“Milyonçu olmaq istəyirsənsə, oğurla!”

                         “Həqiqətən sərvətiniz dünya zinəti olduğuna və başınızı qatdığına görə sizin üçün ancaq bir imtahan vasitəsidir”.

     “Təğabun (toplaşmaq, cəm olmaq) surəsi, ayə 15”

Zaman-zaman sadə insanları bir sual çox maraqlandırıb: “Milyonlara necə sahib çıxmaq olar? İldən-ilə artan sərvət nəyin hesabına başa gəlir?”

Amerikanın siyasi, iqtisadi  və sosioloji ədəbiyyatında bu suallara müxtəlif cavablar verilir: Nəşr olunmuş əsərlərdə dolayısı ilə cavab belədir-“Milyonçu olmaq istəyirsənsə, oğurla!..”

 Bu sahədə daha çox yayılmış  fərziyyələri Amerikanın sosioloji ədəbiyyatında təbliğat maşını güclü-iri kapitalistləri təşviq edib.

Amerikada ilk milyonçular şəxsi qabiliyyətləri  və xüsusi sahibkarlıq fəaliyyətləri nəticəsində əldə etdikləri sərvətlərinin yolunu ictimaiyyətə sanki təlqin ediblər. Həmin illərdə Amerikan professoru Cozef Şumbertin 1942-ci ildə nəşr etdiyi məşhur-“Kapitalizm, sosializm və demokratiya” kitabında böyük sərvət sahibləri-kapitalistlər təriflənir, onların xidmətləri cəmiyyətə görk olaraq çatdırılır.

Bu mənada, Amerika ədəbiyyatının tanınmış simalarından olan  Horeys Olcerin uşaqlar üçün yazdığı nağılları uzun illər diqqəti cəlb edib. Nağılların birində çox maraqlı və ibrətamiz təəssürat bağışlayan ifadələr yer alır: “Bir gənc, özünün əmək (zəhmət ) sevərliyi və əziyyəti nəticəsində böyük miqdarda kapital toplamağı bacarır…” ( Amma oxuculara çatdırmaq yerinə düşərdi ki, müəllif – Olcerin özü ehtiyac içində yaşamış, dərin yoxsulluq ucbatından dünyasını dəyişmişdi). Amerikada əks mövqeyə  malik müəlliflər də olmuşdu. Qustav Mayersin 1910-cu ildə nəşr olunan  “Amerikanın iri kapitalistlərinin tarixi” (“History of the Great  American Fortunes”) kitabında böyük miqdarda kapital toplamaq şübhələrə söykənməyən informasiya kimi cəmiyyətə təlqin edilir. Mayers hələ Onere de Balzakın dediyi “Hər cür sərvətin (sahibinin əməlində) mənbəyində cinayətlər dayanır” fikrini, “Başqa cür varlanmaq da mümkün deyil” ifadəsi ilə bitirir. Cəmiyyət də varlı dövlətdir, onun xəzinəsi isə hamının sərvətindən toplanan, müstəsna mülkiyyət kimi fəaliyyət göstərən  Dövlətin Bankıdır.

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin yaranması məsələsinə tanınmış Amerikan sosioloqu professor Rayt S. Mills də əsərlərində yer vermişdir. Onun 1956-cı ildə işıq üzü görmüş  “Hakim elita”  ( The Rower Elite) kitabında milyonerlərin şəxsi keyfiyyətləri diqqət çəkir, vəzifəli şəxslərin gizli talama faktlarını, belə şəxslərin sui-istifadələri nəticəsində sərvət sahibinə çevrilməsini qələmə alır.

Müasir Amerikan müəllifi  Styudart H. Holbruk özünün “Əsr” kitabında (1954-cü ildə nəşr edilib)  “Dabldey” firmasında dələduzluq yolu ilə hərbi gəlirlərin mənimsənilməsindən ətraflı bəhs edir. O,həmin firmada və ümumilikdə Amerikada  1775-ci ildə baş verən vətəndaş müharibəsindən sonra vüsət alan nəhəng korrupsiyadan bəhs edir. Holbruk Amerikada prezident  Linkolnun dövründə sənayenin inkişafı, konfederasiya əleyhinə başlanan müharibə  ərəfəsində korrupsionerlərin saxtakarlığı  və sui-istifadələri, iri kapitala malik olmağın yolları və milyonçulara necə çevrilməsini ürək ağrısı ilə qələmə alır, hərbi sənayenin  sifarişini yerinə yetirmək üçün poladtökmə zavodlarının tikilməsini, şimallı əsgərlərin geyimi üçün tikiş-trikotaj sənayesinin istehsal gücünün artırılmasını, ən mühümü ordunu yedizdirməyin vacibliyini narahatlıqla vurğulayır. Bunun üçün yüngül və yeyinti sənayenin gücləndirilməsini vətəndaş olaraq tələb edirdi və s.

Paralel olaraq  Holbruk yazırdı: “Yüksək iqtisadi inkişafla yanaşı  korrupsiya, vəzifəli şəxslərin pulla ələ alınması, pula hərislik və məmuru alçaldan digər hallar da  vüsət almağa başlayır”.

Əsgərlərə təhkim olunan silahlar texniki cəhətdən  istifadəyə yarasız idi. Vicdansız tədarükçülər orduya keyfiyyətsiz, əksər hallarda çürümüş materiallardan paltar hazırlayıb göndərirdilər, daşıdıqları çəkmələr daha çox kağız qatqısı olan dərilərdən hazırlandığına görə qısa vaxt ərzində sıradan çıxırdı, konservlər ölmüş və iylənmiş hevanların cəsədlərindən  hazırlandığından qəbulu mümkün deyildi. Müharibə vaxtı və müharibədən sonrakı dövrlər Holbrukun əsərində qeyd edilən sui-istifadələr və dələduzluqlar qeyri-adi və ağıla sığmayan mərhələyə çatmışdı. Birjalarda möhtəkirlik və fırıldaqçılıq şöhrət qazanmışdı.

