Mikayıl Cabbarov: “SGC Azərbaycanın Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini möhkəmləndirib”

2020-ci ilin sonunda tam istismara verilmiş Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olıan İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə görüşündə bildirib.

M.Cabbarov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.

İqtisadiyyat naziri Azərbaycanın İtaliya ilə münasibətlərin inkişafına önəm verdiyini, ölkələrimiz arasında tərəfdaşlığın gücləndiyini, dövlət başçılarının səfərlərinin, keçirilən görüşlərin əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal tərəfdaşlığa dəvət olunub.

A. Urso qeyri-neft iqtisadiyyatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını bildirib, əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.

Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s. istiqamətlərdə mümkün əməkdaşlıq modellərini müzakirə ediblər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button