MƏKTƏBLƏRDƏ TƏHLÜKƏLİ TENDENSİYA… – Yeniyetmələr niyə bıçağa əl atır?

Son günlər Azərbaycanda məktəblilərin iştirakı ilə baş verən bıçaqlı hücumlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, təhsil müəssisələrində baş verən və insan tələfatı ilə nəticələnən bu hadisələr yeniyetmələr arasında aqressiya, münaqişələrin zorakılıq yolu ilə həlli və məktəblərdə profilaktik tədbirlərin effektivliyi ilə bağlı sualları aktuallaşdırıb.
Son olaraq bu günlərdə Azərbaycanda Bakının Nizami rayonundakı orta məktəblərdən birinin 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayaraq öldürüb. Hadisə nəticəsində xəsarət alan şagirdin həyatını xilas etmək mümkün olmayıb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
Maraqlı məqamlardan biri də odur ki, bənzər hadisələr təkcə Azərbaycanda yox, digər ölkələrdə də artmağa başalyıb. Məsələn, eyni günlərdə bənzər faciə Polşada da yaşanıb. Oktyabrın 8-də Mazoviya voyevodluğunun Leşçidul-Novini kəndində yerləşən İkinci İoann Pavel adına ibtidai məktəbdə 15 yaşlı yeniyetmə bıçaqla bir neçə nəfərə hücum edib. Hadisə nəticəsində 37 yaşlı məktəb işçisi, xadimə qadın həyatını itirib, daha iki nəfər yaralanıb. Polis hücum edən şəxsin həmin məktəbin keçmiş şagirdi olduğunu bildirib. Məlumatlara görə, məktəbin direktoru da hücumun qarşısını almağa çalışarkən yaralananlar arasında olub. Şübhəli yeniyetmə saxlanılıb.
Bundan bir gün əvvəl, oktyabrın 7-də isə Polşanın Ostrolenka şəhərindəki məktəbdə bıçaqlı hücum nəticəsində doqquz nəfərin yaralandığı barədə məlumat yayılıb. Polşa Prokurorluğunun açıqlamasına əsasən, hadisədə iştirakı ehtimal olunan gəncin çantasında əldəqayırma partlayıcı qurğu da aşkarlanıb.
Azərbaycanda və Polşada baş verən hadisələr fərqli şəraitdə meydana çıxsa da, hər ikisi məktəb mühitində zorakılığın qarşısının alınması məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı “AzPolitika”ya danışan sosioloq Naib Niftəliyev hesab edir ki, yeniyetmələrin iştirakı ilə baş verən faciəvi hadisələrə münasibətdə emosional reaksiyalarla kifayətlənmək və ayrı-ayrı faktlardan ümumiləşdirilmiş nəticələr çıxarmaq düzgün yanaşma deyil.

Onun sözlərinə görə, bir yeniyetmənin başqa bir şəxsə xəsarət yetirməsi və həmin şəxsin sonradan həyatını itirməsi, şübhəsiz ki, ağır və üzücü hadisədir. Lakin belə faktları bütün yeniyetmələrə şamil etmək, gənclərin ümumilikdə zorakılığa meyilli olduğu qənaətinə gəlmək yanlış təsəvvür yarada bilər: “Bu cür halların qarşısını müəyyən dərəcədə almaq mümkündür. Bunun üçün yeniyetmələrlə aparılan sosial-pedaqoji tərbiyə işi və psixososial dəstək düzgün istiqamətdə qurulmalıdır. Problemin mühüm tərəflərindən biri məktəblərdə psixoloji və sosial xidmətlərin təşkili ilə bağlıdır. Min nəfərlik şagird kollektivinə yalnız bir psixoloqun və ya sosial işçinin xidmət göstərməsi uşaqların fərdi ehtiyaclarını vaxtında müəyyənləşdirməyi çətinləşdirir. Belə şəraitdə şagirdlərin davranışında yaranan dəyişiklikləri izləmək, münaqişələrin səbəblərini araşdırmaq və riskli vəziyyətlərə vaxtında müdaxilə etmək imkanları məhdudlaşa bilər”.
Sosioloq hesab edir ki, məktəb psixoloqları ilə yanaşı, sosial işçilərin də fəaliyyətinə ehtiyac var. Təhsil müəssisələrində sosial-psixoloji xidmətin gücləndirilməsi, uşaqlara fərdi yanaşmanın tətbiqi və onların davranışına təsir edən amillərin vaxtında müəyyənləşdirilməsi vacibdir.
Naib Niftəliyevin diqqət çəkdiyi məsələlərdən biri də yeniyetmənin daxil olduğu sosial çevrənin davranış normalarının formalaşmasındakı roludur.
Onun fikrincə, müəyyən yaş qrupundakı uşaqlar öz aralarında münasibətlər sistemi yaradır və həmin çevrədə hansı davranışların qəbul edilən, hansı davranışların isə qəbuledilməz olduğunu müəyyənləşdirirlər: “Bəzi hallarda aqressiv davranışın təşviq olunması və ya zorakılığın normal qəbul edilməsi də bu münasibətlər sisteminin təsiri ilə baş verə bilər. Bu baxımdan, yeniyetmələr arasında zorakılığın səbəblərini yalnız fərdi xarakter xüsusiyyətləri ilə izah etmək kifayət deyil. Ailə münasibətləri, məktəb mühiti, həmyaşıdların təsiri və uşaqların münaqişələrə hansı reaksiyaları öyrənməsi də araşdırılmalıdır. Məsələn, yeniyetmənin münaqişə zamanı fiziki gücdən istifadə etməyi özünü təsdiqləmək üsulu kimi qəbul etməsi onun davranışında ciddi problemlərin yarandığını göstərə bilər. Belə hallarda yalnız cəza tədbirlərinə deyil, həmin davranışın formalaşmasına səbəb olan amillərin müəyyənləşdirilməsinə də ehtiyac var. Bu isə ailə, məktəb psixoloqu, müəllimlər və müvafiq sosial xidmətlər arasında əlaqələndirilmiş fəaliyyət tələb edir”.
Sosioloq hesab edir ki, məktəblərdə və yeniyetmələr arasında zorakılıq hallarının səbəblərini müəyyənləşdirmək üçün sistemli tədqiqatlar aparılmalıdır.
Onun fikrincə, mövcud vəziyyətin qiymətləndirilməsində statistik məlumatlar mühüm əhəmiyyət daşıyır. Müxtəlif illərdə baş verən hadisələrin sayı, onların ağırlıq dərəcəsi, iştirakçıların yaşı və digər göstəricilər müqayisə edilmədən zorakılığın artması və ya azalması barədə qəti fikir söyləmək olmaz.
Naib Niftəliyev belə məsələlərin araşdırılmasında tədqiqat mərkəzlərinin, təhsil sahəsində fəaliyyət göstərən qurumların və qeyri-hökumət təşkilatlarının iştirakını vacib sayır. Onun yanaşmasına görə, ayrı-ayrı hadisələr bütün cəmiyyətə və ya müəyyən yaş qrupuna şamil edilməməlidir. Eyni zamanda, hadisələrin ictimailəşdirilməsi zamanı yeniyetmələrin hamısının zorakılığa meyilli olduğu təsəvvürünün yaradılmasından da çəkinmək lazımdır. Ancaq bu, mövcud problemlərə göz yummaq demək deyil. Əksinə, hər bir ağır hadisə onun səbəblərinin, başvermə şəraitinin və qarşısının alınması imkanlarının ciddi şəkildə araşdırılmasını tələb edir.
E. Bəyməmmədli
“AzPolitika.info”