Həmin kitabda Holbruk qeyd edir ki, XIX yüzilliyin sonunda Amerikanın İspaniyaya qarşı müharibəsi dövründə korrupsionerlər üçün yüksək gəlir əldə etməyə, varlanmağa növbəti və sərfəli bir şans-dövr başlandı. Bu müharibənin gedişindən təkcə poladtökmə zavodunun sahibləri yox, silah istehsal edən fabrikantlar və bir az qəribə səslənsə də ilk amerika qəzet maqnatı Vilyam Rendolf Herst də əhəmiyyətli dərəcədə qabiliyyətinə, bacarığına uyğun istifadə edə bildi.

“Müharibələrdə yüksək gəlir əldə etməklə məşğul olan milyonçulara aid tipik misallar çox çəkmək olar”- yazır Holbruk. İkinci dünya müharibəsi dövründə də az sezilən tərzdə oxşar hal davam etmişdi. 1940-1944-cü illərdə iri, xüsusi konsernlər-bütün ölkə üzrə istehsal vasitələrinə xüsusi nəzarəti həyata keçirən sahibkar korrupsionerlər, “ilk əldən sifarişlər” qəbul edənlər 175 milyard dollar məbləğində yardım ala bilmişdilər.

Professor Mills oxucuların diqqətini hərbi sifarişləri qəbul edən həmin iri konsernlərin sui-istifadələrinə cəlb edir. Onlar müxtəlif güzəştlərdən istifadə etmək hüququna malik idilər. Məs: Xammal almağa, dövlət kreditlərinin və maşın detallarının alınmasında, sərfəli şərtlərlə amortizasiya, vergi güzəştlərində sərfəli imtiyazlara malik və ilk növbələrə hakim idilər.

Müharibədən sonra müxtəlif imtiyazlara malik olan  bu konsern  sahibləri dövlət hesabına tikilən müəssisələrin mülkiyyətçisinə çevrilirdilər. (ilk təklif-sifarişlər onlara verilirdi). Belə müəssisələr müstəsna dərəcədə sərfəli şərtlərlə mülkiyyət sahiblərinin sərəncamına və istifadəsinə verilirdi. Diqqət edin, “Sahibkarlar” dövlətin vəsaiti hesabına tikilən iri sənaye obyektləri üzərində mülkiyyət hüququnu  heç bir şərt qoyulmadan əldə edirdi…

Karantin vəziyyətinin elan olunduğu müddət ərzində kitab rəfimdə Moskvada nəşr olunan (2018-ci il)  “Миллиардеры – история  крупнейщих  финансовых   династий” ( Milyarderlər- iri maliyyə sülaləsinin tarixi) adlı kitabı oxumağa başladım. Kitabın müəllifi tanınmış Polyak publisisti və jurnalisti Hjehoj  Yaşunskidir. Kitabda dünyanı idarə etmiş iri maliyyə sahibləri – sülaləsinin mütəşəkkil cinayətkarlığa xas yolla böyük kapitala malik olması yollarını oxuculara təqdim edilir. Kitabı həyəcansız oxumaq mümkün olmur. Sən demə, dünyanı idarə edən “tanınmış” maliyyə fırıldaqçıları  Morqan, Rokfellər, Karneqi, Banderbult və başqalarının heç ali təhsilləri də yoxuymuş… Məşhur Amerika prezidentlərindən Abraam Linkolnu, Delano Ruzvelti  də ələ alıbmışlar…

100 il bundan əvvəl  həmin amerika milyonçuları- zavod və fabriklərin sahibləri, dəmir yollarının və bankların müstəsna mülkiyyətçiləri arasında həmişə güclü rəqabət olmuş və antoqonist situasiyalarda şəxsi maraqlarını qorumaq məqsədilə güc tətbiq etmək metodlarından istifadə etməkdən də çəkinməmişlər. 100 il əvvəl milyonçular və milyardçılar çəkinmədən, açıq, öz sərvətləri ilə öyünür, cah-cəlalda yaşamışlar, saraylarını, obyektlərini reklam edib, nümayiş etdirsələr də cəmiyyətin, hətta rəsmi dairələrin də qıcığına səbəb olmamışdır. Amma bu gün, dünya dəyişib və  hələ çox dəyişəcək. Həmin milyardlara sahib olanlar aşkarlıqdan qaçmağa üstünlük verirlər. İndi, Amerikanın və digər kapitalist ölkələrinin (niyə) Sovet İttifaqının dağılmasına canfəşanlıqlarını anlamaq olur. SSRİ kapitalizmin, korrupsiyanın, hər cürə əyriliyin, kölgə iqtisadiyyatının, vergidən yayınma və mütəşəkkil dəstənin köməyi ilə sərvətə sahib olmanın əleyhinə idi. Məmurun şəxsi qəsri, təmtəraqlı bağı ola bilməzdi. Dövlətin vəzifə ranqlarına uyğun bağ evləri var idi. Yalnız vəzifədə olduğu  müddət ərzində həmin bağlardan istifadə edə bilərdilər. Kommunist ideologiyası belə tələb edirdi!..

( İndi ictimai nəzarət var. İctimai nəzarət kommunist nəzarəti deyil, onu əvəz edə bilmir. Olsa, olsa onun sönük bir kölgəsidir.)

