Moskva görüşü ertələnir(mi)?
Belə görünür ki, üçtərəfli görüşün noyabrın birinci ongünlüyündə ola biləcəyi haqda məlumatları İrəvan mediaya qəsdən və ya vaxtından əvvəl sızdırıb
“Azərbaycan və Ermənistan liderlərinin görüşmək planları barədə bizdə heç bir məlumat yoxdur”. Ermənistan baş nazirinin Aparat rəhbəri Arayik Arutyunyan belə deyib. O qeyd edib ki, məsələ ilə bağlı Ermənistan XİN açıqlama yayıb və onun bu sözlərə heç bir əlavəsi yoxdur.
“Hazırda müxtəlif formatlarda sərhəd məsələsi və kommunikasiyaların açılması ilə bağlı mövzular müzakirə olunur. Lakin bu görüşlə bağlı konkret qərar yoxdur və müzakirə də olunmur”. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da deyib ki, “Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi təqdirdə iki ölkənin müvafiq mətbuat xidmətləri Rusiyaya da məlumat verəcək”.
Belə görünür ki, üçtərəfli görüşün noyabrın birinci ongünlüyündə ola biləcəyi haqda məlumatları İrəvan mediaya qəsdən və ya vaxtından əvvəl sızdırıb. Bununla həm daxili ictimai rəyi, həm Azərbaycanın gözlənilən sənədlərinin imzalanmasına reaksiyasını öyrənmək istəyib. Yəni bəlkə də Moskva görüşü, ümumiyyətlə, yaxın günlərdə olmaya da bilər.
Rusiyada, xüsusilə Moskvada koronavirusla bağlı vəziyyət kritikdir və “korona tətilinin” noyabrın 7-dən sonra da uzadılacağı gözləniləndir. Putinin dövlət rəsmiləri ilə videogörüntülü görüşməyə üstünlük verdiyi bu günlərdə iki ölkə rəhbərliyini masa arxasına toplaması bəlkə də qəribə görünə bilər. Görüşün deyilən vaxt baş tuta bilməyəcəyini göstərən daha bir ipucu da var. Məlumdur ki, bir neçə gün əvvəl bu ilin 11 yanvarında imzalanmış sənədə əsasən, yaradılmış üçtərəfli İşçi Qrupu uzun fasilədən sonra bir araya gəldi, amma heç bir qərara gəlmədən də dağılışdı. Kommunikasiyalarla bağlı razılaşmalar isə ilkin olaraq İşçi Qrupunda razılaşdırılmalıdır. Razılıq yoxdursa, demək, sərhədlərin demarkasiyası və delimitasiyası, eləcə də Zəngəzur nəqliyyat dəhlizinin həllinə ciddi maneələr yenə qalır… Danışıqlar baş tutmasa, gözlənilən sənəd imzalanmasa, bundan sonra nə olacaq? Ermənistan müxalifətin hərəkətliliyini və “daxili vəziyyəti” bəhanə edərək Moskva görüşündən yayınmaqla vaxt udmaqmı istəyir?

Oqtay Qasımov
Siyasi şərhçi Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, bir müddət əvvəl mətbuatda gedən və Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən təsdiq olunmayan məlumatlarda əsasən noyabrın birinci on günlüyündə Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəzərdə tutulduğu qeyd olunurdu. Bu məlumatlar Rusiya prezidentinin mətbuat katibi və Ermənistan XİN tərəfindən inkar olunmasa da təsdiq də edilmədi. Bu, daha çox o anlama gəlirdi ki, ola bilsin bu məlumat qəsdən media vasitəsilə sızdırılıb və hər iki ölkədə cəmiyyətin reaksiyalarını öyrənmək məqsədi güdülüb. Təbii ki, Azərbaycan cəmiyyətinin bu məsələ ilə bağlı mövqeyi birmənalıdır: “Azərbaycan rəsmi səviyyədə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin həll olunmasını, o cümlədən kommunikasiyaların açılması məsələsinin həllini tapmasını istəyir. Bu xəbərlər yayılandan sonra Rusiya prezidentinin Valday toplantısında çıxışında da Azərbaycan və Ermənistan arasında məsələlərin həllində iki məqama xüsusi vurğu edildi. Putin həm kommunikasiyaların, həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni, həmçinin sərhədlərin müəyyənləşməsi məsələsini qaldırdı. Bütün bunlar belə ehtimallar yaratdı ki, görünür, yaxın vaxtlarda üçtərəfli görüşün keçirilməsi və hansısa sənədin imzalanması üçün razılaşma əldə olunub. Bundan sonra Ermənistan müxalifəti hakimiyyətə qarşı böyük etiraz aksiyaları keçirilməsi qərarını verdi, bəyan edildi ki, noyabrın birinci ongünlüyündə müxalifətin mübarizəsi parlamentdən meydanlara keçir. Robert Köçəryan və digər revanşist Qarabağ klanına aid qüvvələrin birləşdiyi müxalifət belə bir bəyanat verdi.
