Mobil cihazlar POS-terminal anlayışına daxil edilir

Mobil cihazların POS-terminal anlayışına daxil edilməsi “Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsində nəzərdə tutulan yeniliklərdəndir.
Polise.az xəbər verir ki bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.
Təklif olunan redaksiyaya əsasən, POS-terminal nağdsız ödənişlərin, o cümlədən təmassız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulan avadanlıq olmaqla yanaşı, müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil cihazları da əhatə edəcək.
Layihədə mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində xidmət alan və ya xidmət almağa yararlı olan telefon aparatları və digər son avadanlıqlar ayrıca qeyd edilir.
Bununla yanaşı, qanun layihəsi elektron ticarət çərçivəsində ödəniş üsulları barədə məlumatların təqdim edilməsinin yenilənməsini və nağdsız ödənişlərin ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
Təkliflər elektron ticarətdə tətbiq edilən ödəniş vasitələrinin qanunvericilikdə daha geniş əhatə olunmasına xidmət edir.
Polise.az