                   “Əgər dövlət düzgün idarə olunarsa yoxsulluq və işsizlik utanc gətirər. Əgər     dövlət düzgün idarə olunmazsa zənginlik və məşğulluq utanc gətirər.”     Konfutsiy

Deyirlər ki, Sovet İttifaqı Komunist Partiyasının baş katibi mərhum Leonid  İliç Brejnev  vəzifədə-böyük bir imperiyanın ”sahibi” ikən, səhhətinin ağırlaşdığı bir vaxtda həyat yoldaşı ona xitab edir: Lyona! Niyə özünü üzürsən? Bu yaşda sənə evdə oturub dincəlmək lazımdır. İstefa ver! Çıx işdən! Bir kiçik bağ evi tikib, bu ahıl vaxtımızda həyatımızı yaşayarıq.  Həyat yoldaşının bu tövsiyəsinə Leonid İliç belə cavab vermişdi:

  -Nə ilə bağı tikəcəyəm? Aldığım təqaüdlə heç bağ tikmək olar?

-Bəs bu , bağ evini saxlamaq olmaz? Burda yaşaya bilmərik?

Leonid İliç boğuq səslə :

-Necə yaşayarıq? Bu hökumət bağıdır.Vəzifəmdən istefa verən kimi buranı tərk etməli olacağıq …

Beləcə sükut çökmüşdü… Haqlı cavab idi. Komunistlərin Baş katibinin şəxsi-dövlət tərəfindən verilən mənzilindən başqa heç nəyi yox imiş…  

Ona görə də Sovet İttifaqı dünyaya sərf etmirdi. Yıxdılar, yaman yıxdılar. Cılız millətlər dövlət oldular-müstəqil və demokratik dövlət. Hər bir müstəqil dövlətin yaranması tökülən qanların hesabına başa gəldi. Bu gün də qanlar axıdılır. Dominant ölkələr güclərini və hərbi əzələlərini aciz, öz dərdi ilə baş-başa qalan ölkələrdə nümayiş etdirirlər. Məcburi köçkünlük və qaçqın həyatı yaşanır. Sahibsiz, aciz millətlərin vətənləri arxalı köpəklərin hərbi meydanına çevrilir… Güclərini nümayiş etdirirlər.

“Bütün ölkələrin proletarları birləşin!” şüarı əhəmiyyətini itirdi. Proletar-köməksiz vəziyyətdə olanlar doğma vətənlərini məcburi tərk edir, əcnəbi dövlətlərə pənah aparır, həyat axtardığı yollarda həlak olur, rezin qayıqlarla dəryalarda qərq olurlar. Günahsız körpələrin, qadınların və uşaqların qisasını alan yox. Aralıq dənizi  günahsız insanların məzarına çevrilib… Rəbbim, qisası yerdə qoyma, qiyamətə saxlama!…

(Zamanında Azərbaycanın xanlıqlarından olan İrəvan xanlığı, sonradan Yerevan və sonra Ermənistana çevrildi. İndi isə müstəqil dövlət kimi iştahası artır, qudurub, azğınlaşıb, vəhşiləşib. O qədər azğınlaşıb ki, köməksiz vəziyyətdə olanlara – körpələrə, qadın və uşaqlara azərbaycanlıdır-düşünüb  qətliama başladı . İnsanlığa qarşı xəbis hərəkətlərilə indi də dünyanın digər ölkələrində yaşayan millətimizi təqib edir. Bunun sonu olmalıdır. Sülhə razılaşsaq yenə məsələ uzanacaq, itkilərimiz yenə olacaq… Hər döyüşdən sonra çətin bir dövr başlanır-yeni dövr. Bu aclıqla, yoxsulluqla davam edə bilər… Bizə lazımdırmı?..)

Kitabın müəllifi qeyd edir ki, 100 il əvvəl prezidentlər və nazirlər, hakimiyyətin digər budaqlarında qərar tutan məmurlar heç nədən və heç kimdən çəkinməyərək Amerika milyonçularının virtual göstərişlərini yerinə yetirir, onlara havadarlıq edirdilər.

Vaşinqton bu gün də milyonçulardan asılı vəziyyətdədır. 100 il əvvəl də yüksək çinli məmurların, konqresmenlərin və hakimlərin korrupsiyaya geniş yoluxması hamıya bəlli fakt sayılırdı. Bu gün fərqlidir, korrupsiya halları aşkar olsa da latent xarakter daşıyır, hüquqi məsuliyyət həmişə reallaşmır. Reallıq ondan ibarətdir ki, Sovet dağıldıqdan sonra korrupsiya ocağı- “Amerika və Avropa korrupsiyası” bütün dünyaya yayıldı… İndi, hesabatlarında müstəqil ölkəkələri korrupsioner ölkə kimi o ki, var danlayırlar…Bəs bu, mütəşəkkil cinayətkarlığın mənbəyi hardan başlamışdı?…

Fasilələrdən sonra mahiyyətcə ciddi dəyişikliklər baş verməkdə davam edir, amerikalılar korrupsiya subyektlərini sadəcə image (sözün lüğəti mənası portret, ifadə və zahiri görünüş) milyonçular adlandırırlar. Əvvəllər onları  “Baronlar-quldurlar” adlandırırdılar, indi isə sadə amerikalıların ifadəsində  “Xeyirxahlar” və “Filantroplar”  – insanı sevmək mənasını verən insanpərvər adlandırırlar. Yəni,  ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanlar… Düşünürəm ki, bu metamorfozaya–yunan sözü olub çevrilmə mənasını verən ifadəyə çox vaxt da sərf etməyə dəyməz. Daha çox heyvanlar və bitki aləmində baş verir. Orqanizmdə ciddi dəyişikliklərin baş verməsi kimi başa düşülür.