Rusiyada pandemiyanın kəskinləşməsi və Rusiya prezidentinin onlayn təmaslara keçməsi onu göstərir ki, üçtərəfli görüşün keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti tam əks etdirmir. Ola bilsin ki, bu görüş nə zamansa nəzərdə tutulur. Amma yaxın dövrdə, yaxud mətbuatda elan olunan müddətdə belə bir görüş keçirilməyəcək. Bu, həm də daha çox Ermənistandakı daxili siyasi vəziyyətlə bağlıdır”.
O.Qasımov hesab edir ki, Ermənistan əslində 2020-ci il 10 noyabr kapitulyasiyasından sonra savaşda itirdiklərinin müəyyən hissəsini danışıqlar masasında geri qaytarmağa çalışır. Bunun üçün də mümkün qədər vaxtın uzanmasına, Ermənistanı dəstəkləyən digər qüvvələrin də prosesə cəlb olunmasına nail olmaq istəyir.
Ekspertin fikrincə, bütün bunlara rəğmən Ermənistanın bu prosesi istədiyi qədər uzatması mümkün olmayacaq: “Rusiya tərəfindən konkret məsələ qoyulub ki, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həllini tapmalıdır, kommunikasiyalar açılmalıdır. Ən azından mətbuatda bu məlumatlar gedib. Yəni Rusiyanın qəti mövqeyi olacaqsa Ermənistanın prosesi süründürməçiliyə istiqamətləndirməsi alınmayacaq. Burada məsələnin necə sonuclanması Rusiyanın mövqeyindən asılı olacaq. Rusiya israrlı olacaqsa, Ermənistan bu iradə ilə hesablaşmalı olacaq. Yaxın zamanlarda Ermənistanda müxalifətin keçirəcəyi aksiyaların da necə alınması proseslərə təsirini göstərəcək. Müxalifət çoxsaylı insan kütləsini meydana çıxara biləcəksə, Ermənistan hakimiyyətinin də əlinə zamanı uzatmaq üçün bəhanə düşə bilər. Əgər müxalifətin aksiyasında kütləvilik olmasa, hakimiyyətin real addımlar atmaq imkanları artacaq. İmitasiya xarakterli danışıqlar siyasətini yenidən yürütməyin Ermənistana yenə ziyan gətirəcəyini İrəvan anlamalıdır”.

Azad Məsiyev
Siyasi şərhçi Azad Məsiyev isə bildirdi ki, Ermənistanla Azərbaycan arasında daimi sülhün yaranması üçün sülh müqaviləsinin imzalanmasına ehtiyac var: “Sülh müqaviləsi isə 10 noyabr üçtərəfli bəyanatdakı bütün tələblərin yerinə yetirilməsindən sonra reallaşa bilər. Ermənistan tərəfindən həmin müddəalar tam olaraq həyata keçirilməyibsə, sülh sazişinin imzalanması mümkün olmaz. Ermənistan sülh sazişinin imzalanmaması üçün 10 noyabr üçtərəfli bəyanatının konkret maddələrini həyata keçirməyi yubadır. Bunun da arxasında Nikol Paşinyanı hakimiyyətə gətirən Qərb, konkret olaraq ABŞ dayanır. Qərb qəbul edə bilmir ki, Cənubi Qafqazda sülhün yaranmasının təşəbbüskarı Rusiya olsun. Böyük sülh sazişinin imzalanmasından Ermənistan müxtəlif bəhanələrlə uzaqlaşır. Ermənistan mümkün qədər vaxt udmaq istəyir. Ona görə də Rusiyanın İrəvana daha sərt şəkildə təzyiq göstərməsi zərurəti yaranıb”.