və yaxud, ədəbi, milli dili zəif mənimsəmiş, publisistik fərasəti olmayan, bədii fəhmindən(əgər varsa) faydalana bilməyənlərin sırasında xəbər portallarına rəhbərlik edənlər də var. XXI əsr çağdaş Azərbaycan mediası necə olmalıdır? – Sualına qoy oxucular cavab versin.
Əgər, XIX əsrdə ədəbi dilin inkişafı bədii ədəbiyyatın dili ilə assosiasiyalaşmışdısa, (ittifaq, birlik, qruplaşmış) müasir dövrümüzdə ədəbi dilin tam hüquqlu və nüfuzlu nümayəndəsi kimi KİV dili çıxış edir.
Müasir anlamda isə KİV-nin dili millətin ümumi dili, kütləvi kommunikasiya dilidir. Kütləvi kommunikasiya vasitələrinin mühüm funksiyası cəmiyyətin əksər hissəsinin ona dəstək verməsi, orada standartların saxlanılması ilə ölçülür. Bu hal Azərbaycan dilinin stilinin qorunmasına imkan verir. KİV-nin dili ədəbi dilin stilistik sistemində həm mərkəzi, həm də orta yer tutur. Kütləvi kommunikasiya dili funksional stilin hamısına yaxındır, xüsusi ədəbi biliyin tapşırıqlarına cavab verir. Lakin, bəzən xəbər saytlarında ədəbi və milli dili ehtiva etməyən, azərbaycan dilinin orfoqrafik lüğətində olmayan sözlər cəmiyyətə KİV dili kimi məcburən sırınır. Məs: Tv reklam çarxlarında “Fantalayaq”, “Pişik olmaq çox yaxşıdır”, “Xırdalan pivəsi”, “Daktazol”, təmiz ağıza sahib ol və.s ifadələrin məqsədini anlamaq olmur.
Özünə hörmət edən jurnalist, qələm sahibi tarixən yığcam olub. Amma nə etmək, meşələr əyri ağaclarsız olmadığı kimi, xəbər portalları da qüsurlu “yazar”lardan xali deyil.
Dənizdə çalışanlar küləyi heç vaxt arzulamırlar,”əyri” yazanların müəllifləri də, adətən qınağı xoşlamırlar, və yaxud, istifadələrində olduğu, sahiblik etdikləri səhifələrdə yalan və böhtan yazmaqdan yorulmurlar…
Ümumiyyətlə KİV-nin dili ədəbiyyatla sıx bağlı olduğu üçün ədəbi dilin inkişafında əsas faktor kimi qəbul edilir. Lakin klassik ədəbiyyat üçün o ambivalent-ikidəyərlilik əhəmiyyət kəsb edir. Yəni bir tərəfdən yamsılayır, digər tərəfdən isə özündən itələyir, bu da qəzetin və ya xəbər portalının dilindən asılı olur.
Media nümayəndələrinə yalnız həqiqəti yazmaq arzusu ilə…
Şəmsəddin Əliyev
Polise.az