Dövlətçiliyin tarixlərində varlı insanların dövlət başçıları ilə əlaqəsi həmişə olub. Məs: 1896-cı ildə Vilyam Makkinlinin ağ evin sahibinə çevrilməsində milyonçu  Markus A. Hannanın  rolu az olmamışdı. Hann prezident seçkilərini  “Standart oyl” şirkətinin köməkliyi ilə maliyyələşdirərək Makkinli prezident seçildi. Belə misalları çox çəkmək olar:  XIX əsrdə  Amerikan elitası bu tərzdə hakimiyyət idarəçiliyini həyata keçriənlərlə milyonçuların sıx əlaqəsinin şahidi olmamışdı. Belə əlaqələr bu gün də var, güclənir, amma heç kim bunu açıqlamır. Bundan başqa  “Yol-strit” şirkəti ilə Vaşinqton arasında münasibətlər daha da mürəkkəbləşib.

Bu gün ABŞ prezidenti kapitalistlərin maraqlarını təlqin və müdafiə edir. Korrupsiya ilə bağlı məsələyə də demək olar ki, eyni yanaşma vardır. (Məmurun ətrafında yaxınları çalışırlarsa deməli, korrupsiya halları da olacaq…) Vaşinqtonda rüşvət alma halları yüksək çinli məmurlar sırasında davam etməkdədir. “Boz kardinallar” prezidentlərin köməkçiləri qismində həmişə olub. Korrupsiya, ələ alınanlar həmişə olmuşdur. Sırada konqresmenlər, hakimlər və ali rütbəli məmurlar da var.

Müəllif misal gətirir: Tanınmış siyasətçi, Respublikaçılar partiyasının lideri  Ceyms  C.Bleyn rüşvət almaqda ittiham olunmuşdu. O, konqresdə özünün təsir vasitələrindən –nüfuzundan istifadə edərək silah alverinə görə vergidən yayınmış, dəmir yolu kompaniyasının və firmalarının xeyrinə iş görmüşdü. İstintaq nəticəsində  Bleyin dostları işi dəyişə bilmədilər, onun 6 dəfə yalan ifadə verməsi təsdiqini tapmışdı. Amma bu fırıldaqçılıq  Bleyin dostlarını onun namizədliyini prezidentliyə irəli sürmək istəyinə də mane ola bilməmişdi.

“Ölkədə qadağanedici normalar çoxdursa xalqın yoxsulluğu, qanunların və əmrlərin sayı  artırsa quldurluq  və oğurluqlar artacaq.”

Lao-Szı. Qədim Çin mütəfəkkiri (bizim e.ə.vı-v əsr)

 1861-ci ildə vətəndaş müharibəsinin başladığı ərəfədə ABŞ cəmiyyətinə üç milyardçı bəlli idi. XIX əsrin sonlarında isə amerikan statistikasına görə 3800 var-dövlət sahibinin  sərvəti milyon dolları ötənlər təşkil edirdi. Sırada 10 milyonu, 100 milyonu ötən sərvət sahibləri də olmuşdu. Əsas milyonçular 30-cu illərdə doğulmuşdular. Bu insanların hər biri Avropadan-İngiltərə, Şotlandiya, İrlandiya ailələrində doğulanlardır. Onların hamısı təhsili olmayanlar–savadsızlar, bəziləri hətta imza atarkən çətinliklə soyadlarını  yazanlardır. Yaşlı milyonçulardan olan Korvelus Banderbult, Endro Karneqi, Edvard Harriman, Endro Mellon, Con Rokfeller, Con Morqan və s. göstərmək olar.

 Məs: 1853-cü ildə soyadını yaza bilməyən  Banderbult çox varlandı, onun sifarişi ilə amerika milyonçularının ilk gəmi lövbəri tikilməyə başlandı. “Şimal ulduzu” texniki cəhətdən qurulmuş və çox diqqət çəkən bir gəmi idi. 1877-ci ildə milyonçu dünyasını dəyişəndə 105 milyon dollarlıq əmlakı böyük oğlunun mülkiyyətinə keçmişdi. Oğul Banderbult qısa vaxt ərzində atasını ötdü, kapitalın həcmi 2 dəfə  artaraq 200 milyon dollarlıq sərvətini övladlarına vərəsə etdi.

Çox qəribə və məntiqli bir suala cavab axtarmaq lazım gəlir. Bu qədər var-dövlətin mənbəyini ilk amerikan milyonçusu hardan və necə əldə etmişdi? Ata – Kornelius Banderbultun və vərəsələrinin əziyyət çəkmədən “ixtisaslaşmış” müəlliflərə yüksək qonarar verməklə özləri haqqında cəmiyyətdə “əməksevər”, “enerjili”, “xeyirxah” və “bacarıqlı” şəxsiyyət kimi rəy formalaşdıra bilmişdilər. Cəmiyyət çaşdırılmışdı. Amma, həqiqət başqa idi. Qustav  Mayers-uzun illər keçmişdə iz buraxmış, fırıldaqçı ata  Banderbultin biznes fəaliyyəti ilə bağlı sənədləri təhlil və tədqiq edərək belə qənaətə gəlmişdi ki, “Banderbult baş ticarət “qulduru” və həmin illərin  “tanınmış” şantaj yolu ilə pul qazananı olub. Milyonlarla kapitalın müəyyən hissəsi zorakılıq, fırıldaq və sui-istifadələr nəticəsində əldə edilib” … Qustav Meyersin bu ifadələri müəllifi olduğu 120 səhifədən ibarət nəşrdə təkzibolunmaz sübutlarla təsdiqini tapmışdı.

Polyak jurnalisti və publisisti  Yaşunski müəllifi olduğu “Milyaderlər” kitabında oğul- Vilyam Banderbultun tikdiyi və istifadəyə verildiyi dəbdəbəli salonda keçirilən mətbuat konfransında  jurnalistin çox sadəlövh sualına verdiyi cavab diqqət çəkir:

   “Siz, sahibi olduğunuz dəmir yolunu ictimaiyyətin istifadəsinə vermək niyyətiniz yoxdur?”

     Milyarder çəkinmədən və həyasızlıqla –  “Cəhənnəm olsun sizin cəmiyyətiniz”-cavabını vermişdi. Bu  demokratiyanın beşiyində  bəslənən  milyarder vətəndaşın cavabı idi?!

Yuxarıda qeyd etdiyim kimi sadaladığım məşhur milyonçular sırasında  Endryu Karneqi də olub. O, 1848-ci ildə Amerikaya gəlmiş, valideynləri Şotlandiyadan gəlmiş yoxsul emiqrant olmuşlar. Həmin vaxt Endryunun  13 yaşı vardı, heç vaxt özünün böyük karyeri  və nə vaxtsa böyük kapital sahibi olması heç ağlına da gəlməmişdi. Amma, hələ gənc yaşlarında bu sahədə bacarığını və qabliyyətini  göstərə bilmişdi. Qısa vaxt ərzində əldə etdiyi yüksək gəlirin müəyyən hissəsini daha xeyirli sferaya sərf etməyə başlamışdı. Amerikadakı vətəndaş müharibəsi dövrü digər milyonçular kimi  Endryunun da biznesinə yaxşı mənada təsir etmişdi.

1868-ci ildə -Amerikaya gələndən 20 il sonra -33 yaşında artıq Endryu  imkanlı bir adam idi. Özünün dediyi kimi illik gəliri 50 min dollar təşkil edirdi.

 O, yazırdı: “Dünyada pul qədər insanı həm alçaldan, həm də ilahiləşdirən ikinci bir şey yoxdur… və əgər uzun müddət bizneslə məşğul olsam, bütün diqqətimi ancaq pul qazanmağa yönəltsəm qısa müddət ərzində ümidsiz yaşamaq təhlükəsi ilə qarşılaşacağam”. Bu gənc Karneginin kapitalla bağlı gəldiyi nəticə idi. Düşünürdü ki, “İki ildən sonra biznes sahəsindən uzaqlaşıb  İngiltərəyə gələcək, Oksford universitetini bitirib Londonda jurnal və yaxud bir qəzet təsis edib imkansızların vəziyyətini yaxşılaşdırmaq istiqamətində çalışıb, problemləri işıqlandıracaq”… Gənc Karneqi belə xeyirxah düşüncələrə qapılmışdı. Amma dəyərli oxucular, bilirsiniz nə baş verdi? Endryu Karneqi 2 ildən sonra yox, 30 ildən sonra – 65 yaşında biznesi ilə vidalaşdı. Xeyirxahlığı isə davam etdi. Ona məxsus poladtökmə sənayesi böyük gəlir gətirən istehsal sahəsinə çevrilmişdi. Bu həm də fəhlə gücünün istismarı nəticəsində baş verirdi.

Sonralar Karneqiyə qarşı sərt bir rəqib peyda oldu – Con Pirpont Morqan. Necə deyərlər: “Daşa qarşı oraq”-Rus zərb məsəlinə uyğun bir biznesmen fiqur, Morqan axır ki, Karneqiyə məxsus bütün müəssisələrini almağa nail oldu.Təqribən 500 milyon məbləğində olan əmlaka Morqan sahib çıxdı. Onun 300 milyonunu  nağd və aksiya ilə Karneqi şəxsən aldı. “Yoll-strit jornel” qəzetinin yazdığına görə hər iki milyonçu  transatlanik  laynerin bortunda bir yerdə sərnişin ikən  Karneqi Morqana əmlakını satdığına peşman olduğunu və ucuz qiymətə verdiyini deyir: “Səhv etdim, əmlakımın qiyməti 1 milyon dollar idi”. Morqan isə qeyri adi bir cavab vermişdi: “Həmin məbləği səninlə birdəfəlik qurtarmaq xətrinə ödəyəcəkdim ki, səni bir daha görməyim! “

 Həmin illərdə  və indi də sadə amerikalılardan  “Banderbult kim olub?”-soruşsalar əminliklə cavab verilərdi ki,  “Milyonçu!” Və əgər belə bir sual Karnegi barədə verilsəydi cavab başqa cür olardı. “Filantrop”-xeyriyyəçi! Çünki  Endryu  Karneqi və onun varisləri özlərini cəmiyyətə xeyriyyəçi kimi tanıtmışdılar. Doğurdan da onların sərvətinin əksəriyyəti Filantrop məqsədilə sərf edilirdi. Məs: Nyu Yorkun   “Karneqi holl” məşhur konsert  zalı bütün dünyaya məlumdur.  Onun tikintisini Endryu maliyyələşdirmişdi. Qeyd etmək yerinə düşərdi ki, 1891-ci ildə zalın təntənəli açılış mərasimində dahi Rus bəstəkarı  Petr Uliç  Çaykovski də iştirak etmişdi. Hazırda bir çox fondlar, beynəlxalq aləmdə sülhə dəstək fondu, təhsil fondları və s. Karneginin adı ilə bağlıdır. Qeyd etmək yerinə düşərdi ki, Karneqi sülaləsi də digər milyonçulara xas metod və üsullarla böyük kapitala sahib olublar.

     Amerikanın böyük sərvət sahibləri, milyonçu və milyardçıları haqda yazını uzatmaq fikrində deyiləm. Bu barədə çoxlu sayda kitablar var…

Bəs, Avropada vəziyyət necədir?  

“Avropa bütün avropalıların mənzil qərargahına çevrilməlidir”(?)     

Adenauer. lmaniyanın qoca kansleri

Almaniyada olan varlılar ictimai diqqət və “qayğılardan” qoruna bilirlərmi?

100 il əvvəl ABŞ iqtisadi inkişaf baxımından Avropanı ötmüşdü. Bu təxminən 1870-80cı illərə təsadüf edir. Statistik məlumatlar göstərir ki, 1860-cı ildə Böyük Britaniya sənaye istehsalının səviyyəsinə və həcminə görə dünyada birinci yeri tuturdu. Lakin 1880-cı ildə  ABŞ İngilis rəqiblərini qabaqlaya bilmişdi. Amerika iqtisadiyyatının sonrakı illərdə artımla inkişafı Amerika ilə Avropa arasında böyük bir məsafənin – distansiyanın təməlini qoymuşdu. Baş verən hər iki dünya müharibəsi də buna təsir etmişdi. Müharibələr nəticəsində dağılmış və müflisləşmiş Amerikan kapitalistləri Avropanın hesabına varlanmağa başladılar. Birləşmiş Ştatlar inkişaf tempinə görə Avropa  ölkələrini bir-bir üstələdi. Amerika təkcə sənayenin inkişafında yox, həm də malların ixracında (eskport) və kapitallaşmasında da öndə durdu.

Bu gün artıq onlarla Amerika kapitalistləri Avropalı kontragentliklərini  “kasıb qohumlar” hesab edirlər. ( Kursiv Yaşunskinindir)

Digər səbəb onunla əlaqələndirilirdi ki, Avropada mövcud sərvət sahiblərinin adlarının anonim saxlanılması Amerikadan əvvəl başlanmışdı. Az tanınan aksiyoner cəmiyyətlər imkan daxilində istənilən üsullarla özləri haqqında olan məlumatları gizli saxlamağı bacarırdılar.

Amerikadan fərqli olaraq Avropada əhəmiyyətli dərəcədə iri konsernlərin yaranması mövcud idi. Lakin həmin şirkətlər barədə hər hansı bir məlumatın yayılması  arzuolunmazdı və mümkün deyildi. Amerikada isə özəl müəssisələrin Morqana, Rokfellərə və yaxud, Forda məxsus olmasını öyrənmək o qədər də çətin deyildi.

   Müharibələr arası illərdə  Fransada sol qüvvələr özlərinə xas təbliğat kompaniyalarda  “iki yüz ailə” terminindən tez-tez istifadə edirdilər. Bu o demək idi ki, müəyyən qrup kapitalistlər həm iqtisadiyyat üzərində hakimiyyəti həyata keçirir, həm də ölkənin siyasi vəziyyətinə kontrol edə bilirdilər. Birinci yer uğurunda mübarizə müəyyən olunan simvolik siyahı üzrə  Şneyderlər  və Rotşild ailələri arasında gedirdi. Bu qruplar barədə çox yazılıb, çoxlu kitablar işıq üzü görüb. Bunlar mədhiyyəyə bənzər qalın kitablar Rotşildlərin pulları ilə  təşkil edilir və yazılırdı. Yazılanların demək olar ki, hamısı eyni məzmun kəsb edirdi.

Rotşild sülaləsinə məxsus sərvətin artımı.

XIX əsrin əvvəllərində bu ailə  Frankfurtda Bank təsis etmişdi. Hakimiyyətlə “mehriban münasibətlər”də olan ailə üzvlərinin 5 üzvü-qardaşları iri şəhərlərdə – Parisdə, Londonda, Neapolda, Vyanada və Frankfurt  Maynedə  bank rəhbərləri vəzifələrinə irəli çəkilmişdi. Qardaşlar bütün avropada bank işlərini həyata keçirirdilər. Onların müştəriləri kral ailəsi və Vatikan idi. Rotşild bankının Fransız budağı tezliklə zadəgan titulu olan baronlar-qratdan aşağı sayılan zadəgan rütbəsi adını almışdı. İngilis budağının nümayəndəliyi əvvəlcə icma  palatasında və sonra isə lordlar palatasında fəaliyyət göstərirdi.

Həmin müharibə illərində  Fransız sosialistlərinin lideri Yulya Hedanın məşhur ifadəsi bu gün də əhəmiyyətini itirməmişdir: “Respublikanın kralı var, bu kral-Rotşildir”.

1924-cu ilin statistik  məlumatları da məşhur rəqəmlərlə zəngindir. Rotşildlər bankının kapitalı 350 milyon frank təşkil edirdi. Həmin dövr üçün bu rəqəm fantastik məbləğ sayılırdı. Bankın nağd kapitalı dövlətin sərəncamında olan məbləğindən əhəmiyyətli dərəcədə yüksək idi.

   Parisdə funksiyalaşan “Rotşild qardaşlarının bankı”nın əksi ingilis bankı sayılırdı-“N.M.Rotşild”.

İyirminci yüzilliyin əvvəlində ingilis lordu, şair və yazıçısı Bayron özünün roman və şeirlərində zərrə qədər şübhəsi yox idi ki, (“Don Juan” poeması) “Dünyanın müvazinətini iki ingilis bankirləri təmin edir- Rotşild və Berinq”.

Birinci dünya müharibəsindən sonra kapitalın Amerikadan  Avropaya  hərəkəti başlandı. Bu vaxta qədər Avropadan milyonçular sərmayəni  Amerikaya daşıyırdılarsa, XX əsrin əvvəllərində isə kapitalın trayektoriyası  əks istiqamətə dəyişdi.

Məsələnin maraqlı tərəfi var.
“Varlılar kasıbların, kasıb isə zəhmətinin hesabına yaşayır.”

Çin zərb məsəli.

İngilis milyonçuları sırasında məşhur “Lordlar pressi” də olub. XIX əsrin sonlarında   Alferd  Harmsvort  yeni  “Deyli meyl” qəzetini təsis etdi. Onun ağlına da gəlməzdi ki,nə vaxtsa müasir qəzet sənayesinin və press industriyasının təşəbbüskarına çevriləcək, vaxt ötdükcə milyonlara sahib olub Lord tituluna layiq görüləcək. Onun  “Deyli meyl” qəzeti maya dəyərindən də aşağı qiymətə satılırdı. Buna qədər İngiltərədə ən ucuz qəzet bir pensə (yəqin ki, qəpiyə)  satılırdı. Harmsvort  “Deyli-meyl” qəzetinin qiymətini yarım pensə endirdi. Qəzetin nəşrinin xərcini elanlar ödəməli və qəzeti elanla təmin etmək üçün tirajı artmalı idi. Adətən firmalar  qəzetdə elanlarını və reklamlarını çox  tirajlanan qəzetlərə verirdilər.

Qəzetin nüxsəsinin artırılması  üçün Harmsvort (gələcək Lord)  çox sadə  bir resept hazırlamışdı; qəzetin mənəvi səviyyəsini aşağı salmaq, daha çox və bacardıqca  sensasiyalı məlumatlar dərc etmək, kriminal və ya seksual xarakterli informasiyalardan yazmaq (oxucuların instintiklərinə məhəl qoymadan) resepti özünü doğrultmuşdu. Harmsvort qısa vaxt ərzində “sarı pressin”sərkərdəsinə çevrildi. Qəzetin nüsxəsi artmağa başladı, sərfəli elan və reklamlar artdıqca qəzetin gəlirləri də yüksəldi. Bir neçə ildən sonra Harmsvort  milyonçu oldu. 1905-ildə qəzet  “Assosieyted nyuspeyper  limited” şirkətinə çevrildi. Onun əsas kapitalı ildə 1 milyon 600 min funt təşkil edirdi.

Sonra  Lord sayılan digər press milyonçusu  Hortklit özünün qəzet imperiyasını genişləndirməyə başladı. XX əsrin əvəllərində  o, “Tayms” qəzetini ixtiyarına keçirtdi. Həmin ərəfədə  “Tayms” qəzeti hökumətin rəsmi orqanı kimi nəşr olunurdu və Böyük Britaniyanın siyasətinə yetərincə təsir edə bilən bir qəzet idi. 1922-ci ildə Nortklitin  (Lordun) ölümündən  əvvəl onun qəzet konserni  70 müxtəlif çap orqanlarını əhatə edirdi. Bütün konsern  “Tayms” qəzeti istisna  olmaqla  (bir müddət sonra Astorov ailəsinin mülkiyyətinə çevrilmişdi) Nortlit qardaşlarının əlinə keçdi.

Tezliklə ingilis  qəzet bazarında çap orqanlarının rəqibləri arasında  “müharibə” ocağı qızışdı. Harmsvort qardaşları tərəf müqabillərini həm mükafatlandırmışdı, həm də qızışdırmışdı. Mübarizə daha çox oxucuları cəlb etmək uğrunda gedirdi. Burada əsas hədəf qəzetlərin  mənəvi səviyyəsinin aşağı düşməsi, çoxlu sensasion xarakterli informasiyaların çap  edilməsi, boşanma hallarının detalları ilə  təfərrüatına varmaq və seksual niyyətlə adam öldürmə faktları təşkil edirdi. Amma burada sezilməyən və diqqət çəkməyən arzuolunmaz bir məqam da var idi: Qəzetlər arasında gedən savaşın əsas qurbanları ictimaiyyət olurdu…

Müasir  dövrdə “Pressa lord”unun adəti üzrə davamçısı başqa bir kanadalı – II Yelizaveta tərəfindən zadəgan titulu alan və özünə  Tomson of Flit (Londonda eyni adlı  küçə var) adını götürmüş, Roy  Herbert Tomson idi. Lord Tomson  “Tayms” qəzetinin sahibi adlanır. O, həmçinin  İngiltərədə  və başqa ölkələrdə bir sıra çap  məhsullarına nəzarət edir, radio və televiziya stansiyalarına sahibdir. O, Böyük Britaniyada ən varlı adamlardan biri olub. “Lordlar pressi” heç vaxt özlərinin sağ baxışlarını da gizlətməmişlər. Belə ki, Biverbruk icma palatasının üzvü, sonra mühafizəkarlar partiyasından lordlar palatasına üzv seçilmiş, ikinci dünya müharibəsi dövründə  Uinston Çörçillin  kabinetinin tərkibinə daxil idi. Başqaları da Britaniya ali təbəqəsini –cəmiyyətin qaymağını qoruyurdular.

Həm  Biverbruku, həm də  Tomsonu haqlı olaraq  İngiltərədə milyonçuların sahibi kimi tanıyırdılar.

   Bir az da alman  milyonçuları barədə

“Kasıb sehrbaza bənzər. O, hamını, bütün dünyanı görür,  amma onu heç kim görmür”

Qədim hind məsəli.

Başqa ölkələrdə olduğu kimi onlar xarakterinə, mənşəyinə, qabiliyyətlərinə hətta səviyyələrinə görə  müxtəlif adamlardır. Amma, deyilənlərə görə alman milyonçuları müəyyən nöqteyi –nəzərə görə müharibələr arası dövrlərdə oxşardırlar: onlar milli-sosialist hərəkatını maliyyələşdirir, Hitlerin hakimiyyətə gəlişini təmin etməyə çalışır, üçüncü  Reyxin həyata keçirilməsi zamanı onlarla əməkdaşlıq ediblər. Bütünlüklə fakt ondan ibarət idi ki, alman kapitalistləri  tərəddüd etmədən Hitlerə dəstək olmuşdular.

Tarixdən bəllidir ki, 15 yanvar 1919-cu ildə, daha doğrusu alman faşistlərinin  Berlində  Roza Lüksenburqu  və Karl  Libknextin qətlə yetirildiyi günü  Hüqo Stinnes  (milyonçu  “Poladtökmə  tresti”nin əsasını qoymuşdu, ildə 800 milyonluq  gəlirin və 200 min işçinin işlə təmin olunacağı bir sənaye müəssisəsinin şefi) Essendə iri sənayenin müşavirəsində iştirak edirdi. Həmin yığıncaqda Stinnes antibolşevik liqasının əleyhinə  500 milyonluq markanın ayrılacağına səs vermişdi. (Məqsəd bolşevik  hərəkatına qarşı könüllü  dəstələrin formalaşdırılması və onlara qarşı mübarizə üçün nəzərdə tutulurdu).1923-cü ilə qədər  Hüqo Stinnes 2890 zavoddan ibarət 1664 müəssisə alsa da, Hitlerin rəhbərlik etdiyi faşizm hərəkatına fəal qoşula bilmədi. 1924-cü ildə vəfat etdi. Lakin, oğlanları  “layiqincə” onu əvəz edə bildilər, Fürrerin aktiv tərəfdarları kimi  Hitlerin  “Fyolkişer bebbaxter” qəzetini necə lazımdırsa maliyyələşdirə bildilər.

Stinneslərlə  birlikdə həmin vaxt  müharibəyə qədər olan dövr ərzində Almaniyada  ən zəngin  fiqurlardan biri  Frits  Tissen  sayılırdı. Hələ 20-ci illərdə  Tissen  Hitler ilə  sıx əlaqədə  fəaliyyət göstərmişdi. Özünün dediyi kimi  “Fürren” hesabına  milyon markaya qədər pul köçmüşdü. Hitler hakimiyyəti ələ keçirənə qədər, 1932-ci ilin yanvarında  Landsberqdəki  Tissenin  qəsrində keçirilən  gizli müşavirədə  iki qrup nümayəndə – bir tərəfdən  “Fereyniqte  ştalvekke” konserni  təmsil edənlər, digər tərəfdən isə  Hitlerin timsalında  Nasist partiyasının  liderləri iştirak edirdilər (Herrinq və  Rema). İclasın gündəliyi  gələcək Hitler hakimiyyətinin  yaradılmasından ibarət idi.

Hakimiyyəti ələ alan Hitler  Tissenə  fəaliyyətinə görə təşəkkür etmiş, ona Reyxin  iqtisadi  məsələlər üzrə məsul postunu etibar edərək  imperiyanın iqtisadiyyat üzrə komissarı təyin etmişdi. Təyinatdan sonra Tissenə məxsus şaxtalardan, zavod və fabriklərdən ona məktub göndərilmişdi. Məktubda deyilirdi:

     “Siz, bizim  sənaye sahəmiz üçün ali dövlət, təsərrüfat və siyasi nüfuza malik şəxssiniz”…

      Alman publisistləri  məqalələrində qeyd edirlər ki, sonralar Tissen ilə Nasist partiyasının liderləri arasında fikir ayrılıqları, münaqişələr başladı. Bu kapitalistlər  arasında baş verən adi rəqabətə, faizə görə  başlanan adi  müharibəyə  bənzəyirdi.

     Amerikalı publisist “Üçüncü Reyxin  dirçəlməsi və süqutu” adlı məşhur kitabın  müəllifi  Vilyam  Şirrer yazırdı:

“Nyurinberq prossesinin –stenoqramında Hitler hakimiyyətinə qədər ona maliyyə yardımı  ilə dəstək verən milyonçuların adları qeyd edilmişdi”. Məs: Tissenin  bir ildə Hitlerə  etdiyi maliyyə  yardımı 2 milyon marka təşkil edirdi. Müəllifin yazdığına görə göstərilən məbləğ qəsdən azaldılıb.

    Ona görə, belə nəticəyə gəlmək olar ki,  nə qədər  kapitalizm  dünyada hökm sürür milyonçular  və milyardçılar da olacaq. Böyük Karl Marksın yazdığı kimi ifadə etsəm kapitalın tərifi belədir:  “Muzdlu əməyi istismar etmək yolu ilə izafi dəyər gətirən dəyərə kapital deyilir.”  Deməli, iri pullar istismar nəticəsində, oğurluqla toplanır. Halal yolla yox!..

Milyardçılar gələcəkdə öz sələflərini  ötəcəklər. Yəqin ki, trilyonçuları da eşidərik. Bu pullar insanların rifahına sərf olunmayacaqsa deməli, ölü cəsəddən başqa bir şey deyil.

Dünyada varlıların sayı artdıqca köləliyin də sayı artmağa başlayır… Sərvət külək kimi keçicidir. Kim nəyə sahibdirsə, kimi və nəyi çox istəyirsə onu da itirəcək. Həyat belədir, belə görmüşük…  Süleyman peyğəmbərə qalmayan dünya,  kimə qalıb? 

                                                                                                     Şəmsəddin Əliyev
Hüquqşünas, publisist

Hamısını Göstər

Related Articles

Back to top button
Close